
Özbəkistanda seçkilər başa çatdı və İslam Kərimov yenidən ölkənin prezidenti seçildi. Yerli Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin 90.39 faizi İ.Kərimova səs verib.
Seçkinin rəsmi nəticələri gələn həftənin əvvəlində açıqlanacaq. Lakin yerli qanunvericiliyə görə, İ.Kərimovun yığdığı səslərin faizi onun qələbə qazandığını elan etməyə əsas verir. İ.Kərimov Liberal Demokrat Partiyasının namizədi idi. Ondan başqa daha üç nəfər – Milli Demokrat Partiyasından Xatamjon Ketmonov, Milli Dirçəliş Partiyasından Akmal Saidov, Sosial Demokrat Partiyasından Narimon Umarov prezidentliyə namizəd olmuşdu.
«Exit-poll» zamanı ölkə əhalisinin 60 faizindən çoxu Özbəkistanı 26 ildir idarə edən 77 yaşlı İslam Kərimovu dəstəkləmişdi. Ötən prezident seçkilərində İ.Kərimov səslərin 88.1 faizini qazanmışdı.
İ.Kərimovu ilk təbrik edən Rusiya prezidenti Vladimir Putin olub. Putin Rusiya-Özbəkistan münasibətlərinin möhkəmlənməsində İslam Kərimovun rolunun böyük olduğunu qeyd edərək iki ölkə arasındakı yaxın əlaqələrin bundan sonra da davam edəcəyinə ümid etdiyini bildirib.
Gültəkin