Avropa Məhkəməsi Murad Ədilovun şikayətini icraata götürüb

Siyasi məhbus Murad Ədilovun haqqında seçilmiş həbs-qətimkan tədbirilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə edilən şikayət icraata götürülüb. Bu haqda məlumat, Murad Ədilovun vəkili Yalçın İmanova rəsmi məktubla göndərilib. Sabirabad rayonu Xəlfəli kənd sakini, AXCP üzvü Murad Ədilov avqustun 11-də saxlanılıb. Elə həmin gün evlərində axtarış aparılıb və O, narkotik maddə saxlamaqda ittiham edilir. Avqustun 13-də Nərimanov rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qərarı çıxarıb. Həbs-qətimkan tədbiri seçilənə qədər və ondan iki gün sonrayadək o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz olaraq saxlanılıb. Bu müddətdə, eləcə də məhkəməyə çıxarkən ona öz vəkilləri ilə təmas yaratmağa imkan verilməyib. Bunun əsas səbəbi Muradın üzərində olan işgəncə izlərinin it-bata salınması olub. Saxlanılarkən öz iradəsi əleyhinə ifadə almaq üçün Murad Ədilova şiddətli mənəvi və fiziki işgəncələr verilsə də o saxta ittiham və izahata imza atmaqdan imtina edib. Murad Ədilovun pis rəftara məruz qalması ilə bağlı da daha bir şikayət Avropa Məhkəməsinə hazırlanır. Keçən il Murad Ədilov Azərbaycandakı siyasi məhbuslarla birgə Saxarov mükafatına layiq bilinib.

azadliq.info