Şikayət etdi, həbs olundu; Camaat etiraza qalxdı – Kürdəmirdə

Kürdəmir rayonunda yerli sakinlər piket keçiriblər. Narazılığa səbəb yerli sakinlərdən birinin həbs edilməsidir.

BİR NƏFƏR 5 SUTKA HƏBS ALIB

Yerli sakinlərin Facebook-da yaydığı videomüraciətlərdə deyilir ki, həmin şəxs Kürdəmir rayonunda mövcud olan vəziyyətdən Bakıdakı dövlət orqanlarına şikayət etdiyi görə həbs olunub:

«Kürdəmirdə özbaşınalıq baş alıb gedir. Bu barədə prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevaya şikayət məktubu yazdığımıza görə bizə təzyiqlər göstərilir. Aramızdan bir nəfəri – Nəbiyev Əlvanın polisləri qeyri-qanunu üzünə durdurub 5 sutka həbs ediblər».

Rayon rəhbərliyinin bu addımı Kürdəmir sakinləri arasında ciddi narazılıq yaradıb. Nəticədə təxminən 60-70 nəfərlik bir narazı qrup Kürdəmir rayon məhkəməsinin qarşısında piket keçirib və Kürdəmirdəki vəziyyətdən Bakıdakı mərkəzi dövlət orqanlarına şikayət etdiyinə görə həbs olunmuş həmin şəxsin azad olunması tələb edilib.  

“ELƏDİKLƏRİNİ ELƏYİRLƏR”

Youtube-da yayılmış başqa bir videomüraciətdə həm də rayondakı bəzi problemlər, təmirsiz, su və palçıqdan keçilməsi mümkünsüz olan yollar işıqlandırılır. Bu videomüraciətdə də bölgədəki məmur özbaşnalığından şikayət olunur:

«Məmur özbaşnalığından şikayət edən hər bir kəsə qarşı burada haqsızlıq edilir. Burdakı özbaşnalıqla bağlı neçə teleqraf vurmuşuq, amma heç bir xeyri yoxdur, elədiklərini eləyirlər. Xalq özünü öldürməklə, yandırmaqla hədələyir».

Baş verənlərlə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətindən mövqe öyrənmək hələ ki, mümkün olmayıb. Etiraz aksiyası, Elvan Nəbiyevin həbsi və rayondakı problemlərlə bağlı əlavə informasiya əldə etdikcə, saytımıza yerləşdiriləcək (azadliq.org)