
Yəməndə uzun müddətdən bəri davam edən gərginlik bir neçə gün əvvəl bir az da alovlanıb. Paytaxt Sənanı nəzarətə götürən üsyançılar ayrı-ayrı şəhərlərdə yüzlərlə insanın ölümünə səbəb olan teraktlar həyata keçiriblər. Bu olaydan dərhal sonra ABŞ Yəməndəki bütün personalını geri çağırıb. Britaniya isə əsgərlərinə təcili bu ölkəni tərk etmək göstərişi verib.
Martın 26-na keçən gecə Səudiyyə Ərəbistanı və daha 9 ölkə – Küveyt, Bəhreyn, BƏƏ, Qatar, Misir, Iordaniya, Sudan, Mərakeş və Pakistan Yəməndə baş qaldıran şiə üsyanına (Husi silahlıları) qarşı əməliyyatlarda iştrakını elan edib. Səudiyyənin Vaşinqtondakı səfiri bəyan edib ki, məqsəd, Yəmən prezidenti Abd-Rabbu Mansour Hadinin qanuni hökumətini qorumaq və müdafiə etməkdir. Bu arada, uzun müddətdən bəri harada olduğu dəqiq bilinməyən Yəmən prezidentinin dünən Omana gəldiyi bildirilir.
100 təyyarə, 150 min əsgər…
Beləliklə, dünən səhər saatlarından etibarən Səudiyyə Ərəbistanı və Körfəz müttəfiqləri Husi silahlılarına hava zərbələri endirməyə başlayıb. Məlumatlara görə, Səudiyyə Ərəbistanı hərbi əməliyyatlara 100 hərbi təyyarə və 150 min əsgər ayırıb. Misir rəhbərliyi isə müttəfiq ərəb ölkələrinə dəstək məqsədilə Yəmənə döyüş gəmiləri göndərib. Süveyş kanalının rəsmisi Misir hərbi gəmilərinin kanaldan keçərək Ədən körfəzinə doğru yola çıxdığını bildirib.
Öz növbəsində, Ağ ev də Ərəb Körfəz Əməkdaşlıq Şurasının apardığı əməliyyatı dəstəkləyən bəyanat yayıb. Prezident Barak Obama isə maddi-texniki və kəşfiyyat dəstəyinə razılıq verdiyini açıqlayıb.
ABŞ Dövlət Departamentindəki mənbə bildirib ki, dövlət katibi Con Kerri Fars körfəzinin XIN rəhbəri ilə telefon əlaqəsi saxlayıb. Söhbət zamanı Kerri məlum əməliyyata ABŞ-ın dəstəyini ifadə edib.
Üsyançıların lideri öldürüldü
Səudiyyə və Körfəz müttəfiqlərinin Yəmənə endirdiyi hava zərbələri nəticəsində Husilərin lideri Əbdülməlik Əl-Hüseynin evi yerlə-yeksan edilib. Misirin “Şərq El-Avsat” qəzetinin verdiyi xəbərdə isə evə endirilən hava zərbələri nəticəsində Husi liderinin öldüyüÿdə iddia olunur.
Səna aeroportu və Yəmən hərbi bazasının atəşə tutulması nəticəsində Husilərə komandanlıq edən bir neçə zabit də həlak olub. Bunlardan Əbdül Xaliq əl-Xuti, Yusefa əl-Madani və Yusselya əl-Fişi kimi komandirlərin ölümü artıq təsdiqini tapıb.
Səudiyyə və Türkiyə Iranı günahlandırır
Səudiyyə Ərəbistanı baş verənlərin arxasında rəsmi Tehranın olduğunu iddia edərək ölkədə Irana aid təşkilatların hamısını bağladıqlarını elan edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Yəməndə baş verənlərdə Iranı günahlandırıb və ərəb ölkələrinin başlatdığı hərbi əməliyyata dəstəyini ifadə edib: “Iran və terrorçu qruplar Yəməndən çəkilməlidir”.
Ərdoğan həmçinin Türkiyənin Yəməndə Husilərə qarşı başladılan əməliyyata logistik dəstək verəcəyini də qeyd edib.ÿ
Türkiyə Xarici Işlər Nazirliyindən isə baş verənlərlə bağlı bəyanat gəlib: “Səudiyyə Ərəbistanı bizi əməliyyatlarla bağlı məlumatlandırıb. Bu əməliyyat Yəmən prezidentinin xahişi ilə həyata keçirilir. Biz bu hərbi əməliyyatı dəstəkləyirik. Əminik ki, bu əməliyyatlar Yəməndə xaosun və vətəndaş müharibəsinin qarşısını alacaq”. Türkiyə XIN həmçinin Husiləri və onların xaricdəki müttəfiqlərini beynəlxalq təhlükəsizliyə hədə olan bu qarşıdurmadan geri çəkilməyə çağırıb.
Oxşar bəyanatla Britaniya Xarici Işlər Nazirliyi çıxış edib: “Britaniya Səudiyyə Ərəbistanının təşəbbüsünü dəstəkləyir. Amma hesab edir ki, münaqişə siyasi yolla həll edilməlidir”.
Baş verənlərə Irandan da reaksiya gəlib. Yəməndəki hərbi əməliyyatların təcili dayandırılmasını tələb edən Iran Xarici işlər naziri Cavad Zərif bildirib ki, üsyançılara qarşı həyata keçirilən hava hücumu təhlükəli addımdır və Yəməndəki vəziyyəti bir az da gərginləşdirəcək.