
«Foreign Policy Journal» Əliyev hakimiyyətinin repressiyalarla Azərbaycanın beynəlxalq imicini korlamasından yazır
ABŞ-ın nüfuzlu nəşrlərindən olan “Foreign Policy Journal” Azərbaycandakı repressiyalar və bunun ölkənin beynəlxalq nüfuzuna təsirindən bəhs edən geniş məqalə yayımlayıb. “Azərbaycan beynəlxalq imicini korlayır: Əliyev hakimiyyəti üçün bunun əhəmiyyəti varmı?” başlıqlı məqalədə müəllif (Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Ələkbər Raufoğlu) yazır ki, Azərbaycan hakimiyyəti müstəqil jurnalistlərə qarşı repressiyalarla özünün avtoritar mahiyyətini Qərbin geniş auditoriyasına nümayiş etdirmiş oldu.
Məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycan öz vətəndaşlarının əsas hüquq və azadlıqlarını pozduğu, demokratik dəyərləri inkar etdiyi halda, özünü başqa dövlətlərə qonaqpərvər ölkə kimi təqdim edir.
Ilham Əliyev hökuməti Qərbdəki imicinin qayğısına qalırmı? Bu yaxınlara qədər belə təəssürat yaranırdı ki, bəli, Qərbdəki imici onun üçün əhəmiyyətlidir. Xəzərin sahilində yerləşən bu zəngin neft ölkəsi uzun illərdir ki, bir sıra beynəlxalq tədbirlər keçirməklə öz imicini sahmana salmağa çalışır. Bu məqsədlə keçirilmiş tədbirlərə misal olaraq, “Eurovision” musiqi yarışmasını, Qlobal Internet Forumu, ATƏT Parlament Assambleyasının sammitini, Birinci Avropa Oyunlarını göstərmək olar. Əliyev və komandası həmçinin ABŞ və Avropa ölkələrində imicini yaxşılaşdırmaq məqsədilə lobbi fəaliyyətinə kifayət qədər böyük pullar xərcləyir. Bununla belə, Azərbaycan hakimiyyətinin son addımları, o cümlədən bir sıra yerli və Qərb təşkilatları ilə “haqq-hesab” çəkmək cəhdi, medianın fəaliyyətini məhdudlaşdırması ölkənin beynəlxalq imicinə çox mənfi təsir göstərib. Bu fikirdə olan analitiklər hesab edir ki, ölkədə baş verən son olaylar eyni zamanda, buradakı işgüzar atmosfer haqda pis təəssürat yaradır.
Azərbaycan rəsmiləri: “Niyə biz?”
“Biz niyə xarici medianın hədəfindəyik? Bu ona görədir ki, ABŞ-ın müttəfiqi olmaq istəyirik?”, – deyə Azərbaycan hökumətinin emissarları, parlamentin beynəlxalq əlaqələr komitəsinin əsas üzvləri Səməd Seyidov və Asim Mollazadə ötən ayın əvvəlində Vaşinqtonda auditoriya müraciət edib.
Seyidov çıxışında bildirib ki, iki ölkə arasında münasibətlərdə bəzən Azərbaycanda insan haqları ilə bağlı az əhəmiyyətli məsələlərə görə problem yaranır. “Bu da Azərbaycanın Avropa və ABŞ-la daha sıx münasibət qurmaq cəhdlərinə mənfi təsir göstərir”, – deyə Asim Mollazadə əlavə edib.
Azərbaycan məmurlarından fərqli olaraq, Qərbdə bir çoxları hesab edir ki, insan haqlarının müdafiəsi, o cümlədən ifadə azadlığı, medianın araşdırma aparmaq, faktlar barədə cəmiyyəti məlumatlardırmaq azadlığı demokratiyanın əsas şərtləridir. Bunların olmaması korrupsiya və avtoritarizmə gətirib çıxarır.
Vaxtilə Azərbaycan öz qapılarını Qərbin üzünə açmışdı. Keçmiş KQB generalı, Azərbaycanda kommunist erasının lideri olmuş Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdıb, yenidən dövlətə rəhbərlik etməyə başlayandan sonra ölkənin neft-qaz sənayesinin sürətli inkişafına gətirib çıxara biləcək addımlar atdı. O, Qərbin aparıcı biznes strukturları və vətəndaş cəmiyyəti təşkilatlarını Bakıya dəvət etdi, onları yerli adamları işə götürməyə çağırdı, Kütləvi Informasiya Vasitələri üzərində senzuranı ləğv elədi.
Lakin oğlu Ilham Əliyevin hakimiyyəti dövründə hər şey dəyişdi. O, Qərbyönümlü vətəndaş cəmiyyəti və medianı diz çökdürdü.
Böyük Əliyev vaxtilə medianı “cəmiyyətin güzgüsü” adlandırırdı. Lakin oğlunun hakimiyyəti dövründə bu güzgü azərbaycanlılardan alındı. Onun mediası ancaq əyləncə məqsədi daşıyır, qalmaqallı şoular, xəbərlər və filmlərdən ibarət olur. Ilham Əliyev atasından fərqli olaraq, dövlət televiziyasından tərəfdarlarını səfərbər etmək üçün yox, əhalini sakitləşdirmək və diqqəti problemlərdən yayındırmaq məqsədilə yararlanmağa çalışır.
Repressiyalar…
Azərbaycanda jurnalistlərin, hüquq müdafiəçilərinin həbsi öu ölkədəki genişmiqyaslı repressiyaların tərkib hissəsidir. Bu eyni zamanda, 2013-cü ilin prezident seçkilərilə bağlı Qərbin tənqidlərinə ilk imkandaca verilən cavabdır.
Seçki başa çatandan və Əliyev üçüncü dövr prezidentlik üçün qələbəsini bəyan edəndən dərhal sonra vaxt itirmədən vətəndaş cəmiyyətinə, xüsusən seçki prosesinin müşahidəsində iştirak edənlərə qarşı repressiyalara başlamaq barədə göstəriş verdi.
Azərbaycanda seçkilərin monitorinqilə məşğul olan ən etibarlı təşkilatlardan birinin rəhbəri olan Anar Məmmədlinin həbsi, rəsmi Bakı tərəfindən Qərb institutlarının ünvanına səslənən ittihamlardan sonra Azərbaycanda vəziyyətin pisləşməsilə əlaqədar Qərbin bir sıra aparıcı simaları dərin narahatlığını ifadə etsə də, baş verənlər Əliyev hakimiyyətinin beynəlxalq nüfuzuna dərhal təsir göstərməmişdi.
Əliyev yerli və xarici tənqidləri lobbi siyasəti vasitəsilə neytrallaşdırmağa çalışır. Onun lobbi fəaliyyəti isə özünün və atasının siyasi nailiyyətlərini qabartmaqdan ibarətdir. Əliyev ötən ilin yayında repressiyalar məsələsində həddindən artıq uzağa gedəndən sonra Azərbaycanda baş verənlər beynəlxalq ictimaiyyətin diqqətindən yayınmadı. Bu ölkədə onlarla hüquq müdafiəçisi, tənqidçi fəallar, jurnalistlər “ölkədə stabilliyi pozmaq” bəhanəsilə həbsxanaya göndərildi. QHT-lər və tənqidçi media orqanları davamlı siyasi təqiblərin hədəfinə çevrildi. Onların bir çoxu vergi sanksiyalarıyla cəzalandırıldı. Tənqidçi səslər, araşdırmaçı jurnalistlər, o cümlədən Xədicə Ismayılova və digərləri yüksək vəzifəli şəxslər tərəfindən açıq şəkildə sərt ittihamlara məruz qaldı.
Jurnalistlər Rauf Mirqədirov, Seymur Həzi, Xədicə Ismayılova və digərlərinin həbsi Azərbaycanda vətəndaş cəmiyyətinin durumu və media azadlığına beynəlxalq diqqəti əhəmiyyətli dərəcədə artırdı.
Bununla belə, Xədicə Ismayılovanın həbsinə qədər Əliyev hökuməti üçün mediaya qarşı repressiyaları həyata keçirmək daha asan idi. Lakin Xədicənin həbsindən sonra ölkədə çoxları həyəcan təbili çalmağa başladı.
Sözsüz ki, hakimiyyət bu məsələdə həm də Dağlıq Qarabağ münaqişəsindən yararlanmağa çalışır. Fərqli fikirlilərə qarşı bu üsuldan istifadə edərkən onu senzura yox, “milli təhlükəsizliyə qarşı təhlükəyə layiqli cavab” kimi qələmə verir.
Ötən ilin dekabrında dövlət orqanları “Azadlıq” radiosunun Bakı ofisində axtarış apardı. Radionun bütün əməkdaşları dindirməyə cəlb olundu, ofisdəki kompüterlər və digər avadanlıqlar götürüldü. Əməkdaşların bəziləri, hətta hüquqi nümayəndə ilə iştiraka imkan verilmədən, evlərindən gecə paltarında istintaqa aparıldı.
Müstəqil jurnalistlərə, fəallara qarşı repressiyalar Azərbaycan hakimiyyətinin ölkədə inkişaf barədə dediklərini alt-üst elədi. Baş verənlər Qərbdə daha geniş auditoriyaya Azərbaycan hakimiyyətin avtoritar mahiyyətini açıb göstərmiş oldu. Eyni zamanda, Azərbaycan hökumətinin avtoritarizmi daha da gücləndirməsilə nəticələndi.