Türkiyədə Baş nazirin müavini Bülent Arınç prezident Recep Tayyip Erdoğan-a deyib ki, özünün «emosional baxışları olmadan» hökumətin siyasətini aparmasına imkan versin. «The Guardian» yazır ki, kürd yaraqlılarla silahlı mübarizəyə son vermək üçün sülh prosesi ilə bağlı hökumətlə prezident arasında görünməmiş fikir ayrılığı yaranıb.
Bazar günü Erdoğanpərəst qəzetlər prezidentin bir fikrini dərc edib. Erdoğan deyib ki, üç həftə öncə hökumətlə kürdyönümlü deputatlar arasındakı görüş «məqsədəuyğun» olmayıb. Erdoğan 2014-cü ilin avqustunda prezident postuna əyləşəndən bəri, bu, ən böyük mübahisə sayılır. Təhlilçilər isə onunla özünün seçdiyi baş nazir Ahmet Davutoğlu arasında da gərginliyin artdığını deyirlər.
«Onun «Mən bunu xoşlamadım» və ya «Bundan məmnun deyiləm» tipli bəyanatları emosionaldır və öz fikirləridir», – baş nazirin müavini Bülent Arınç deyib. «Sülh prosesini hökumət aparır və hökumət bu məsələyə görə məsuliyyət daşıyır», – Arınç sözlərinə əlavə edib.
Müstəqil T24 xəbər saytı yazıb ki, bu mübahisə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 12 illik idarəçiliyi dövründə ən ciddi daxili böhrana çevrilib. Erdoğan Arınç-in dediklərinə belə reaksiya verib: «Mən hər bir məsələdə adamlarımla məsləhətləşirəm. Prezident mənəm».
«Biz prezidentimizi sevirik, onun gücünə bələdik, onun xidmətlərini qiymətləndiririk. Ancaq unutmayın ki, bu ölkədə hökumət də var», – Arınç söyləyib.
Mübahisə niyə yaranıb? Hökumət PKK ilə münaqişəyə son verəcək prosesə nəzarət üçün monitorinq komitəsi yaratmağı planlaşdırır. Erdoğan bu ideyaya qarşıdır və bildirir ki, məsələ ilə Türkiyə Milli Təhlükəsizlik Şurası (MİT) məşğul olmalıdır.
«The Guardian» yazır ki, bəzi təhlilçilərin Erdoğan-ın kuklası saydığı, keçmiş xarici işlər naziri Davutoğlu da baş nazir profilində fərqlənmək istəyir deyəsən. Şənbə günü İstanbulda böyük bir kütlə qarşısında çıxışında deyib ki, sülh prosesi getdiyi bir vaxtda «nifrət mədəniyyətini də torpağa gömmək zamanı çatıb».


