Ulusa bağlı bütün yaradılanlar Azərbaycana sevgidən doğmalıdır!

«Milli Atlas»la bağlı alim düşüncələri

 
Yadigar Türkel, fəlsəfə üzrə elmlər doktoru
 
“Milli Atlas”da birləşmiş Türkiyə-Azərbaycan Ordusu yox, Azərbaycan-Türkiyə Ordusu yazılmalı idi. Politikanın incəliklərini yaxşı bilən Məhəmməd Əmin Rəsulzadə Istanbuldan baş Bakan Fətəli Xan Xoyskiyə Bakını Azərbaycan Ordusunun tutmasını, Osmanlı qoşunları tutarsa, uluslararası hüquqda yaxşı qarşılanmayıb, istənməyən olaylar yarada biləcəyini bildirirdi. Buna da uyuldu, Bakını – Azərbaycanın başkəndini qardaş Türkiyənin Qafqaz Islam Ordusunun yardımı ilə Azərbaycan-Türkiyə Ordusu tutdu. “Milli Atlas”ı yazanlarsa bunu bilmədiklərindən birləşmiş Türkiyə-Azərbaycan Ordusu yazıblar. 
 
Başlanğıcı ötən saylarımızda
 
“Milli Atlas”da Paris Barış Konfransının Azərbaycan Respublikasının bağımsızlığını 1920-ci ilin yanvarında tanıdığı yazılsa da, yazanlar istəməzlik duyğusunda dolaşdıqlarından ayın 11-ni unudublar.
Azərbaycan Respublikasının ərazisinin 86,6 min km2 olduğu yazılan yerdə onun topraqlarının yüzdə iyirmisinin Ermənistan Respublikasının tutduğunu gözə çarpdırmaq başqalarının, eləcə də öz yurddaşlarımızın bilincinə yeritmək baxımından yaxşı olardı. 
Tarix bölümünü yazanların Xəzərləri çağdaş Azərbaycan türkləri saymamaları çox düşündürücüdür.
Azərbaycan anlayışının Atropatakandan, Atropatendən, Aturpatkandan gəldiyini yazıb duranlara Məhəmməd Əmin Rəsulzadənin bu yöndə yazdıqlarını oxumalarını istərdik. 
Özbək türklərinin Şeybanilər dövlətinin “Ərəb dövləti” olmasını yazanlardan açıqlama istəyəcəklərini düşünürük.
387-ci səhifədə “Bizim tariximizin qədim yazılı abidəsi olan əfsanəvi ”Dədə Qorqud" dastanında digər tək mübarizəli formaları, atçapma üzrə yarışlar təsvir olunmuşdur" cümləsi yazılıb. Burada ola bilsin yarış – idman sözü buraxılıb, ancaq ömrümün 40 ilini idmanda keçirsəm də təkmübarizəliliyin nə olduğunu anlamadım. 
“Dədə Qorqud” “əfsanəvi” niyə olur?! Bilimdə söyləncələr ulusların gerçək tarixinin bədiiləşdirilmiş yazısıtək alqılanır. “Dədə Qorqud” da Türklərin gerçək tarixinin ən böyük bitiyi, ən böyük kültür anıtıdır! 
“Milli Atlas”da Azərbaycanın politik kültüründən danışarkən rusca yayımlanan, özgürdüşüncəliyinə görə 2014-cü ildə bağlanan “Zerkalo” qəzetinin adı çəkilir, 1989-cu il dekabrın 24-dən çıxan, Azərbaycanın politika, dövlətçilik, demokratiya, jurnalistika tarixində önəmli yeri olan “Azadlıq” qəzetinin adı çəkilmir, “Müsavat” da elə. “Ədalət” nə qəzetdir, Azərbaycan tarixinə soxursunuz?!
Belə tarixi bitiklərin mətnində çox ara bilimlə kültür bir yerdə yazılır. “Milli Atlas”da isə acı da olsa bilimə yer ayrılmamış, ancaq mədəniyət adlı, daha yaxşı yazılmalı bir bölmə verilmişdir. Bu, Azərbaycan Respublikasının politiklərinin, yönəticilərinin bilimə aşağılayıcı baxışının göstəricisidir. Görünür, onlara bilim yox, bilimdən danışıqlar, multikulturalogiya göstəriləri gərəkdir.
Azərbaycan musiqisindən danışarkən təkcə Üzeyir bəy, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyovun adını çəkmək düzgün deyildir. Dünya uluslarından heç kimin Azərbaycan türklərinin musiqisitək gözəl, böyük musiqisi yoxdur! Buna görə də yuxarıdakı sıraya ən azı Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cahangir Cahangirov, Sultan Hacıbəyov, Tofiq Quliyev, Zakir Bağırov, Rauf Hacıyev, Cövdət Hacıyev, Arif Məlikov, Şəfiqə Axundova, Cabbar Qaryağdı, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov, Lütfiyar Imanov, Müslüm Maqomayev Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Zeynəb Xanlarova, Flora Kərimovanın adı yazılmalı, Azərbaycan müğamının, Aşıq sənətinin bənzərsizliyi, taysızlığı göstərilməli, ulusal düşüncənin yaşadılmasındakı önəmindən danışılmalı idi. Ancaq nə etməli, yazılmayıb-göstərilməyib! Bu, ayrı-ayrı bilimçilərin yazdığı bölümləri bir mətndə birləşdirmək, əritmək bacarıqsızlığındandır!
“Təsviri sənət” bölməsini daha tutumlu yazmaq, Azərbaycanın bu yöndə olan böyük kültür yatırından yetərincə bilgi vermək olardı.
Sənaye xəritəsində Azərbaycanın bir sıra kəndlərinin adının altında 1913-cü ildə, Rus çağındakı Rus adlarının verilməsi bilgi ötürmək baxımından yaxşıdır – Sabirabad (Petropavlovskoye), Şirvan (Zubovskaya), Göytəpə (Prişib), Füzuli (Qaryagin)…
Azərbaycanın çağdaş aydınlarının ən böyük çatışmazlıqlarından biri politik, ideoloji yazı yaza, danışa bilməməyidir. Azərbaycan Respublikasının Dış Işləri bakanı danışanda istəyirsən yer yarılsın yerə girəsən. Bu, öncə Rusiya Imperiyası, sonra da SSRI dönəmindəki yasaqlamadan yaranmış özəllikdir. Azərbaycan türkləri politik, ələşdirici baxışlarını ancaq gülməli yollarla, sözaltı yaza bilirdilər. Bu yol Mirzə Cəlili, Sabiri, Ömər Faiqi… yetirsə də politik düşüncədə boşluq yaratmışdır.
Azərbaycanda ən yaxşı politik publisistikanı ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə yaratmışdır! Azərbaycan Parlamentində Məhəmməd Əmin Rəsulzadə kimi anlamlı, politik çıxış edən ikinci ulus elçisi olmamışdır! 
“Milli Atlas”ın “Əhali” bölməsini yazanlar politik yazı yazmaq bacarıqsızlığından doğacaq sualları düşünmədən belə bir cümlə yazıblar: “Iri səhiyə ocaqlarının əksəriyətinin açılmasında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyev şəxsən iştirak etmişdir” (286-cı s.).
“Ənənəvi olaraq” şəxsən iştirak etmişdir" nə anlamsızlıqdır? 
Ənənəvilik uzun tarix dönəmində oluşmuş, gələnəksəlləşmiş davranışdır. Sizdən sora bilərlər: başqa toplantılara prezidentin oxşarımı qatılır? Ikincisi, bu yanlış düşüncə daha geniş politik bilikli oxucularda “Prezidentin başqa işi-gücü yoxdurmu, o gələnəksəl olaraq xəstəxana açmağa gedir?” – sorusu doğura bilər. 
2015-ci ildə Erməni ideoloqları ilə onları dəstəkləyənlərin “Erməni soyqırımı”nın yüz illiyilə bağlı çığır-bağırına, hay-harayına belə, aydın ideolojisi olmayan, dişsiz mətnlərlə qarşı çıxmaq bağışlanmazdır! 
A.Şepotyev 1919-cu ildə Azərbaycan Cümhuriyəti Dış Işləri Bakanlığının istəyilə, I Dünya Savaşından yenmiş çıxan dövlətlərin yetkililərinə çatdırılmaq üçün 200-250 səhifəlik bir tarixi-ideoloji, politik bitik yazmışdır. A.Şepotyevin Eməni ideoloqları ilə onları tutanlara yaxşı dərs ola biləcək bu taysız bitiyini öncə rusca, sonra Türk dilində çap etmək gərəkdir! Ancaq hansı pulla? “Neft və milyonlar səltənəti”nin pulları Parisdə, Kannda, Strasburqda, Romada… göyə sovrulur, yandaş Dövlətdənqıraq qurumların dəyərsiz “layihə”lərinə verilib, mənimsənir, Azərbaycana, onun yurddaşlarına, ideoloji qorunmasına gələndə isə yoxa çıxır! 
Indi də “Milli Atlas”ın dililə bağlı bir sıra baxışlarımızı yazaq. Azərbaycan aydınları XX yüzildə Türk dilinin gözəlliyini, özəlliyini pozmuş, yersiz Ərəb-fars sözlərindən az-çox arındırmışlar. Ancaq Cəlil Məmmədquluzadənin dediyi kimi: bu zibillər elə çoxdur, XXI yüzilin 15-ci ilində də onda batmaqdayıq. Oxumuşlarımızın da çoxunun bunu anlamaması acınacaqlıdır! Son 22 ildə bu yöndə böyük qatmaqarışıqlıq yaranmış, Türk dili 40-50 il qabaq ondan çıxmış rəğmən, təxliyə, siyah, bəyaz, müdhiş, möhtəşəm, zat, zatən, rica, əcəba, mərhəba, əfv, fəqət, təraş, təcəlla, zehniyət, fəxarət.., eləcə də başqa anlamsız Ərəb sözlərilə yenidən doldurulmuşdur, avropadangəlmə şop, şou, tender, eksklüziv, brend, dc… axını, gerçək çör-çöpü də bir yandan. 
Ulusal yaddaşsızlıqdan unudulmuş, ya da çox az işlənən gözəl, incə anlamlı bir Türk sözünü dilə qaytarmaq, düşüncələrə yeritmək olduqca çətin bir işə çevrilsə də, oxumamış, oxudulmamış “yarımrus” jurnalistlər “futbolçu ayaqqabısının bağı ilə problem yaşadı, çox müdhiş zərbə vurdu” kimi sözlərlə dili, düşüncələri pozurlar. Bu yöndən baxanda “Milli Atlas”ın dili çox ağır, anlamsız Ərəb-fars sözlərilə doludur, onu arı-duru türkcə yazmaq olardı. 
Burada AMEA Dilçilik Institutunun da böyük suçu vardır! Bu, Institut 1983-cü ildə “Azərbaycan dilinin orfoepiya sözlüyü”, 2013-cü ildə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” buraxırsa, onun dilçisi 2015-ci ildə televiziyada danışarkən sözlüyə lüğət, gözlüyə eynək deyirsə, “temboli, davay-davay, suyu gala, sırı mənə” deyənlərə nə demək olar? 
“Milli Atlas”ı yazanlardan soruşuram: Bərzəx nə deməkdir? “Talış dağ meşələri Kolxida dağ meşələrinə bənzəyir” cümləsindəki bənzətmənin, eləcə də, “Bolsulu çaylar düzənliklərdən axıb keçir, dağlardan axan azsulu çaylar isə yelpiyəbənzər məcralara bölünərək Orta Asiya tipli quru deltalar əmələ gətirirlər” cümləsinin nə anlamı vardır? (14-cü s.). 
“Milli Atlas”da “Redaksiya heyətinin üzvləri”nin işlədiyi dövlət qurumlarının adının 12-si kiçik, 7-si böyük hərflə yazılıb. AMEA Dilçilik Institutundan 1-2 dilçiyə yetərli donluq verib, belə oxumamışlığın qarşısını almaq olmazdımı? 
Sayğılı tarixçi, coğrafiyaçı, eləcə də dilçilər, soruşuruq: qeyri-daimi üzv, qeyri-hüquqi qərar, qeyri-erməni xalqlar nə deməkdir? Niyə belə anlamsız düzməcələr uydurur, Qızıl darvaza yox, Qızıl qapı, qalaqapı, alaqapı yazmırsınız? Zəncirvari halqa nə deməkdir? 
Vurğunu olduğunuz bolşefaşist qurumun adı Azərbaycan SSR Hərbi Inqilab Komitəsi yox, Azərbaycan SSR Inqilab Komitəsidir. Barbarossa planı yox – Barbaros planı olmalıdır. 
Səfəvilər dönəmində dilin adı Azərbaycan dili yox, Türk dili idi, nə üçün yalan danışır, düşüncələri dolaşdırırsınız? 
“Abunəçilərin sayı 110 ədəd təşkil edir” cümləsini arı-duru Türk dilində “Abunəçilərin sayı 110-dur” yazmaq olmazdımı? 
“Milli Atlas”ın “Əhali” bölməsi “Tarix”ə baxanda daha uğurlu yazılıb. Onun Azərbaycan türklərinin geyimindən, paltarlarından danışan bölümü daha yaxşıdır. Burada çap olunan fotolardakı geyimlər, yeməklər göz oxşayır, öyündürücüdür! Ancaq onu dil baxımından daha gözəl yazmaq olardı. Türkcə yemək kimi gözəl söz varsa, buradakı farsca xörək sözünə nə deyək? 
Atlasda Şəmsəddin Eldəniz türkcə “əzəmətli atabəy”, ingiliscə “Qreat atabey” (böyük) yazılıb. Söz rusca mətndə isə unudulub, çevrilməyib. Burada ərəbcə əzəmətli yazmaqdansa, böyük yazmaq daha uyğundu. Nə üçün başqalarına düzgün, özünüzə yanlış yazırsınız? 
1856-cı ildə çəkilmiş xəritədə Tiflis yazılıb, siz Tbilisi yazırsınız, bu, papadan çox xristian olmaq düşüncəsindəndir!
Ardınca Yusif Məmmədəliyevin adı gəldiyindən 36-cı səhifədəki “Müharibə illərində Azərbaycan elm və mədəniyət xidmətlərinin bütün qüvvələri səfərbər edilmişdi” cümləsindəki Ərəb sözü xidmətlərinin yerində başqa bir Ərəb sözü xadimlərinin olmasının gərəkliyi görünür. “Milli Atlas”da ərəbcə şimala türkcə quzey, cənuba güney, şərqə doğu, qərbə batı deməməyi sizə bağışlamaq olmur! Axı, gözümüzü açanda nənəmizdən, babamızdan bu sözləri eşitmişik! 
“Hazırda”, “hal-hazırda” kimi anlamsız ərəbcə uydurmanın yerinə türkcə indi yazmaq olmazdımı?! Ulusal düşüncəli bilimçi Qacarlar Iranı yanlış deyiminin yerinə daha düzgün olan Qacarlar dövləti yazardı. 
Məhəmməd Əmin Rəsulzadə qaynaqlara dayanaraq Əl-Idrisinin Əl-Idrisi-Əl Xəzəri, deməli, Azərbaycanlı olduğunu yazır, ancaq siz əski “damğalar”la ona Ərəb deyirsiniz!
XXI yüzilin 15-ci ilində “Milli Atlas”ın türkcə “Içindəkilər”i yerinə ərəbcə “Mündəricat” yazılması Azərbaycan bilimçilərinin bilincaltı düşündüyünü göstərir. “Kür dağarası çökəkliyi vilayəti” nə deməkdir? Vilayət bura uyğundurmu? Daha düzgününü bilmirəm, ancaq ərəbcə vilayət yerinə bölgə yazmaq olmazdımı, fiziki coğrafi vilayət anlamsızlığı bir yana. “Ümumi səciyyə” nə deməkdir, “ilk əvvəl” nə quramadır? 
“Milli Atlas”dakı biliksizlikdən doğan bu cümləyə baxın: “Qədim ipək yolu marşrutlarından biri Azərbaycandan keçib”. “Marşrut” türkcə yol deməkdir. Azərbaycanda sizdən başqa kimsə “Ipək yolu”na “Ipək marşrutu” deməz! Bilimsəl qaynaqlar “Ipək yolu”nun ikisinin Azərbaycandan keçdiyi deyir. Biri Xəzərin quzeyidən Astarxan-Dərbənd-Şabran-Bakı.., biri də güneyindən Lənkəran-Biləsuvar-Təbriz". Bu yollar Bakı ilə Təbrizdən çoxlu qollara ayrılıb Azərbaycanın çeşidli kəndlərinə, oradan da Anadoluya gedirdi. Bir yol da dəniz yolu idi – Astarxan-Bakı. O da Bakıdan qollara ayrılırdı. Bu da bir yanlış.
Cinayətin törənməsinin üç nədənini ardıcıllıqla “Milli Atlas”dakı mətndə sıralamaq nəyə gərəkdir? “Cinayətkar qərar” olurmu?
Bilincaltı düşüncə ilə yaşayıb, bir sözünün 10-20 anlamı olan kobud Ərəb dilinin tutuculuğunda girlənmək Azərbaycan diliçilərinin də böyük sorunudur. Bu günlərdə AMEA-nın Dilçilik Institutunda güneyli bir yaşıl farsca yazmış şairlərinin dilində Türk sözləri konusunda yazdığı disertasiyanı savunurdu. Dilçilikdən akademik adı olan bir bilimçi ona: “Sən danışığında Osmanlı türklərinin çözlərini çox işlədirsən, okul, öyrətmən, nə bilim nə? Elə danışma, biz danışan kimi danış!” – dedi. 
O, yetənəkli yaşılı qutlayandan sonra ona ilk sözüm: “O öyrətmənin dediyini unut, tərsinə, dilini Ərəb-fars sözlərindən bir az da arındır, daha türkcə danış”,- dedim. Yetənəkli yaşıl əlilə öyrətməninin sözlərini eşitmədiyini göstərib dedi: “boşlayın getsin!”. 
Azərbaycanda son 20-25 ildə bitik çapında düzəldicilərin-korrektorlanın sıradan çıxması acınacaqlı olsa da, “Milli Atlas”da hərf yanlışının azlığı sevindiricidir. Mən görən, təkcə “Mədəniyət” bölməsindəki 5-ci abzasda “in” sonluğu buraxılıb, “çocuq” yerinə “cocuq” yazılıb.
Abel Məhərrəmov “Gördü”dəki çıxışında toplananların könlünü oxşamaq üçün “Milli Atlas”ın böyüklüyünə görə Qərib Məmmədova “gərək bundan sonra iş stolumuzun üstünü böyüdək” deyə söz atdı. Doğrudan da, Azərbaycan Respublikasının “Milli Atlas”ı ölçüsü, çəkisitək böyük əməklə yaradılıb. Onun yaradılmasında əməyi olan bütün aydınlara ÇOX SAĞ OL! – deyib, buraxılan yanlışları CD biçimində düzəltməyi diləyir, bir şeyi daha çox vurğulayırıq: Azərbaycanla, ulusla bağlı bütün yaradılanlar Azərbaycana, Türkə, bütün yurddaşlara sevgidən doğmalıdır, yalan-palandan yox! Yalan-palanla dövlət yaşamaz, ulus irəli getməz! Dövlət yönətimi ancaq yurd sevgisi, geopolitik düşüncəsi olan yurdsevərlərin yönətimində olmalıdır!
2 fevral – 10 mart 2015-ci il