“Human Rights Watch” təşkilatı Azərbaycanın əməkdaşlıq etdiyi beynəlxalq qurumları son əfv fərmanına görə qınayıb. Dünən bu mötəbər insan haqları təşkilatının saytındakı bir məqalədə Avropa Şurasına, eləcə də qarşılarında Azərbaycanın öhdəlik götürdüyü başqa qurumlara sual olunurdu ki, nooldu bəs, niyə siyasi məhbuslar azad edilmədi?
Ceyn Byukenen (“Human Rights Watch”da direktor müavinidir) adlı müəllifin iradı təxminən belədir: “Biz deyəndə ki, Azərbaycandakı rejim düzələn deyil, onlara təzyiq eləmək lazımdı, siz bizi sakitləşdirirdiniz. Deyirdiniz ki, Əliyev hakimiyyətini qəzəbləndirməyək, tezliklə əfv olacaq. Di gedin, bu da sizə əfv…”
Bu xırda iraddan belə anlaşılır ki, hakimiyyət beynəlxalq təşkilatları da ovsunlaya bilib. Deməli, hökumət özünün dəli-dolu imicini gözəlcə yaradıb, əsəblərinin oyaqlığını bəyan edib və buna görə də özü ilə şirin dillə danışmağı tələb edir. Bu, qətiyyən özünə hörmət tələb etmək deyil, ayrı məsələdir.
Bizim bəzən dövlət başçısı barədə işlətdiyimiz “emosional adam” söhbəti həqiqətin özü imiş ki var.
Ilham Əliyevin qəzəbi görəsən, o qədərmi qorxuludur ki, beynəlxalq aləm də ondan ehtiyat edir? Ilham Əliyevin, əlbəttə, əfv ərizələrindən xoşu gəlir, onun qarşısında insanların sızlamasından, mərhəmət diləməsindən xoşhal olur. Biz bu barədə “WikiLeaks”dən – ABŞ səfirliyinin Dövlət Departamentinə ünvanladığı gizli teleqramlardan aydın fikirlər oxumuşuq. Ancaq bir anlıq düşünək, Azərbaycan hakimiyyəti yəni o qədərmi cəsarətlənib, özünü güclü hesab edir ki, beynəlxalq təşkilatlardan da ona yaltaqcasına davranış umur? Yəni, bizim güc və qüdrət rəmzi saydığımız dövlətlər o qədərmi qürursuzlaşıblar ki, Azərbaycan hakimiyyətinin bu yersiz eqoizmi ilə hesablaşırlar? Çətin inanılası məsələlərdir.
Kimlərsə səmimi şəkildə özünü Əliyev hakimiyyətilə yumşaq danışıq üsulu ilə problemləri yoluna qoymağa inandırıbsa, belələrini tale özü peşman edir. Nümunələrimiz çoxdur. Elə lap sonunculardan başlayaq. Ziyalılar Forumu fəaliyyəti boyunca xeyli ziyansız söhbətlər edirdi, hər dəfə də vurğulanırdı ki, bizim əsas işimiz hakimiyyətə təkliflər verməkdir, hər yığıncaqlarında çətinliklə olsa da, bir-iki şey tapıb, mütləq hökumətə alqış da deyirdilər. Axırı nə oldu? Hakimiyyət Ziyalılar Birliyinə qarşı ən radikal müxalif partiya münasibətdə işlətdiyi aqressiyanı göstərdi. Çünki Əliyevçi sistemin yaşam formulu bəsitdir. “Mənim yanımda deyilsənsə, mənim düşmənimsən, izahatın-zadın da lazım deyil. Vəssalam!”
Əliyevçi hakimiyyət xoş sözlərlə islah olunsaydı, bu iş çoxdan baş vermişdi. Bəyəm bizim hakimiyyət qədər tərif, məhdiyyə istehlak edəni var?
Praktika göstərir ki, bizim hakimiyyət ona yaltaqlananları, onun qəzəblənməyindən qorxanları daha pis günə qoyur, nəinki başqalarını. Bəli, bu cür insanları – dili şəkərləri türməyə bir az gec salırlar, döymürlər, çörəklə imtahan eləmirlər. Ancaq belələrinin hörmət-izzəti yerlə bir edilir, qürurlarını tapdalayırlar, hər cür əclaflığa imza atdırırlar, bir şəxsiyyət kimi dəyərsizləşdirirlər. Bu fikrimə etiraz edə bilərsiniz, ancaq bunun üçün gərək bəri başdan beş-altı adam adı çəkəsiniz ki, bax, filankəslər hakimiyyətə yarınır, qibleyi-aləmlə xoş ritorika ilə danışır, buna baxmayaraq, cəmiyyətdə hörmət sahibidir. Varsa belə insanlar, lütfən mənə də yazın.
Nəhayət, ümumiləşdirək.
Birincisi, beynəlxalq təşkilatlar doğrudan da Azərbaycandakı problemlərin həllində maraqlıdırlarsa, nağıllarla özlərini aldatmamalıdırlar. Demirəm ki, bizimkilərin üstünə qışqırmaqla, əllərini çubuqlayaraq nəyisə başa salmaq lazımdı. Yox, sadəcə açıq, təmiz söhbət olmalıdır. Heç kim, heç kimin başını qatmamalıdır.
Istər daxildə, istərsə də xarici müzakirələrdə nə qədər ki, problem açıq şəkildə, pərdələnmədən müzakirə edilməyəcək, bu əfv-siyasi məhbuslar tsikli qurtaran deyil. Bizim problem isə əfvdən daha ciddidir. Hazırkı idarəetmə tərzi dəyişməyəcəksə, lap günü sabah növbəti əfvlə bütün siyasi məhbuslar azadlığa çıxsın, nə olacaq ki?! Axı o adamlar günahsız yerə həbsdədir, deməli, heç bir cinayət eləmədən türməyə düşmək mühiti dəyişmədikcə, bu əfv fərmanları da aldadıcıdır.