Baş Prokurorluq etiraz edir

“Azadlıq”ın ötən sayında “Baş Prokurorluğun xidməti qanunsuzluğu” başlıqlı yazı dərc olunub. Yazıda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin qaynar xəttinə edilən müraciətlərə baxılmamasından bəhs edirdi.
Baş Prokurorluq yazıya reaksiya verib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun redaksiyamıza göndərdiyi yazılı mövqeyini təqdim edirik: “Həmin informasiyalar Baş Prokurorluq tərəfindən qəti şəkildə təkzib olunur və bununla əlaqədar bildirirəm ki, Baş Prokurorluğun 492-55-40 və 492-01-38 nömrəli əlaqə telefonlarının daimi istifadəsində olan ”Qaynar xətt", həmçinin Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinin 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzləri istirahət və bayram günləri də daxil olmaqla, günün 24 saatı ərzində fəaliyyət göstərir. Bu mərkəzlərə daxil olan bütün məlumat və müraciətlər Baş Prokurorluğun rəhbərliyinin göstərişlərinə müvafiq olaraq zəruri tədbirlərin görülməsiÿ məqsədilə dərhal Baş Prokurorluğun əlaqədar idarə və şöbələrinə çatdırılır.
Həmçinin bildirirəm ki, məqalədə Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin şikayətçiyə ünvanlanmış cavab məktubuna istinad edilərək, müraciət üzrə aparılmış xidməti yoxlama zamanı şikayətdə qeyd olunmuş halların guya təsdiq olunması barədə yanlış təsəvvür yaradılmışdır. Halbuki, aparılmış xidməti yoxlama ilə şikayətdə göstərdiyi xususatlar öz təsdiqini tapmamış və bu barədə müraciət müəllifinə müvafiq cavab verilmişdir. Lakin məqalədə Baş Prokurorluğun vətəndaşa göndərdiyi həmin cavab məktubunda əksini tapmış ifadələr ümumi kontekstdən çıxarılaraq mahiyyəti təhrif edilmişdir. Nəticə etibarı ilə məqalədə vətəndaşın şikayəti ilə əlaqədar Baş Prokurorluqda aparılmış yoxlamanın nəticələri barədə ictimai rəyi çaşdırmağa hesablanmış və həqiqətə uyğun olmayan informasiyalar dərc edilmişdir.
Göstərilənlər nəzərinizə çatdırılmaqla, əməkdaşlarınızdan gələcəkdə real faktlara və həqiqətə söykənməyən, eyni zamanda qarşı tərəfin mövqeyi öyrənilmədən birtərəfli qaydada obyektivliyi özündə əks etdirməyən məlumatların yayılmasına son qoyulmasını və “Kütləvi informasiya vasitələri haqqında” qanunun 45-ci maddəsinə əsasən qəzetinizin növbəti sayında bu barədə təkzib verməyinizi xahiş edirəm".