Avropa Oyunları öncəsi daha bir şans itirildi

Əliyevin «şikəst» əfvi, ölkənin imicinə daha bir zərbə vurdu

 
Bir qayda olaraq hakimiyyətlə bağlı proqnozlar özünü doğruldur. Çünki, hakimiyyətin addımları heç vaxt dövlətin və millətin maraqlarını ifadə etmir. Daxili və xarici siyasət şəxsi maraqlar üzərində qurulduğu üçün, hakimiyyətin “ssenari”sindən xəbər tutmaq asan olur. 
Uzun müddətdir ölkənin ictimai-siyasi xadimləri, dünyanın nüfuzlu mətbuat orqanları, beynəlxalq təşkilatlar, nəhəng dövlətlər Azərbaycandakı siyasi məhbuslardan danışır və bu adamların dərhal azad olunmasını tələb edirlər. Məhz siyasi məhbuslara görə bu hakimiyyəti ən pis adlarla təsvir edirlər. Ümumiyyətlə, Azərbaycan qeyri-azad ölkələr siyahısındadır və mövcud hakimiyyəti avtoritar mahiyyətli hesab edirlər. Bəzi nəşrlər isə ölkə başçısı Ilham Əliyevi  “diktator”, “mətbuat yırdıcısı”, “kral” kimi təqdim edirlər.  Amma Azərbaycan hakimiyyəti hisslərin əsirinə çevrildiyi üçün tənqidlərdən nəticə çıxarmır və bütün vasitələrlə ölkədə qorxu mühiti yaratmaq istəyir. Hansıki, bir neçə aydan sonra ölkədə Avropa Oyunları keçiriləcək və bu mənasız tədbirə 8 milyarddan artıq pul xərclənib. Hesablamalar da  göstərir ki, bu yarışmadan maddi olaraq ölkəmiz heç bir gəlir əldə etməyəcək. Avropa Oyunlarından yalnız ölkənin təbliği, müsbət imicinin formalaşması üçün istifadə etmək mümkün idi. Amma biz fərqli mənzərənin şahidi oluruq. Beynəlxalq təşkilatlar bu tədbirlə bağlı “boykot” çağırışı edirlər, ölkəmizə gələcək avropalılara Azərbaycandakı siyasi məhbuslar haqqında məlumat verirlər. Yəni dünyaya anons edirlər ki, Avropa oyunlarının keçiriləcəyi ölkədə avtoritar bir hakimiyyət var və bu hakimiyyət günahsız insanları şərləyərək həbs etməklə məşğuldu.  
Göründüyü kimi, hakimiyyət Avropa Oyunları ilə ölkəyə milyardlarla zərər vurduqdan sonra, ölkənin imici məsələsində də uduzur. Şəxsi düşmənçiliyə görə, hakimiyyətlərini əbədiləşdirmək naminə, korrupsiyanı davam etdirmək üçün siyasi məhbusları azad etmirlər.  
Belə bir vaxtda prezidentin növbəti “əfv” fərmanı verildi və bu siyahıya 2 nəfər siyasi məhbusun adı salındı. Yəni ölkənin imicinin bu qədər zədələndiyi bir vaxtda da hakimiyyət irəliyə doğru addım atmadı. Deməli, Avropa Oyunları Azərbaycan haqqında mənfi təbliğatın formalaşmasına xidmət edəcək. Ilham Əliyev bütün bunları bilə-bilə “şikəst” əfv fərmanı imzaladı və dövlətin maraqlarını yenə də tapdaladı. 
Bir daha təsdiqləndi ki, bu hakimiyət üçün dövlət gəlir gətirən obyektdən başqa bir şey deyil.  
Başqa bir məqam bundan ibarətdir ki, Ilham Əliyev bu addımı ilə onu müdafiə edənlərə də arqument saxlamadı. Hətta bu adamları haqsız duruma saldı. Hökumətin çətirinin altına sığınanların vədləri yalan çıxdı. 
Bir sözlə, YAP hakimiyyəti bütün şanslardan ölkənin və millətin zərəri üçün istifadə edir. Əfv siyahısına o adamlar salınmadı ki, hakimiyyət həmin adamlardan əfv diləməlidir.
Akif