Brüssel sammiti qərar verdi: «Sanksiyalar «Ukrayna düyünü» çözülənə qədər davam edəcək»
Avropa Birliyinin martın 19-da Brüsseldə keçirilən sammitində Rusiyaya qarşı sanksiyaların Ukraynada sülh yaranana qədər davam etdirilməsinə qərar verilib. Bu barədə toplantının yekunlarına dair keçirilən mətbuat konfransında Avropa Birliyi Şurasının rəhbəri Donald Tusk məlumat verib. Onun sözlərinə görə, Rusiya Minsk razılaşmasının şərtlərinə tam əməl edənə qədər sanksiyalar davam edəcək. Tusk hesab edir ki, sülh planının icrasını bu ilin sonundan tez gözləməyə dəyməz. Avropa Birliyinin Ukraynadakı prosesləri bundan sonra da nəzarətdə saxlayacağını deyən D.Tusk münaqişənin həlli üçün lazımi operativ reaksiyaların veriləcəyini bildirib. Sammitdə Rusiyanın mövqeyini müdafiə edərək sanksiyaların yüngülləşdirilməsini tələb edən ölkələr də olub. Məlumatlara görə, İspaniya, İtaliya, Yunanıstan, Kipr, Majarıstan, Slovakiya tədbirdə «Putinin dostları» qismində çıxış edib. Lakin iştirakçıların əksəriyyəti, eləcə də Polşa, Estoniya, Danimarka sanksiyaların davamına səs verib. Xatırladaq ki, Rusiyaya qarşı sanksiyalar bir il əvvəl tətbiq olunmağa başlayıb. Buna cavab olaraq Rusiya ötən ilin avqustundan Avropa Birliyi ölkələrindən, həmçinin ABŞ, Avstraliya, Kanada, Norveçdən gələn mallara iqtisadi embarqo qoyub.
Gültəkin