Xəbər verildiyi kimi, Ermənistan Dağlıq Qarabağ münaqişəsi çərçivəsində böyük sülh sazişi üzərində işləmək üçün işçi qrupunun yaradılması təklifindən imtina edib.
Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan tərəfinin son çıxışlarının Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların vəziyyəti ilə bağlı optimist olmağa imkan vermədiyini bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi aqressiv ritorika ilə məşğuldur: “Bəlkə bu, daxili auditoriya üçündür. Azərbaycanın mövqeyi budur ki, qoşunlar nə qədər tez çıxsa, sülh sazişi o qədər tez imzalanacaq. Azərbaycan öz inkişafını davam etdirir. Qarsda TANAP layihəsinin təməli atıldı. Bu böyük layihə regionun inkişafı üçün önəmlidir. Ermənistan hansısa layihəyə qoşulmaq istəyirsə, bizim arqumentləri bilir, əsgərlərini işğal olunmuş torpaqlardan çıxarmalıdır”.
Politoloq Vəfa Quluzadə söyləyir ki, sözügedən sülh sazişi indiki məqamda baş tuta bilməz. Rusiyanın sazişi bağlamağa Ermənistana heç cür icazə verməyəcəyini deyən politoloq, Kazimirovun vaxtında deyilən böyük sülh sazişinin 90 faiz hazır olduğunu bildirir:
“Sonra xırda məsələlərdən bəhs olunmağa başladı. Məsələn, işğal olunmuş ərazilərdə komissiya yaratmağın vacibliyi fikri səsləndirildi. Komissiya Ermənistan, Dağlıq Qarabağ erməniləri, Rusiya və Azərbaycandan ibarət olmalıydı – üç-bir, hamısı ermənilərin xeyrinə. Böyük sülh sazişinin 90 faizinin hazır olduğu, cəmi 10 faizin qaldığı bildirildi. 10 faiz də Qarabağın kimin olması məsələsidir. Bunu ona görə deyirəm ki, böyük sülh sazişinin üzərində işləmək üçün hər iki tərəfin siyasi iradəsinin olması vacibdir. Iki prezident sülh bağladığını, ona imza etdiyini dünyaya bəyan etməlidir. Böyük sülh sazişinin üzərində işləmək üçün atəşkəs xəttində atəş dayandırılmalı, atəşkəs pozuntuları olmamalıdır. Atəş isə dayandırılmır. Erməni tərəfinin atəşkəs xəttindən bir qədər geri çəkilməsi barədə danışıq aparılmalıdır. Lakin böyük sülh sazişi məsələsini ortaya atmaqla gözə kül üfürürlər”.
Nigar


