Merkel Avropa Birliyinə çağırış etdi

«Rusiyaya qarşı sanksiyaları dayandıra bilmərik»
 

Martın 19-da Bundestaqda çıxış edən Almaniya kansleri Angela Merkel bəyan edib ki, Rusiyaya qarşı yeni sanksiyaların olub-olmaması Ukraynanın şərqindəki vəziyyətin stabilləşməsindən, sülhlə bağlı əldə edilmiş razılaşmanın icra vəziyyətindən asılıdır. Merkel hesab edir ki, hazırda əsas diqqət Minsk razılaşmasına yönəlməlidir: «Minsk razılaşmasının ilkin tələbləri yetirilib deyə, biz sanksiyaları ləğv edə bilmərik. Bu doğru olmaz».
 
Merkel bildirib ki, razılaşmanın bir sıra şərtlərinə əməl edilməməsi onun üçün gözələnilməz olmayıb: «Biz həmişə bilmişik ki, bu proses fasilələrsiz davam etməyəcək. Amma bir məsələ var ki, ilk addım atılıb və hər iki tərəf bu istiqamətdə hərəkətlərini davam etdirməlidir».
 
Kansler Avropa Birliyindəki həmkarlarına müraciət edərək Ukraynadakı münaqişə ilə bağlı vahid mövqeni qoruyub saxlamağa çağırıb: «Münaqişənin başladığı ilk gündən Avropa Birliyi dəqiq cavablar verib. Biz öz sıralarımıza bölücülüyə imkan verməmişik. Ümid edirəm ki, bundan sonra da belə olacaq».
 
Gültəkin