Şəhid atası: “Biz bu hökumətə inanmırıq”

«Bütövlükdə rejim dəyişməsə, bu ölkədə heç bir müsbət dəyişiklik əldə edilməyəcək»

 
Əli Kərimbəyli: «Hakimiyyətin şəhid ailələrinə münasibəti olduqca laqeyddir»
 
Son günlər şəhid ailələrinin sığorta haqqı mövzusu gündəmi zəbt edib. Yüzlərlə şəhid ailəsi Milli Məcliin qarşısında toplaşaraq haqlarını tələb edirlər. Məlumatlara görə, 13 min 500 şəhid ailəsinə sığorta haqqı ödənilməyib. Baş verənlərlə bağlı şəhid atası, “Atəşkəs Qurbanları” Ictimai Birliyinin sədri Əli Kərimbəyli ilə söhbətləşdik.
 
– Əli bəy, 20 ildən çox zaman keçməsinə baxmayaraq dövlət tərəfindən şəhid ailələri üçün nəzərdə tutulan sığorta pulu ödənilmir. Sizcə, səbəb nədir?
– Mən həm sıravi vətəndaş, həm də şəhid atası olaraq bildirirəm ki, mövcud hakimiyyətin şəhid ailələrinə münasibəti olduqca laqeyddir. Əminliklə deyə bilərəm ki, şəhid ailələrinə diqqət göstərmək hazırki iqtidarın maraqlarına ziddir. Çünki mövcud hakimiyyət keçmiş bolşeviklərdən ibarətir. Biz şəhid ailələri olaraq, həm də “Atəşkəs Qurbanları” Ictimai Birliyi adından istər sığorta pulu üçün, istərsə də şəhidlik statusu verilməsi üçün başda prezident olmaqla müvafiq dövlət qurumlarına müraciət etmişik. Həmçinin fərdi olaraq Qarabağ qaziləri və veteranları adından cənab Ilham Əliyevə müraciət edilsə də hər zaman bu müracətlərə soyuq yanaşılıb, bu problemlər öz həllini tapmayıb. “Atəşkəs Qurbanları” Ictimai Birliyi adından bildirirəm ki, biz artıq mövcud hakimiyyətə inanmırıq. Hesab edirəm ki, bu hakimiyyət şəhid ailələrinin məlum problemini həll etməkdə maraqlı deyil. Ancaq bu o demək deyil ki, biz mübarizədən çəkiləcəyik, əksinə bizim haqq uğrunda gedən mübarizəmiz ədalət öz yerini tapana kimi davam edəcək.
 
– Əli bəy, müəyyən müharibə şəraitində olan ölkələr var ki, onların təcrübəsinə baxdıqda, atəşkəs dövründə şəhid olmuş vətəndaşlara dövlətin böyük qayğısı müşahidə olunur. Biz bir epizoda toxunaraq şəhid ailələrinin sığorta pulundan danışırıq. Bəs digər məsələlərdə hansı problemlər yaşayırsınız?
– Problemlər çoxdur. Bir misal çəkim ki, mən üç ildən artıqdır işsizəm. Həyat yoldaşım da həmçinin. 19 yaşlı oğlum var, o da işsizdir. 2011-ci ildə övladım şəhid olduqdan bəri bir dəfə də olsun dövlət qurumlarından bir nəfər belə qapımızı döyüb bizimlə maraqlanmayıb. Əlbəttə biz də istərdik ki, şəhid ailələrinə, qazilərə, sıravi vətəndaşlara dövlət tərəfindən qayğı göstərilsin. Dövlət başçısı cənab Ilham Əliyevə müraciətim əsasında Məşğulluq Idarəsinə getməyim tövsiyyə olunub. Bu qurumdan isə mənə bildiriblər ki, sizi şəhid atası olaraq ən azı əmək və əhalinin sosial müdafiəsi naziri qəbul etməlidir. Orada mənə bildirdilər ki, bizim təklif etdiyimiz işin maaşı 100-150 manat civarındadır. Bir ay öncə Nərimanov rayon icra başçısının müavini Şahmar müəllimə oğlumun işlə təmin olunması üçün müraciət etmişəm. Mənə bir həftə ərzində cavab veriləcəyini bildirsələr də, hələ də xəbər yoxdur. Ümumilikdə isə mən və bir neçə şəhid ailəsi Prezident Administrasiyasında, icra hakimiyyətlərində qəbulda olmuşuq. Bizə sıravi vətəndaş olaraq normal münasibət göstərsələr də, hər hansı problemimizi həll etməyiblər. Dəfələrlə general Vahid Əliyevlə, general Rövşən Əkbərovla görüşmüşəm. General Çingiz Məmmədovun qəbulunda olmuşam. Onlar bu problemlərin həll edilməsində gücsüz olduqlarını bildirirlər. Bu şəxslərin səlahiyyətlərinə nəzər yetirsək, bəlkə də prezident yanında gücsüz olduqları başa düşüləndir. Prezidentdən ki, yuxarı vəzifə yoxdur. O niyə müraciətləri cavabsız qoyur? Qardaş Türkiyədə əsgər şəhid olarsa ona dövlətin münasibəti ən azı baş nazir səviyyəsində göstərilir. Şəhid olmuş əsgərin tabutunu çiyinlərində aparırlar. Bizdə isə əksər hallarda şəhidin yas mərasimi belə ailənin öz üzərinə buraxılır. Beş ildir övladımı itirmişəm, amma bir dəfə də olsun qapım döyülmürsə, bizi işlə təmin etmirlərsə bu hökumətə necə inanmaq olar? Azərbaycanın yeraltı və yerüstü sərvətləri ona imkan verir ki, bu ölkənin vətəndaşları, şəhid ailələri, Qarabağ qaziləri yaxşı yaşasınlar. Bu millət bu qayğıya layiqdir. Amma biz nə görürük? Tam əksi olaraq insanlarımız, şəhid ailələrimiz yoxsul şəraitdə həyat sürür.
 
– Diqqət yetirisinizsə beynəlxaq aləm Azərbaycandan demokratiya və insan haqları tələb etdikdə, hakimiyyətin Qarabağ şantajı ilə üzləşmiş olurlar. Hökumət bildirir ki, niyə bu qurumlar Qarabağ probleminin həllində bizə yardımçı olmur, niyə girovlarımızın qaytarılması istiqamətində dəstək olmurlar? Sizin bildirdikləriniz bunu deməyə əsas verir ki, hökumət ilk növbədə özü bu sadalanan problemlərin həllində maraqlı deyil lazımı diqqəti göstərmir. Sizcə başqalarından diqqət dəstək tələb edən hökumət, ilk olaraq diqqəti özü göstərməli deyilmi?
– Tamamilə doğrudur. Biz nəinki diqqət görmürük, hətta piketlər keçirib səsimizi duyurmaq istədikdə bizi döymək, təhqir etməkdən belə çəkinmirlər. Utancvericidir ki, icazəli piketlərdə şəhid anaları dəfələrlə döyülüb, alçaldılıblar. Biz bu barədə mətbuata da bildirmişik. Daxili Işlər Nazirliyinə, prezidentə məktub ünvanlamışıq. Amma təəssüflər olsun ki, yenə də heç bir nəticə olmayıb. 2011-ci ildə övladım şəhid olarkən mən bildirdim ki, baxmayaq ki, məmur övladları hərbi qulluqdan yayınırlar, digər 15 yaşlı oğlum da zamanı gəldiyində hərbi xidmətə yollanacaq, gərək olarsa şəhid olacaq.
 
– Milli Şuranın “Talana son” mitinqində toxunulan mövzulardan biri də Avropa oyunlarına gələcək erməni idmançılarının xərclərinin dövlət hesabına ödənilməsi oldu. Şəhid ailələri, Qarabağ qaizəli dəfələrlə ölkə rəhbərliyinə müraicət etməsinə baxmayaraq, onlara müsbət reaksiya verilmir, amma əvəzində bu səxavət torpaqlarımızı işğal edən erməni idmançılarına göstərilir…
– Mən hesab edirəm ki, Azərbaycan hökumətinin bu addımı cinayətdir. Ermənistan idmançılarının xərclərinin ödənilməsi bu xalqa qarşı ən böyük cinayətdir, təhqirdir, hökumət adına qara ləkədir.
 
– Təkcə yanvar-fevral ayında abadlaşdırma layihələri adı altında binaların fasadının yenilənməsinə yarım milyard manata yaxın vəsait xərclənib. Amma 13 min 500 şəhid ailəsinin 20 il ərzində ödənilməli olan məbləğ heç bu vəsaitin üçdə biri etmir. Bu rəqəmləri mətbuatda və ya TV-də eşidərkən hansı hisləri keçirirsiz?
– Əlbəttə ki, şəhərin, abadlaşdırılması, binaların yenilənməsi, gözəlləşməsi vacibdir. Amma bunu edənlər xalqı deyil, öz mənfəətlərini düşündükləri üçün həyata keçirirlər. Bu həm də xalqın gözünə kül üfürməkdir. Millət görsün ki, hakimiyyət ölkənin abadlaşmasında necə də maraqlıdır. Onların istəyinə qalsa “Azərbaycan xalqından xoşbəxti yoxdur” kimi açıqlamalar verərlər. Amma reallıq təbii ki,  tamam fərqlidir.
 
– Bir müddət öncə atəşkəs dövründə qurban gedən əsgərlərin statistikasi ciddi müzakirə mövzusu idi və o zaman bu hadisələr keçmiş müdafiə nazirinin fəaliyyəti ilə əlaqələndirilmişdi. Bizim müşahidələrimiz göstərir ki, qeyri-döyüş şəraitində əsgər ölümləri davam edir. Bəs sizin qənaətiniz necədir? Sizcə yeni nazir təyinatından sonra vəziyyət dəyişibmi?
– Keçmiş müdafiə naziri dövründə çoxsaylı əsgər ölümləri baş vermişdi. Bəzi insanlar ümid edirdik ki, yeni nazir təyinatından sonra vəziyyət dəyişər. Amma təəssüf ki, vəziyyət əksinə oldu. Nəyin şahidi olduq? Keçmiş nazirin dövründə məsuliyyətə cəlb edilən hərbçilər yeni nazir Zakir Həsənovun dövründə yeni rütbə, yeni yuxarı vəzifə əldə etdilər. On görə də hesab edirəm ki, ölkədə nazir dəyişməklə vəziyyət kökündən həll edilməyəcək. Bütövlükdə rejim dəyişməsə bu ölkədə heç bir müsbət dəyişiklik əldə edilməyəcək.
Emil Səlimov