Ulusa bağlı bütün yaradılanlar Azərbaycana sevgidən doğmalıdır!

«Milli Atlas»la bağlı alim düşüncələri

 
Yadigar Türkel, fəlsəfə üzrə elmlər doktoru 
 
2015-ci il fevralın 2-də AMEA-da “Milli Atlas”ın (B., 2014, 444s.) “Gördü”sü keçirildi. “Gördü”yə çağırışla gəlmişdilər. Azərbaycana, Türkə, yurdun gələcəyinə sevgilə yaşayan bir neçə bilginlə “amfiteatr”ın açıq qapısından girib, “Milli Atlas”ın (daha düzgünü, daha türkcəsi “Ulusal Atlas”dır) “Gördü”sünü izlədik. 
AMEA-nın prezidenti Akif Əlizadə “Gördü”nü açıb sözü “Azərbaycan Respublikasının Topraq və Xəritəçəkmə Komitəsi”nin başçısı Qərib Məmmədova verdi. Akif Əlizadə çıxışçılara verilən sürəni bəlirləmədiyindən, Qərib Məmmədov dövlət yetkililərinin, seçkinlərin, bilimçilərin toplantısında olduğunu unudub, uzun-uzadı danışdı. Onun çıxışı ölçü-biçini keçəndə “Gördü”nün yuxarıda oturan seçkinlərindən, “Azərbaycan Respublikası Dövlət Qadın Komitəsi”nin başçısı Hicran Hüseynova çıxışçının çox danışdığını sunucuya pıçıldamağa başladı. Akif Əlizadə əllərini yana açıb: “Nə edim??? – dedi. Hicran xanım bir azdan Akif Əlizadəyə bir də dedi, o da çıxışçının önündəki işığı yandırıb-söndürməyə başladı. Qərib Məmmədovsa heç nə anlamadı, uzun-uzadı danışdı, danışdı, danışdı…
Akif Əlizadə ikinci çıxışçı Yaqub Mahmudov danışmağa başlamazdan qabaq “reqlamentə əməl etməyi dilədi”. Ancaq Yaqub Mahmudov da Qərib Məmmədovsayağı uzun-uzadı danışdı, danışdı. 
Qərib Məmmədov çıxışında “Milli Atlas”ın yüksək necəliklə çap edilməsi üçün 1,5 milyon avroya çap maşınları aldıqlarını dedi. “Milli Atlas” doğrudan da çağın yüksək çap texnologiyası ilə basılmışdır. 
Azərbaycanın bilikli aydınları “Milli Atlas”dakı xəritələrin, açıqlamaların bir çoxunu ayrı-ayrı tarix qaynaqlarında, “Azərbaycan SSR Atlası”nda görmüş, oxumuşlar. Ancaq onların bir topluda belə yüksək çap texnologiyası ilə yayımlanması, eləcə də yenilərinin artırılması bilgi ötürmək baxımından çox yaxşıdır, alqışlanmalıdır! 
Bu yazıda “Milli Atlas”da daha çox tarix, ideologiya, dil baxımından gördüyümüz bir sıra yanlışları gözə çarpdıracağıq. 
“Milli Atlas”ın “Tarix” bölməsi genəlliklə gücsüz, ulusal ideolojisiz, qorxaqca yazılmışdır, Azərbaycanın, Türk ulusunun, Qafqaz ellərinin böyük çıxarlarına daha uyğun yazıla bilərdi!
Insan özünü kiçiltməz! Bu, yaranışdan, doğadan belədir. Ulusun oğulları, qızları ona qara yaxmamalı, bütün varlığı ilə ulusdan sarı çalışmış bahadırların, igidlərin dəyərini verməli, böyük yurddaşlarının unudulmamasına çalışmalıdırlar! “Milli Atlas”ın “Tarix” bölməsini yazanların Azərbaycan Cümhuriyəti dönəmilə bağlı yazdıqlarında isə Azərbaycan tarixinin bu ən ünlü, öyünməli, ulusalçılıq çağına, onu yaradan bahadırlara yanlış yanaşma açıq-aydın görünür!
Atlasın 36-cı səhifəsində politik, eləcə də ulusalçılıq baxımından çox yanlış sözlər yazılmışdır: “29 may 1918-ci ildə AXC MŞ qeyri-hüquqi qərar qəbul edərək qədim Azərbaycan şəhəri Irəvanı və onun ətrafında yerləşən 9,7 min km.2 olan əraziləri ermənilərə güzəştə getdi”. 
Son 10-12 ildə uydurulan bu yalanı ildə bir-iki yol AzTV-lərdə o yan-bu yana çevirir, Fətəli Xan Xoyskinin, arxadaşlarının etdiyi böyük işləri dəyərsizləşdirməyə çalışırlar. Bu uydurma “Irəvanın ermənilərə güzəşt edilməsi” adı ilə “Azərbaycan Xalq Cümhuriyəti Ensiklopediyası”na da salınıb.
Analitik, ulusalçı düşüncədən uzaq, çağın geopolitik durumunu, Azərbaycan dövlətini quranların gününü, əlllərindəki olanaqları anlamaqdan uzaq olan bu politikanlara deyirik: Birincisi, AXC-nin Milli Şurası olmayıb. Onlar ayrı-ayrı politik qurumlardır. AXC Ağalığını Milli Şura yaradıb. Ikincisi, soruruq: “Irəvan ermənilərə güzəşt ediləndə” Bakı, Azərbaycanın başqa bölgələri Azərbaycanlılarda idimi? Irəvan bölgəsindəki 9,7 min km.2 topraqları Fətəli Xan Xoyski verib, yoxsa Ermənilər ordu ilə tutublar?
Rusiya Imperiyası dağılmışdı, daha güclü olan, orduya alındıqlarından “bir çağırış”la ulusal ordu yaratmış Ermənilərlə Gürcülər “Tarixi, coğrafi-politik Azərbaycan”ın yiyələrini gücsüz görüb, bacardıqca topraq ələ keçirməyə çalışırdılar. 
Azərbaycan türklərinin bu topraqlara haqqı çox olub, potensial gücü daha çox olsa da gerçək gücləri az idi. Azərbaycan Parlamentinin birinci yardımçısı Doktor Həsən bəy Ağayevin 1919-cu il mayın 28-də Parlamentin birilliyi bayramında dediklərinə baxın: “Sayğılı ulus elçiləri, düz bir il bundan qabaq, 1918-ci il mayın 28-i idi. Azərbaycan Milli Şurası yuvası dağılmış quş kimi yersiz qalmışdı. Tiflis hotellərindən ”Oriyent" qonaq evində, Gürcülərdən iki gün sonra bağımsızlığı bildirdi. Azərbaycan ulusunun seçilmişləri – ulus elçiləri bağımsızlığı bildirməklə Azərbaycan ulusunun səadət yolunun açıldığını düşünürdülər. Azərbaycanın ulus elçiləri bununla tarixi bir özül qoydular. Milli Şuranın bu istəyi, bu duyğusu, bu işi gerçəkdi, ya yuxu idi?…"
“Irəvanın güzəşt”indən haybasanlar niyə bir yol da 1993-cü il iyunun 15-də Azərbaycanda yenidən ağalığa keçən, əlində Erməniləri yenə biləcək ordu, özü isə tanınmış politik, general olan Heydər Əliyevin bütün olanaqlardan yararlanıb yağını yenmədiyini, tərsinə, 6 rayonu da Ermənilərə verdiyini sormurlar?! 
Heydər Əliyev general idi, çağın iki ən böyük imperiyasından birinin yüksək görəvlilərindən olmuşdu. Əlində dövlət aparatı, arxasında 7,5 milyonluq ulusal oyanışa keçmiş Azərbaycan ulusu vardı. General Heydər Əliyev politik tanınmışlığından da yararlanıb, qızılquş kimi yağıların üstünə şığımalı idi! Bütün ölkə, ulus bunu gözləyirdi, o isə Bakıda, Parlamentdə oturub söz güləşdirməyə, “köhnə komunistlər”lə toplumun içindəki tör-töküntüləri yüksək dövlət görəvlərinə qoymağa, adam tutmağa başladı, ulusun illər boyu özünü yurduna sevgilə yetişdirmiş “50-ci illərdə doğulanlar” soyunu Azərbaycanın politik səhnəsindən sildi! Bu, Rus-erməni-sovet-mason bolşefaşistlərinin XX yüzil boyu soyqırıma uğratdığı ulusa edilmiş, düzəldilməsi çox çətin olan bir tutum idi! Buna görə 22 il sonra da Azərbaycanda bacarıqlı, ulusalçı kadr çatışmazlığı kəskin görünür, “özəl ölçülər”lə seçilmişlərdən kimi hansı işə qoyurlar yolsuz çıxır, yol kəsir, oğurluq edir! 
Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşı, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev… kim idi? Əllərində hansı olanaqlar vardı? Bakıda Sovet adı ilə gerçəkdə Erməni Ağalığı quran quldurlar Əlimərdan bəyi tutub türməyə salmışdılar. Bir hüquqçu tanışı yalvar-yaxarla onu Ermənilərin əlindən qurtarmasaydı, bəlkə də güllələmişdilər. Bütün bunlara baxmayaraq, Türkün o böyük bahadırları yoxdan bir bayraq qaldırıb, Doğuda Azərbaycan Respublikası adlı ilk demokratik dövlət qurdular, Azərbaycan ideyasını dünyanın politik düşüncəsinə yeritdilər, onun bölgələrini, insanlarını qorumaq üçün bütün olanaqlardan yararlanmağa çalışdılar!
Azərbaycan Cümhuriyəti Azərbaycan türklərinin bəlli dövlətçilik tarixində ən böyük, ən parlaq səhifə, Məhəmməd Əmin Rəsulzadə isə Azərbaycan Cümhuriyətinin qurucusu, ən böyük ideoloqudur! XX yüzildə Azərbaycanda onun kimi böyük politik, politoloq, bilimçi, dönməz türkçü, azərbaycançı ideoloq olmamışdır! “Milli Atlas”ı yazanlar isə Azərbaycanın öyünməli tairixindən danışan bozlamada bu böyük insanı ötəri bir cümlə ilə yada salırlar: “1918-ci ilin fevralında isə Ümumqafqaz qanunverici orqanı olan Cənubi Qafqaz Seymi təşkil edildi. Buradakı müsəlman fraksiyasının başında Məhəmməd Əmin Rəsulzadə dururdu (36-cı s.)”.
“Milli Atlas”da çap olunan xəritələr 200 ildir Azərbaycanı ələ keçirməyə çalışan Ruslarla Ermənilərin önündə tarix çəpəri, ideoloji tutalqadır. 18-ci səhifədəki xəritədə Biləsuvarın yanındakı köylərin birinin adı GÜLLÜ yazılıb. O, köyün adı GÖLLÜDÜR, Rus-erməni-sovet-mason bolşefaşistləri “Göllü” köyünü 1918-ci ildə yandırıb-yaxmışlar. Bu yanqı Biləsuvarlıların yaddaşında, qaynaqlarda “GÖLLÜ YANQISI” adı ilə qalıb. 
Azərbaycan Respublikasının dövlət sınırının güneyində – Güney Azərbaycanda TALMIŞMIKAYILLI adlı bir köy var. Onu bizdə yanlışlıqla TALIŞMIKAYILLI yazırlar. Islam dininin gəlməsilə müsəlmanlaşaraq ulusal yaddaşsızlaşan Azərbaycan aydınları ulusal düşüncəsizlikdən, başqa uluslardan olanlar isə biliksizlikdən Azərbaycanın bir çox yerində qarşılaşılan Talmış köylərini yanlışlıqla Talış yazıblar. Azərbaycan Talışlarının say, eləcə də kültür gücü, yığcam yaşadıqları Astara, Lənkəran, Lerik, Masallı rayonlarında Talış adlı köylər yaratmayıbsa, Qarabağda, Şəkidə, Şirvanda, Hacıqabulda, Şəmkirdə Talış adlı köylər yaradammazdı.
Kürd adı ilə köy ola bilər, Talış adı ilə yox, sorusunun cavabı belədir: Azərbaycan kürdləri bütünlüklə köçəri malsaxlayan yaşam sürdüklərindən yerlərini tez-tez dəyişmişlər. Talışlar isə Azərbaycanın kiçik bölgəsində daha oturaq yaşamışlar. 
Biləsuvarda kökü Talmışmikayıllıdan olan çoxlu adam yaşayır. Onlar köylərinə Talmışmikayıllı – TALMIŞMIKEILLI deyirlər. “Milli Atlas”dakı bir xəritədə də Çaldıranın yanında Talmas köyü vardır, Ismayıllıdakı Talıstan, Orta Asiyadakı Talas daha bilinəndir.  
Masallıdakı Türk etnik göstəricisi olan Təklə köyünün adının birini Təklə, ikincisini Tüklə yazmaq oxumamışlıqdandır. Təklə Türk etnik göstəricisi Azərbaycandan başqa Türklər yaşayan bütün bölgələrdə vardır. 
Son 40 ildə Xarmandalı uruğunun adını Xırmandalı etmişlər. Bu yanlışdır. Masallıdakı, Biləsuvardakı köylərin adı Xarmandalıdır, indi də qohumluqlarını unutmayanlar vardır. 
Hansısa anlamazlar Biləsuvarın içindən keçən Bolqarçayın adını dəyişib Balharı ediblər. Çayın adı “Milli Atlas”dakı yüz illər qabaqkı xəritələrdə də Bolqarçaydır. Bununla bağlı Biləsuvar rayonunun “Məhsul” qəzetində yazı, yerli “padşaha” məktub yazdıq. Çatdığımız bu sözlər oldu: “Sən adam doktorusan, o, mal doktorudur, o, sən deyənləri anlamaz, belə şeylər onun düşüncəsindən uzaqdır, onu Bolqarçay yox, pul düşündürür!”. Bu, çox acı dövlətçilik görüntüsüdür!  
Xəritələrin birində Goranboyun yaxınında Börü köyü vardır. Börü türkcə qurd deməkdir. Ancaq onun yanındakı, ulusal düşüncəsizlikdən yaranmış “Rus borisi” köyünün adının indi də qalması, eləcə də daha düzgünü Saqatlı olan Saatlıdakı, Qarayevkənd, Goranboydakı Əzizbəyov, Göygöldəki Mixaylovka, Gədəbəydəki Novoivanovka, Slavyanka, Novosaratovka, Masallıdakı Kalinovka, Xızıdakı Çistı Klyuçu… eləcə də ərəblə heç bir bağlılığı olmayan Ərəb, Ərəbcəbirli, Çöl Ərəb, Ərəbxana köy adlarının indiyədək dəyişdirilməməsi dövlət yetkililərin strateji düşüncədən uzaqlığından, yurda sayğısızlığındandır! 
Göyçayda, Imişlidə, Masallıda Çaxırlı köyü vardır. Müsəlman olandan çaxır “içməyən” bir ulus köyünün adını çaxırlı qoyardımı? Bu, çaxırlılar Türklərin Çakır uruğunun adıdır, Anadoluda, eləcə də Türklər yaşayan başqa yerlərdə yayılmışdır.
AMEA-nın danışdığım başqa bilginləri də xəritələrdə bir çox Türk etnoqrafik göstəricisinin düzgün yazılmadığını deyirlər. 
Türk ulusun kimliyinin göstəricilərini dolaşdırmağa heç kəsin haqqı yoxdur, eləcə də başqalarının!
“Milli Atlas”ın 42-ci səhifəsindəki 16-cı yüzilin xərtəsində, yan-yana iki yerdə Zaqatalın adı göstərilib, altında da Tartar yazılması Rus dönəmində Zaqatala ilə bağlı uydurulan, Zaqatalanın rusca za – arxa, bir də Qatal sözlərindən yaranıb, Qatalın, Qatal çayının arxasında anlamına gəldiyini deyən baxışın yanlışlığını göstərir. Zaqatal-Tatar bilgisi yurdumuza göz dikənlərin uydurmasının üstündən cız çəkir! 
Italiyalı Marino Sanuto Miladın 320-ci ilində çap etdirdiyi xəritədə “Planites Moqan in qna Tartare hyimant” – “Tatarlar qışlayan Muğan çölü” yazmışdır. Bu baxımdan Rus dövlətinin Azərbaycanın quzeyini tutandan sonra Azərbaycan türklərini Tatar yazmasının bəlli tarixlərə dayanıb, Antik Roma düşüncəsindən gəldiyini göstərir. 
“Milli Atlas”ın bir uğuru da – Erməni ideoloqlarının hər yerdə öydükləri Kilikiya “dövləti”nin Qafqazdan, Azərbaycandan bir neçə min km. uzaqda olduğunu göstərən xəritənin çapıdır. Özü də bu xəritədə “Böyük Kilikiya” yoxdur, ancaq “Kiçik Kilikiya” vardır. XII, XVI, XVII yüzildə çəkilmiş xəritələrdə nədənsə, təkcə Armenia minor var, major yoxdur, Armeniya provinsiyası (bölgəsi) var, ancaq hər yan Tartardır, yəni Türkdür! 
“Milli Atlas”ın 14, eləcə də 17-ci səhifəsində Azərbaycan Respublikasının politik, kültürəl, ekonomik özəlliklərindən danışarkən yanlışlığa yol verilib: “Dövlət dili – azərbaycan”, “Dini – islam”. 
Bu, oxumamışlıq, demokratik Azərbaycan Respublikasına sayğısızlıqdır?! Soruruq: Azərbaycan adlı dil varmı, özü də kiçik hərflə yazmısınız… 
Azərbaycan Cümhuriyətinin Bakanlar qurulu 1918-ci il iyunun 27-də Türk dilinin dövlət dili olduğunu bildirib. 1995-ci ildə Azərbaycan Respublikasının dövlət dilinin Türk dili adı bir neçə “xalq şairi”, “xalq yazıçısı”nın dönüklüyü, satqınlığı, sonra da yalançı elliklə səsvermə yolu ilə dəyişdirilib Azərbaycan dili edildi. Indi o yanlışda dolaşıb, Ana dili, Vətən tarixi, Ata yurdu, Türk (Azərbaycan) dili, Azərbaycan (Türk) dili uydurulur. Kökündən yanlış, düzməcə, qurama olduğundan alınmır! 
O yanlış üzündən bu gün Azərbaycan Respublikasında çox gərgin mənəvi, hüquq durumu yaranmışdır. Ölkənin Azərbaycanlı adlanan bütün yurddaşları – Talışlar, Ləzgilər, Avarlar, Saxurlar, Kürdlər, Buduqlar, Qrızlar, eləcə də başqaları gərəkən yerdə etnik kimliklərini də deyir, yazdırır, iki adın da üstünlüyündən yararlanır, gerçəkdə isə mən avaram, buduğam, ləzgiyəm, talışam, tatam deyirlər, təkcə Azərbaycan türkləri özlərinə Türk deyə, dillərinin adını Türk yazdırammazlar?! 
Bu, uluslararası hüquqa tərs, bağışlanmaz durumdur, ortadan qaldırılmalıdır! 
ardı var