Toni Bleyerin biznes maraqları

«The Independent» qəzeti Ingiltərənin keçmiş baş nazirindən yazdı

 
«Toni Bleyer istefa verir ki, diktatorlara daha çox vaxt ayırsın?»
 
“The Independent” qəzetində Nik Koçhanÿ yazır ki, Bleyerin Yaxın Şərq üzrə sülh elçisi postunda qalması daha mümkün deyil, ona etibar eləmək olmaz. Koçhan keçmiş baş nazirin biznes maraqları barədə “Blair Inc. Maska arxasındakı adam” kitabının həmmüəllifidir.
“Toni Bleyerin dünyası getdikcə bizimkindən daha çox uzaqlaşır, ayrılır. Nə vaxtsa onun Leyboristlər Partiyasından baş nazir olması, adamların dəstə ilə gedib ona səs verməsinə inanmaq üçün gərək özünü çimdikləyəsən. Cənab Bleyer getdikcə tarixə qovuşur, şəxsi maraqlarını güdərək dünya səhnəsindən itir. Yaxın Şərq Kvartetində təmsilçi postundan getməsi təklifi də Vaşinqton və Brüsselin onun roluna və iştirakına inamının sarsıldığını göstərir”.
“Cənab Bleyer səlahiyyət və qanunilik olmadan Baş nazir həyatını yaşayır. O, vəzifədə olduğu zaman getdiyi şəhərlərdə, ölkələrdə dünya liderləri ilə, yüksək əda, inamla, şirin dillə danışır. Ancaq o, indiki zamanda deyil, keçmişdə yaşayır, müasir Kral Lirdir, kral kimi davranır. Ancaq Lirdən fərqli olaraq, pullarını sandığına yaxın yerdə saxlayır”,- müəllif yazır.
Cənab Bleyer baş nazirlikdən sonra Kvartetin (Rusiya, Birləşmiş Ştatlar, Avropa Birliyi və BMT) Yaxın Şərq təmsilçisi postuna gəlib. Bu posta açıq-aşkar Corc Buşun köməyi ilə seçildi, Buş onu Iraqın işğalını dəstəklədiyinə görə mükafatlandırdı. Müəllif Bleyerin Kvartetdəki rolunun elə də uğurlu olmadığını vurğulayır: “Bleyerin Israil rəhbərliyinə çox yaxın olması onun obyektivliyini şübhə altına qoyub”.
Satıcıya çevrilən siyasətçi Toni Bleyer “Associates” şirkətinin konsultasiya xidmətlərini bir sıra qaranlıq, qeyri-populyar liderlərə təklif edib. Onun müştəriləri sırasında Qazaxıstan prezidenti Nursultan Nazarbaev, Misir rəhbəri general Abdel Fattah el-Sisi, Əbu-Dabi şahzadəsi, Konqo Demokratik Respublikasının rəhbərliyi və Serbiya hökuməti var.
Qeyd edək ki, Toni Bleyerin Azərbaycanın neft və qaz maraqlarına lobbiçilik etməsi Britaniya mediasında müzakirələrə səbəb olmuşdu.