Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Türkiyəyə səfərindən az sonra baş prokuror Zakir Qaralovun qardaş ölkəyə getməsi və Ərdoğanla görüşü təsadüfi deyil. Redaksiyamıza daxil olan məlumatda iddia edilir ki, baş prokurorun Türkiyəyə səfəri və Ərdoğanla görüşü “paralel yapı”nın Azərbaycan uzantıları ilə bağlıdır. Iddialara görə, Qaralov-Ərdoğan görüşündən “paralel yapı”nın Azərbaycandakı dayaqlarının zərərsizləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunub.
Xatırldadaq ki, Mübariz Qurbanlı da Türkiyədə səfərdə olan zaman “paralel yapı”nın Azərbaycandakı uzantılar barədə suallara tuş gəlmişdi. Komitə sədri bu suallara cavabında “paralel yapı”ya qarşı ciddi mübarizənin aparılacağının anonsunu vermişdi.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Fətullah Gülən arasında münasibətlərin gərginləşməsindən sonra qardaş ölkədə “gülən şəbəkəsi”nə qarşı ciddi mübarizə başlayıb. Ərdoğan təkcə Türkiyədə deyil, Fətullah Gülənin digər ölkələrdə, o cümlədən Azərbaycandakı dayaqlarını sıradan çıxarmaq istəyir. Bununla bağlı Ərdoğanla Azərbaycanın dövlət başçısı Ilham Əliyev arasında bir neçə dəfə müzakirələr aparıldığı barədə məlumatlar var. Elə bu müzakirələri nəticəsidir ki, Azərbaycan hakimiyyətində “gülən şəbəkəsi”nə bağlı olduğu iddialar bir neçə məmur və deputat küncə sıxışdırılıb. Lakin Ərdoğanın bununla kifayətlənmədiyi deyilir. Onun Ilham Əliyevə yeni dosye təqdim etdiyi barədə iddialar var. Qısası, Ərdoğan “paralel yapı” məsələsinə çox həssasdır və Azərbaycandan da “gülənçilər”ə qarşı ciddi mübarizə tələb edir.


