Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan martın 18-nə keçən gecə rusiyalı həmkarı Vladimir Putinə telefon açıb. Anadolu Agentliyi xəbər verir ki, telefon danışığında prezidentlər Ukrayna olayları, Krım tatarlarının məsələsi və 1915-ci il hadisələrini müzakirə ediblər. Prezidentlər arasındakı telefon söhbətinin təxminən 30 dəqiqə davam etdiyi qeyd olunur.
Danışıq zamanı Türkiyə-Rusiya əlaqələrinin daha da inkişafına tərəfdar olduğunu vurğulayan Ərdoğan Putinlə Ukrayna böhranının həlli, qarşıdurmaların sona çatdırılması, Krım tatarları ilə əlaqədar problemlərin aradan qaldırılması və həll yolları haqqında fikir mübadiləsi aparıb.
Ərdoğan 20 mart tarixində Ukraynaya edəcəyi səfər barədə də söz açıb.
Türkiyə prezidenti 1915-ci il hadisələrinə, qondarma erməni soyqırımı iddialarına da toxunub. Ərdoğan Türkiyənin bu olaylarla bağlı tarixə ədalətlə yanaşılmasını istədiyinə diqqət çəkib. Bildirib ki, Ermənistanın sülh çağırışları əslində gerçəklikdən uzaqdır və əgər belə olmasaydı, bu ölkə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarix komissiyası yaratmaq təklifinə müsbət yanaşma sərgiləyərdi.


