Kamran Ramazanlı: «Gürcüstan hakimiyyətində təmsil olunanlar daim milli məktəblərimizin bağlanmasına çalışıb»
Gürcüstanda Azərbaycan dilli məktəblərin bağlana bilməsi məsələsi bölgədə yaşayan əhali arasında çaxnaşma yaradıb. Xatırladaq ki, martın əvvəllərində Marneulidə Gürcüstan parlamentinin azərbaycanlı deputatları ilə görüşdə “Gürcü arzusu”nun üzvü Mahir Dərziyevlə Vahid Milli Hərəkat partiyasının üzvü Azər Süleymanovun çıxışları birmənalı qarşılanmayıb.
Belə ki, M. Dərziyev Gürcüstanda milli azlıqların təhsili ilə bağlı hökumətin qəbul etdiyi 1+4 proqramına dair fikirlərini açıqlayıb. O, milli azlıq nümayəndələrinin ali məktəblərə qəbulu zamanı güzəştli şərtlərin ləğv edilməsinə tərəfdar olduğunu, habelə Azərbaycan dilli məktəblərdə ana dilində təhsilin əleyhinə olduğunu bildirib.
Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlı “Azadlıq”a açıqlamasında Gürcüstanda azərbaycanlılara qarşı aparılan münasibətdən söz açıb. K.Ramazanlı bildirib ki, Gürcüstanda kimliyindən asılı olmayaraq hakimiyyətdə olan şəxs Azərbaycan dilində məktəblərin bağlanmasına çalışıb. Bu gün də Ivanişvili hakimiyyəti Azərbaycan dilli məktəblərin bağlanmasını istəyir:
“Sovetlər dönəmində Gürcüstanda 183 Azərbaycan məktəbi vardısa, bu gün 120 məktəb qalıb. Bu gün də onların bağlanmasına, milli məktəblərimizin olmamasına çalışırlar. Məktəblərin bağlanması barədə azərbaycanlı deputat Mahir Dərziyevin dilindən bəyanatlar səsləndirilir. Marneulidə olan görüşdə Mahir Dərziyev gürcü dilinin dövlət dili olması səbəbindən milli məktəblərimizin bağlanmasının zəruriliyini bildirib. Lakin bizim əks arqumentimiz var ki, Gürcüstan dövləti qanunlara riayət edir və o Avropa ailəsinə üz tutduğu bir dönəmdə milli azlıqlarla bağlı xüsusi qaydalara əməl etməlidir. Borçalı bölgəsinin böyük əksəriyyətini azərbaycanlılar təşkil etdiyindən, Avropa ailəsinə üz tutan Gürcüstana demək istəyirik ki, soydaşlarımızın haqqını itirməsin. Onların dövlət, yerli strukturlara müraciəti öz dillərində aparıla bilər. Lakin azərbaycanlı deputatın dilindən milli məktəblərin bağlanması fikrinin səsləndirilməsi tamamilə qanunsuzdur və orada yaşayan soydaşlarımıza hörmətsizlikdir”.
Nigar


