Özünəhörmət

elnurastanbeyli@gmail.com
 
Bu yaxınlarda sosial şəbəkədə hörmətli iqtisadçımız Rövşən Ağayev dünyanın 21 ölkəsində müəllim statusunu qiymətləndirən bir hesabatdan bəhs etmişdi.
Rövşən bəyin yazdığından belə məlum olurdu ki, hesabat 21 ölkədə aparılan tədqiqatın nəticələrinə əsaslanır. Bu ölkələrə Çin, Cənubi Koreya, Niderland, Fransa, Yeni Zelandiya, ABŞ, Britaniya və s. qabaqcıl ölkələr daxildir. Tədqiqata cəlb olunan ölkələr arasında müəllimlərin orta illik əməkhaqqı alıcılıq qabiliyyəti pariteti ilə 18-45 min dollar intervalında olub.
Tədqiqat çərçivəsində müsahibəyə cəlb olunan valideynlərdən soruşulub ki, siz uşaqlarınızın müəllim peşəsini seçməsilə fəxr edərdinizmi? 21 ölkədən 15-də valideynlərin 70-90 faizi “fəxr edərdik” cavabını seçib. Yerdə qalan ölkələrdə bu göstərici 50-70 faiz intervalında olub.
Müəllimliyin də daxil olduğu 14 peşənin (vebdizayner, məmur, polis, həkim və s.) nüfuzu qiymətləndirilib. Müəllim peşəsi ən prestijli peşələrdən bir kimi reytinqin yuxarısında qərarlaşıb.
“Global Teacher Status Index” adlı sənədin girişində isə beləcə də yazılıbmış: “… əgər cəmiyyət müəllimə hörmət etmirsə, uşaqlar sinifdə onu dinləməyəcək. Əgər biz istəyiriksə ki, gələcək nəsillər ən yüksək dəyərlərə, ən yaxşı həyati imkanlara malik olsun, müəllim peşəsini ən parlaq insanların özünə sənət seçməsinə nail olmalıyıq. Dünyanın qabaqcıl ölkələrində insanlar düşünür ki, müəllimlər ən yüksək haqq almağa layiq peşə sahibləridir”.
Bizdə isə yaptokratlar lap təzəlikcə müəllimə aldığı 150-200 maaşla dolana bilmirlərsə, dərsdən sonra fəhləlik eləməyi məsləhət gördülər. Yox, yox, mən yenidən dəhşətli dərəcədə demokratik yolla deputat seçilmiş Hadı Rəcəblinin məlum təklifinin üzərinə qayıtmaq istəmirəm. Bu təklif barədə düşündüklərimi “Nəticəyə deyil, səbəbə baxmaq” başlıqlı yazıda yetərincə aydın ifadə etmişəm. Təkrara ehtiyac görmürəm.
Sadəcə, məlum hesabatla bağlı Rövşən bəyin qeydlərini buradan tirajlamaqla, orada müəllim peşəsinin dəyəri və  gəlişmiş ölkələrdə müəllimə verilən qiymət barədə yazılanları daha çox adamın, ən çox da elə müəllimlərimizin özlərinin oxumasını istədim. Bəli, oxuyun və görün, yolunda seçki saxtalaşdırdığınız, uğrunda gələcəyin yeni hadı rəcəblilərini, fikrət qocalarını, siyavuş novruzovlarını yetişdirmək üçün uşaqlarımızın qulaqlarını “şəxsiyyətə pərəstiş” nağılları ilə doldurduğunuz bu Sistemin sizə layiq bildiyi hörmət və maaş nədir, başqa ölkələrdə müəllimə verilən dəyər nə!
Mən həmişə düşünürəm ki, ən böyük dəyər – başqalarının deyil, məhz insanın özünün özünə verdiyi dəyərdir. Başqalarının sizin haqqınızda nə fikirləşdiyi önəmli deyil, önəmli odur ki, siz özünüz özünüz haqqında nə fikirləşirsiniz. Özünəhörmət – müstəsna hissdir. Bunu heç vaxt unutmaq olmaz. Unutduqda, bax, belə bir mənzərə yaranır: dünyanın ən önəmli, ən qutsal, ən qiymətli peşəsinin daşıyıcısı olduqda belə, bunun artıq bir əhəmiyyəti qalmır, kimlərsə səni öz partiya və hökumət işinin vintciyi, təkərciyi hesab edir, səni istədiyi rəftara layiq bilir, səni xor görməkdən, aşağılamaqdan çəkinmir. 
Bəli, Sistem amansızdır, həm də çox amansızdır, o yalnız onun kimi düşünənlərə, ona biət edənlərə, ona yalmananlara, onu öz əlində alətə çevirməyi bacardıqlarına qarşı rəhmlidir. Amma bu da ötəri mərhəmətdir. Belə sistemlərin yumruğunu, şillə-təpiyini onsuz da əvvəl-axır hamı öz sifətində, öz kürəyində hiss edir.
Odur ki, elə lap əvvəldən özünə hörmətlə yanaşmaq və onların yalan və talan üzərində qurulmuş “analoqsuz siyasət”, “regionun lider dövləti” tamaşalarında iştirak etməmək lazımdır: nə aktyor, nə seyrçi kimi!
Yadda saxlamaq lazımdır: yalanda və talanda hər hansı formada iştirak etməklə siz yalnız ölkənin taleyi ilə oynamırsınız, həm də özünüzə qarşı pis münasibəti legitimləşdirirsiniz. Bəs necə, külək əkəndə, fırtına biçməyə də hazır olmalısınız!