Oqtay Əsədov 1-2 qapıya papaq atsa, narahatlığa ciddi əsas olduğunu başa düşər
Milli Məclisin ötən gün keçirilən iclasında maraqlı anlar yaşanıb. Belə ki, deputat Fazil Mustafa ilə spiker Oqtay Əsədov arasında “papaq” müzakirəsi gedib. “Manatın devalvasiyası prosesindən sonra əhalinin yaşayış səviyyəsi xeyli aşağı düşüb. Aztəminatlı ailələr banklardan kredit götürüb, ancaq dolların bahalaşması nəticəsində krediti ödəməkdə çətinlik çəkir. Bəzilərinin hasarı çox hündür və qapıları kilidli olduğu üçün papaqlar hasarından keçmək mümkün olan evlərə atılır. Indi bu məsələni müzakirə etmək lazımdır ki, orta təbəqədən olan insanlar papaqların içini nə ilə doldursunlar”- deyə Fazil Mustafa bildirib.
Millət vəkilinin papaq narahatlığını parlamentin spikeri əməniliklə cavab verib və problemin olmadığını söyləyib: “Sən fikirlərini milli mentalitetə toxunan məsələ kimi dedin. Vaxtilə bacadan da papaq atırdılar. Narahat olma, hansı qapıya papaq atsan, inanmıram ki, sənin papağın boş gəlsin”.
Nə hikmətdirsə, xalqın dərdindən, problemindən, ehtiyaclarından söhbət düşəndə, milli mentalitet yada düşür. Amma ləyaqətli bir qadını şərləyib həbs edəndə, Qarabağ qazisini intihara sürükləyəndə, şəhid ailəsinin sığorta pulunu verməyəndə, mentalitet “qeyb”ə çəkilir. Çünki, xalqın acınacaqlı durumunun müzakirəyə çıxarılması, analoqsuz inkişaf nağılını qiymətdən salır.
Amma Oqtay Əsədovun təsəllisi də çox absurd görünür. Guya, spiker hazırcavablıq edib və qarşı tərəfi susdurub. “Acın toxdan xəbəri olmaz” deyirlər. Oqtay Əsədovun evinə hansı tərəfdən papaq atsalar, o papağın içini doldurmaq iqtidarındadır. Amma bu ölkədə 10 minlərlə ailə var ki, qapısına papaq atılmaması üçün dua edir. Çünki, bu adamların öz qarnını doyurmaq problemi var, bu adamlar boş papaq qaytarmaqdan utanırlar.
Cənab Əsədov, bu adamlar papaqları ona görə doldura bilmirlər ki, ölkəyə xaricdən yumurta gətirənlər onun bütün xərclərini ödədikdən sonra 418 faiz, toyuq əti gətirənlər 276 faiz, düyü gətirənlər 253 faiz, sabun gətirənlər 234 faiz, pendir gətirənlər 230 faiz, bitki yağları gətirənlər 196 faiz, mal əti gətirənlər 159 faiz, çay gətirənlər 142 faiz, yuyucu töz gətirənlər 121 faiz, kərə yağı gətirənlər 103 faiz, makaron gətirənlər 97 faiz, şəkər gətirənlər 2 dəfədən çox bahasına satırlar. Eləcə də digər ərzaq məhsulları məmurların monopoliyasındadır. Bu hakimiyyətin “uğurlu” siyasətinin nəticəsidir ki, papaqlar boş qalıb.
Insanlar süfrələrini doldurmağın dərdini çəkirlər. Oqtay Əsədov isə narahatlığa ehtiyac olmadığını söyləyir. Yaxşı olar ki, cənab spiker bacadan papaq atmaq məsləhəti əvəzinə, qapısını açıb aclara kömək etsin. Bu qədər ciddi bir məsələyə biganə mövqe sərgiləmək, həm də hakimiyyətin xalqa münasibətinin göstəricisidir.
Yaxşı olar ki, Oqtay Əsədov bir papaq götürsün və sadə vətəndaşların yaşadığı 1-2 qapıya atsın. O zaman biləcək ki, narahatlığa həqiqətən də ciddi əsas var.
Azad