Mənim özümə qalsa, mən öz yolumu, ideya yönümü çoxdan seçmişəm: Böyük, Bütöv, Özgür, Demokratik Azərbaycan uğrunda! Böyük, çoxsaylı çətinliklərlə gediləsı, gedilən bir yoldur. Gedirik! Bir ara sayımız azala-azala gedirdik bu yolu, indi ortaya yeni yetişən gənclik çıxmaqdadır. Özümüzdən özgə güvəncimiz yoxdur – bu gerçəyi getdikcə çoxları anlamaqdadır. Biz indi hay-küyçü yoldaşlıq dönəmindən ayrılıb anlayışlı yoldaşlıq dönəmini yaşamaqdayıq. Bunu gerçəkçi-realist yoldaşlıq dönəmi də adlandırmaq olar. Qondarma-yarımçıq “liderlərdən” tutmuş, “kabab iyinə gələn” bir çox sıra adamlarınadək çoxları çıxıb gedib, tək-tək qalanlar da indilər getməkdədirlər.
Qalır gerçək ideya adamları, bu, qarşıdakı çarpışmaya yeni xarakter verən görsənişlərdəndir! Indiki, bundan beləki çarpışma bizdən daha böyük prinsipiallıq istəyir – hamılıqla bilməliyik: bu, gələcək uğurlarımıza qarantiya yaradacaq prinsipiallıqdır. Başqa cür desək, gələcək uğurlarımız bu prinsipiallıqdan çox asılı olacaq! Keçib gəldiyimiz uzun yol bizi arılaşan-durulaşan bir dönəmə gətirib çıxarıb: siyasətçisindən, jurnalistindən yazıçı-şairinə, sosial-siyasi arenadakı az-çox tanınmışlaradək. Bizdə kimin kim olduğu indi hamıya bəllidir. Putin çətin durumla üzləşdiyindən Azərbaycandakı adamlarını ödülləndirib bəlirlətdiyi kimi, YAP rejimi də verdiyi qrantlar – açdığı korrupsiya bazarıyla üzləşdiyi çətinlik nədəniylə çoxillik FOTOROBOT dönəmindən professional FOTOQRAFIYA dönəminə keçir. Bunu qəzetlərə ayrılan pullu rollardan da görmək olar, “QHT” adı altında verilən qrantlardan da! Bir daha vurğulamaq gərəkir: indiki dönəmdə düzyollular prinsipiallıq faktoruna ayrıca önəm verməlidirlər: “hamı millətimizdir, ayrı-seçkilik yaratmaq olmaz” kimi miflər çoxdan dağılıb. Başlıcası, o mifləri biz dağıtmamışıq; öz gərəklərini, özəl gərəklərini Ölkə-Ulus gərəklərindən üstün tutanlar özləri dağıdıblar. Hamısı da göz qabağında! Bir oxunada deyildiyi kimi: daha nə istəyirsiz?!..
15 mart mitinqi ilə bağlı tanınmışlardan birinin dəyərləndirməsi belədir: “cəmiyyət aksiyaya dəstək vermədi”. Bunu müxalifət jurnalistlərindən biri olaraq tanınan kimsə deyir. “Cəmiyətin” çoxillik antixalq siyasətləri ilə necə öldürüldüyünü bilən bir kimsənin belə deməsi çox yumşaq desək, anlaşılmazdır. Bəlli olduğu kimi, adamlar pozitiv – neqativ düşüncəlilər olaraq iki qrupa bölünürlər. Qarşıya yarıyadək doldurulmuş stəkan qoyulur. Pozitiv düşüncəli stəkanın yarıyadək dolu olduğunu, neqativ düşüncəli yarıyadək boş olduğunu bildirir. Son mitinqdə sayın qabaqkılardan çox olduğu faktdır. Ancaq ortada daha ilginc bir fakt var: rejimin topluma diz çökdürməsi faktı, təhsil sistemini dağıtmaqla, yurddaş topumunu yox etməklə, bir yandan korrupsiyanı, o biri yandan repressiyaları qat-qat artırmaqla çoxlarının gözünü qorxudan enerjili (televiziyalarda enerjili!) diktatura faktı. Bütün bunlarla yanaşı, stadionun – mitinq yerinin kameralarla total kontrol altına alınması faktı! Bütün bunlara baxmayaraq, aksiya yerinə qabakılardan böyük axın. Neqativ özü də iki qrupdur: xarakterə bağlı; göstərişə bağlı…
Mitinqdən bir gün qabaq axşam Feysbuk səhifəmə girəndə çaşıb qaldım: səhifəm başdan-başa 29 mart mitinqinə çağırışla dolmuşdu. Gerçəyi sonra öyrəndim: rejim mitinqi pozmaqla bağlı daha bir provokasiyaya baş vurmuşdu. Mitinq gününədək pozuculuq axarında nələr etmədilər?! Özlərinin çoxsaylı resursları azlıq edirmiş kimi, Rəsulzadə adına bağlı bəlli satılmış qəzeti də işə salmışdılar. Yuxarıda sözügedən tanınmış aksiya dəyərləndiricisi bu qəzetin sevimli subyeklərindəndir. Baş redaktorla birgə onların işi I.Əliyevin tezliklə “kardinal islahatlara” başlayacağı anonsunu verməkdir. Bu sayaq çağaşırı anonslar “qazanın qapağını qaldırmaq”, aksiyadan sonra “cəmiyyət aksiyaya dəstək vermədi” demək bayramlığı üçündür!