Hökumətin növbəti hüquq biabırçılığı

Saxta diplom verənlər azadlıqda gəzir, günahsız hüquq müdafiəçiləri isə həbsdədir

 
Müzəffər Baxışov: «Belə qərarları siyasi hakimiyyət qəbul edir»
 
Mətbuatda dəfələrlə rəsmi orqanlara istinadən ciddi qanun pozuntularının baş verdiyi barədə məlumat yayılsa da, daha sonra baş verənlərlə bağlı hərtərəfli araşdırmanın şahidi olmuruq. Məsələn, bir neçə gün əvvəl yayılan xəbərdə bildirilir ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2014-cü ildə apardığı maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə məlumat yayıb.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, 14 rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, mənzil kommunal təsərrüfatı qurumlarına, həmçinin, 14 təhsil, 7 tibb, 1 mədəniyyət, 2 meliorasiya müəssisəsinə və 2 diplomatik nümayəndəliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, habelə Maliyyə Nazirliyinin 5 yerli maliyyə orqanının yerli gəlir və xərclərin tərtibi və icrası üzrə işləri yoxlanılıb.
Yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti nazirliklərə məktublar göndərilib.
Yoxlamaların gedişində də nöqsanların aradan qaldırılması istiqamətində xeyli işlər görülüb, yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin əsas hissəsinin (4910,3 min manat) yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib. Mövcud qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 52 sinif komplekti və məktəbdənkənar müəssisələrdə təşkil olunmuş 140 dərnək və qrup, normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib. Həmçinin normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.ÿ
Və yaxud da 2015-ci ilin ötən iki ay ərzində Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 86 şikayətə Səhiyyə Nazirliyində baxılıb. SəhiyyəÿNazirliyinin Hüquq və Daxili Nəzarət Sektorundan APA-ya bildirilib ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 21 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb, 71 şikayət əsassız hesab edilib.
Bundan əlavə, görülmüş yoxlama tədbirləri nəticəsində 19 saxta diplom aşkar olunaraq, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş Idarəsinə göndərilib.
Amma əksər hallarda biz hərtərəfli araşdırmalı olan işlərlə bağlı ciddi nəticələri görmürük. Bir çox hallarda cinayətkarlar ya yüngül cəza alır, ya da, ümumiyyətlə, cəzasız qalırlar.
Halbuki qat-qat aşağı məbləğin mənimsənilməsində ittiham olunan tanınmış QHT rəhbərləri hazırda qondarma ittihamlarla həbsdə yatırlar.
Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, Azərbaycanda hüquq mühafizə orqanları tam formada siyasiləşib. Hüquq mühafizə orqanlarının əslində dövlətin maraqlarından çıxış etməli olduğunu deyən M.Baxışov bildirdi ki, Azərbaycanda isə iqtidarın maraqlarından çıxış edilir: “Yoxlamalar zamanı ayrı-ayrı idarə və təşkilatlarda dövlət vəsaitlərinin mənimsənilməsi faktları aşkar edilir. Xüsusilə də Hesablama Palatası rayonlara ayrılmış büdcə vəsaitlərini bu və ya başqa rayonu yoxlayarkən belə ciddi faktlar aşkarlayır. Əfsuslar olsun ki, bu faktların aşkar olunmasına baxmayaraq buna görə məsuliyyət daşıyan vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması baş verməyib. Belə qərarları siyasi hakimiyyət qəbul edir. Əgər Prezident Administrasiyasından razılıq verilirsə, prokurorluq bu işlər üzrə cinayət işinə başlayır. Belə bir razılıq olmayanda prokurorluq bu faktlarla bağlı heç bir qanuni tədbir görə bilmir. Prokurorluq bu istiqamətdə göstərişləri Prezident Administarsiyasından alır. Əslində isə belə olmamalıdır. Bu faktlar hüquq mühafizə orqanlarına bəlli olduqdan sonra cinayət işi başlanmalı həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.
Hakimiyyəti tənqid edən tanınmış QHT rəhbərlərinin həbs olunmasına gəlincə, M.Baxışov bildirdi ki, eyni siyasi göstərişlərlə hərəkət edilir: “Mətbuatda üç QHT barəsində məlumat verilmişdi. Həmin QHT-lərin təxminən eyni həcmdə vəsait aldığını göstərilmişdi. Amma yalnız QHT rəhbərlərindən birini məsuliyyətə cəlb etdilər. Digər iki QHT rəhbəri barəsində siyasi göstəriş olmadığı üçün onlara toxunulmadı. Əslində digər iki QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunan QHT rəhbərindən daha ağır cinayət törətmişdilər”.
Hikmət