Almaniyanın Konstitusiya Məhkəməsi hicab tərəfdarlarını sevindirdi

Azərbaycanda da belə bir təşəbbüslə çıxış etmək olarmı?

 
Xəbər verildiyi kimi, Almaniya Konstitusiya Məhkəməsi məktəblərdə müəllimlərə də aid edilən hicab qadağasının din azadlığı ilə uyğun gəlmədiyi barədə qərar verib.
Şimali Reyn Vestfaliya torpağında keçirilən məhkəmədə hicab qadağasının Konstitusiyaya uyğun gəlmədiyi barədə iki müraciətə baxılandan sonra qərarda tərəfsizlik və məktəbdaxili sülh baxamından çıxış edildiyi bildirilib və hicabla bağlı qadağaya ciddi əsas olmadığı vurğulanıb.ÿ
Xatırladaq ki, 2003-cü ildə Ştutqartlı müəllim Fereşta Ludla bağlı işdə Konstitusiya Məhkəməsi qanuni əsası olduqda məktəblərdə hicabın qadağan edilə biləcəyi barədə qərar vermişdi.  Daha sonra bir çox əyalətlərin yerli hakimiyyətləri məktəblərdə hicabın qadağan edilməsi ilə bağlı qərar verib.ÿKonstitusiya Məhkəməsi Reyn Vestfaliya torpağı ilə verdiyi qərarda belə qadağanın Konstitusiyaya zidd olmasını vurğulayıb.
Hicabla bağlı problem uzun müddətdir ki, ölkəmizdə də yaşanır.  Problemin dərinliyi orta ümumtəhsil məktəblərində daha çox üzə çıxır. Çünki bəzi valideynlər hicabla bağlı qadağaya görə övladlarını məktəbə yollaya bilmir. Görəsən, Almaniyadakı təşəbbüslə bizdə də çıxış etmək olarmı?
Nardaran ağsaqqalı Məşədi Natiq Kərimovun qənaətincə, Almaniya məhkəmələriylə Azərbaycan məhkəmələrinin arasında yerlə-göy qədər fərq var. Məşədi Natiq Almaniya hökumətinin quruluş forması baxımından da bizdən fərqləndiyini deyərək orda qanunun aliliyinin qorunduğunu xatırladır:
“Qanun orda hökmranlıq edir. Bizdə isə bu məsələlər kiminsə iradəsindən asılı olan məsələlərdir. Ona görə də hicabla bağlı Almaniyada atılan addım burda baş verməz. Mən inanmaram ki, yuxarıdan əmr gəlməsə, hakimiyyət bu məsələni özü həll etməsə, heç bir məhkəmə bu işə cürət etməz. Ali Məhkəmə, Apellyasiya Məhkəməsi və Konstitusiya Məhkəməsi heç vaxt Almaniyadakı kimi qərarlar qəbul edə bilməz. Bizim məhkəmələr şoudan başqa bir şey təqdim etmir”.
Nigar