Kosmik sayğaclar

Yer üzündə insan qədər qəribə canlı yoxdur hər halda. Öz əlindən bir iş gəlmədiyi halda, başqalarına qulp qoymağı, badalaq vurmağı, əngəl törətməyi mərifət bilən  tək canlı insandır, şübhəsiz.  Sən nə qədər xoş niyyətli, doğru-dürüst, haqlı olsan belə, bəzilərinin ağzı düzəlməz. Çünki məsələ ağızda deyil, qəlbin içindədir, xislətin naqisliyində, niyyətin pisliyindədir. Başqa bir şey də var. Bunu dəfələrlə yazmışam. Qorxaq, aciz, kölə ruhlu, dönük, bacarıqsız adamlar hamının özünə bənzəməsini istər. Özləri elə olduğundan, saf və cəsur insanların varlığı onlara rahatlıq verməz, dadını qaçırar, yuxusunu pozar. Bizi nədə ittiham edirlər? Haqlı və cəsur olduğumuza görəmi? İnsanlığın böyük dəyər olub, kölə kimi yaşamağa dəymədiyinə inandığımıza görəmi? Bütün hədə-qorxulara, əngəllərə, böhtan və itkilərə baxmadan, yola davam etməyin şərəfli bir iş olduğunu ucadan səsləndirdiyimizə görəmi? Bizim etdiklərimizi edə biləcək qədər mərd, vicdanlı, dürüst və  cəsarətli ola bilmədiklərinə görəmi? Bunları açıq-açığına söyləyən yox. Çünki onu söyləyəcək qədər ürəkli də deyillər axı. Necə ki, yaşadıqları ölkədə baş verən bunca zülmə, ədalətsizliyə, qansızlığa cınqır çıxaracaq qədər ürəkli deyillər. Bizim də ittiham olunduğumuz bir açıq şey var ortada-sayımız. Bu adamların başqa dərdi yoxdur anlaşılan. Görünür, özlərini hardasa saydırmaq üçün bizi saymaqla məşğuldurlar-həm də yerdən deyil, kosmosdan…
Dünən hər şeyi gördük. Bu ölkə üçün imkansız şərtlər daxilində yaxşı bir etiraz aksiyası keçirildi. Amma deyəsən həmin kosmik sayğacları xeyli öncədən quraşdırıblarmış. Aksiyadan evə dönüncə artıq bizi oradan “saymışdılar”. Yalanın da bir həddi, bir rəngi, bir çərçivəsi olar. Bu adamlarda yox, vallah. Təki şikayətlənsinlər, təki narazı qalmağa ipucu tapılsın,  təki qaralamağa bəhanə olsun. Bu bacarıqsız, narazı, şikayətçi adamlara məcburən bir stəkan qır duzlu su içirdib, acını daddırmaq lazımdır sadəcə.  Belə bir hekayə də var…Bir yaşlı usta şagirdinin davamlı olaraq hər şeydən şikayətlənməsindən bezmişdi.  Günlərin birində şagirdini duz almağa göndərdi. Döndüyü zaman ondan bir ovuc duzu bir stəkan suya atıb içməsini istədi. Şagird onun dediyini etdi, amma içər-içməz ağzındakı suyu  qaytarmağa başladı. “Dadı necədir ?”- usta hirslə soruşdu. “Acı?”- deyə cavab verdi şagird. Sonra usta onu götürüb irəlidəki gölün sahilinə apardı və bir ovuc duzu gölə atıb, yenə içməsini istədi. Şagird suyu içincə usta yenə  “necədir, duzun dadını aldınmı barı ?”- deyə soruşdu. “Yox” –dedi şagird. O halda usta gölün qırağında diz çökmüş şagirdinin yanına oturub dedi: “Həyatdakı əzab-əziyyətlər də duz kimidir, nə azdır, nə də çox. Onun miqdarı həmişə eynidir. Ancaq bu iztirabın acılığı, nəyin içində olduğuna bağlıdır. İztirabın olduğunda lazım olan tək şey onunla bağlı hisslərini genişləndirməkdir. Buna görə, sən də artıq stəkan olmağı burax, göl olmağa çalış.”
Müəllifini xatırlamıram, amma belə gözəl bir deyim var: “Neqativ yüklü insanlardan uzaq durun, sizin xəyallarınızı oğurlayarlar”.  Bizi nə qədər istəyirsiniz sayın, istər kosmosdan, istər yerdən… Az olmağımızı baş qaxıncı etməklə, bizi doğru yoldan döndərə bilməyəcəksiniz. Bizi öz neqativ və heysiz düşüncələrinizlə “güclü və geniş” saydığınız sıranıza qata bilməyəcəksiniz. Bəlkə əliniz çox şeyi, hətta sayımızı belə oğurlamağa yetər. Amma biz xəyallarımızı oğurlamağınıza yol verməyəcəyik. Özünüzü yormayın, biz onsuz da yolumuza davam edəcəyik. Şəksiz, qazanan tərəf  də biz olacağıq. Yaxşısı budur, siz stəkan olmağı buraxın, göl olmağa səy göstərin.  Kim bilir, bəlkə nəsə alındı…