
Nemət Əliyev: «ARDNŞ investisiya yatırımlarını öz vəsaitləri hesabına etməlidir»
Dünyada neftin qiymətinin aşağı düşməsi, manatın məzənnə itkisi Azərbaycanı sürətlə valyuta itkisi ilə üz-üzə qoyub. Ötən bir neçə ay ərzində Mərkəzi Bank ehtiyatlarından 4 milyard xərcləməli olub. Bu vəsait manatın məzənnəsinin sabit saxlanmasına yönəlib. Hakimiyyətin öyünərək “təhlükəsizlik yastığı” kimi təqdim etməyə çalışdığı Neft Fondunun ehtiyatları isə reallda dövlətin yardımına çata bilməz.
Çünki Neft Fondunun vəsaitlərin yanlış istifadə onların sürətlə tükənməsinə səbəb olub. Ölkəyə daxil olan 110 milyard neft pulundan təxminən 35 milyard vəsait qalıb. Həmin vəsaiti də lazım gələndə böhrandan çıxmaq üçün xərcləmək mümkün deyil.
Fondun məlumatına görə, 2014-cü ilin sonunda valyuta vəsaitlərinin həcmi 37,148 milyard dollar olub. Dekabr ayında qeydə alınan vəsaitin həcmi aprel ayından bəri ən aşağı səviyyə düşüb.
ARDNF-in vəsaitlərinin 54,1 faizi ABŞ dollarında (19,869 milyard dollar), 33,9 faizi avroda (10,252 milyard avro), 4,8 faizi ingilis funt sterlinqində (1,159 milyard funt sterlinq), 3,1 faizi (30,17 ton) qızılda, 1,2 faizi (481,9 milyard von) Koreya vonunda, 1,2 faizi türk lirəsində (994,7 milyon lirə), 1,2 faizi rus rublunda (25,565 milyard rubl), 0,5 faizi Avstraliya dollarında (215 milyon dollar) saxlanılır. Ehtiyatların 1,1 faizi (408 milyon dollar) Azərbaycan manatındadır.
Fond aktivlərinin 80,6 faizini istiqrazlarda saxlayır. 6,9 faizi depozitlər və pul bazarı alətlərində, 5,4 faizi səhmlərdə, 3,1 faizi qızılda, 2,9 faizi daşınmaz əmlakda, 1,1 faizi müxtəlif layihələrə investisiyalardadır.
Vəsaitlərin 45,9 faizi korporativ istiqrazlarda, 19,2 faizi maliyyə istiqrazlarında, 15 faizi agentliklərin və beynəlxalq təşkilatların istiqrazında, 8,1 faizi qısamüddətli kommersiya kağızlarında, 6,7 faizi suveren borc kağızlarında, 5,1 faizi zəmanətli istiqrazlarda saxlanılır.
ARDNF vəsaitlərinin 41,5 faizini (15,4 milyard dollar) 1 ilə qədər olan müddətdə yerləşdirib. 29,9 faizini 1-3 il müddətinə, 7,1 faizi 3-5 il müddətinə, 9,1 faizi 5 ildən artıq müddətə yerləşdirilib. Aktivlərin 12,4 faizi səhmlər, daşınmaz əmlak və qızıldadır.
Neft Fondunun vəsaitlərinin 51,75 faizi Avropaya, 24,04 faizi Şimali Amerikaya, 13,54 faizi Uzaq Şərq regionuna, 3,42 faizi Cənubi Amerikaya, 1,23 faizi Yaxın Şərqə, 0,01 faizi Afrikaya yönəldilib.
Vəsaitlərin 73,93 faizi inkişaf etmiş ölkələrdə, 20,5 faizi inkişaf etməkdə olan ölkələrdə, 6,01 faizi beynəlxalq maliyyə təşkilatlarındadır.
Göründüyü kimi Neft Fondunun aktivləri ya daşınmaz əmlakda, ya qiymətli kağızlarda, ya da ayrı-ayrı təşkilatların idarəteməsindədir.
Amma Neft Fondunun üzərinə daha bir yük qoyulur. Ümumi dəyəri 40 milyard dollar olan və bu xərcin bir hissəsini məhz Azərbaycanın çəkəcəyi “Şahdəniz-2" layihəsinin reallaşması da Neft Fondunun üzərinə qoyulub. Azərbaycan Dövlət Neft Şirkətinin investisiya və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bəyan edib ki, neftin ucuzlaşması fonunda SOCAR ”Şahdəniz Mərhələ 2" layihəsindəki payının maliyyələşdirilməsi məsələsinə yenidən baxmağa başlayıb. SOCAR rəsmisinin sözlərinə görə, şirkət layihədə iştirakını öz vəsaitlərindən, xüsusilə Azərbaycan Dövlət Neft Fondunun resurslarından istifadə etməklə təmin edəcək".
Iqtisadçı Nemət Əliyev bildirdi ki, 2015-ci ilin iki aylıq sosial-iqtisadi göstəricilərinə nəzər yetirsək məlum olacaq ki, Azərbaycan hakimiyyətinin ən çox ağırlıq verdiyi mədən sənayesi neftin qiymətinin düşməsinin fonunda ağır günlərini yaşayır. Yalnız son iki ay müddətində sənayevdə ümumi gəlirlər 1.7 milyard manat məbləğində azalıb: “Belə bir vəziyyət ilk növbədə sənayenin digər sahələrinə, xüsusən də emal sahələrinə sirayət edir. Ona görə də bu sahələrdə də 84 faizdən çox tənənzül müşahidə olunur. Toxuculuq, metalurgiya, geyim istehsalı və sair sahələr ciddi təsir görüb. Bu yalnız neftin qiymətlərinin aşağı düşməsindən sonra baş verib. Hökumət də bunun qarşısını almaqda acizdir. Hətta yanvarla müqayisədə fevralda neftin hasilatı da aşağı düşüb. Eyni zamanda qaz hasilatı da aşağı düşüb”.
Hökumət yol verdiyi səhvlərdən ibrət dərsi götürmədiyini deyən N.Əliyev vurğuladı ki, xaricdən gələn tövsiyyələr də qulaqardına vurulub. N.Əliyev hesab edir ki, hakimiyyət anlamalıdır ki, bu cür siyasətdən imtina olunmalıdır. Şahdəniz-2 layihəsinin reallaşmasının da Neft Fondunun üzərinə qoyulmasına gəlincə N.Əliyev qeyd etdi ki, ARDNŞ dünyanın bütün ölkələrinə pul səpməklə məşğul olsa da, öz hesabına investisiya yatırımına diqqət ayırmır: “ARDNŞ investisiya yatırımlarını öz vəsaitləri hesabına etməlidir. Əgər ARDNŞ-in bu cür imkanları yoxdursa, xərcləri ertələmək mümkündür. Hökumət nədənsə elə başa düşür ki, Azərbaycan iqtisadiyyatının donorluq qabiliyyəti hamısı neft-qaz sektorundadır. Bu cür yanlış düşüncə tərzi də başqa sahələr barədə düşünmək imkanlarından məhrum edir”.
N.Əliyevin sözlərinə görə, yanlış düşüncə tərzi dominant mövqedə olduğundan fərqli məsələlər barədə düşünə də bilmirlər. N.Əliyev bildirdi ki, Azərbaycan hakimiyyəti neft pullarının 80 milyarddan artığını xərcləyib. Amma bu xərclənmədən sonra xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində real nəticələrə nail olunmayıb: “Maliyyə Nazirli, Hesablama Palatasının birbaşa vəzifəsidir ki, sərf olunan maliyyə vəsaitlərinin istiqamətini müəyyən etsin. Xərclənmiş maliyyə vəsaitlərinin ciddi şəkildə təftişinə başlanmalıdır. Çünki bu pullar sağa-sola xərclənsə də ortada bir şey yoxdur”.
Xəyal