Emal sənayesi də çökür

İqtisadçı ekspert Nemət Əliyev Facebook səhifəsində Azərbaycanda emal sənayesindəki tənəzzüldən yazıb:

"Azərbaycan xalqı yeni işsizlər ordusunu qəbul etməyə hazır olmalıdır. Ölkənin emal sahələrində əmələ gəlmiş tənəzzülün qarşısını almaq mümkün olmur. Bu ilin əvvəlindən ötən iki ay ərzində həyata keçirilən əks tədbirlər kara gəlməyib. Ötən ilin yanvar-fevral dövrü ilə müqayisədə toxuculuq sənayesi 79,7%, poliqrafiya fəaliyyəti 68,4%, kompyuter və digər elektron avadanlıqlar istehsalı 66,4%, metallurgiya 51%, mebel istehsalı 29,6%, əczaçılıq 27,7%, geyim istehsal edən sahələr 22,6%, maşın avadanlıqları istehsalı 18,3% azalıb. Ümumi emal sahələrinin “84%-dən çoxunu” böhran bürüyüb. Bu sahələrdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin toplu gəlirləri 2 ayda “75 milyon manatdan çox” azalıb. İstehsal həcminin əhəmiyyətli dərəcədə azalması işçilərin ixtisar olunmasını gündəmə gətirir. Qeyd edək ki, emal sahələrində 220 mindən çox məşğul əhali cəmlənib. Nəticəli tədbirlər alınmasa işsizlik səviyyəsinin artmasının qarşısını almaq mümkün olmayacaq".