Cəlilabadda partlayışda yanan 4 nəfər Bakıya gətirildi

Cəlilabad rayonunda yaşayış evində 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələn güclü partlayış baş verib.
 
APA-nın cənub bürosunun məlumatına görə,  hadisə  bu gün səhər saatlarında Cəlilabad şəhərinin Səttarxan küçəsində Tacəddin Mirzəbəy oğlu Hüseynovun ailəsi ilə kirayənişin yaşadığı evdə qeydə alınıb. Hadisə şahidlərinin sözlərində görə , ərazidə təbii qazın kəsilərək yenidən verilməsindən xəbərsiz olan  Tacəddin Hüseyinov evdəki  qaz sobasını yandırmaq istəyərkən yanğınla müşayiət olunan güclü partlayış olub.
 
Partlayış zamanı ev sakini ilə yanaşı onun arvadı  Samirə Hüseynova, onların iki azyaşlı yaşlı oğlanları  – 11 yaşlı Mirhəbib və  13 yaşlı Mirhumay Hüseynovlar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.Y aralılar qonşular tərəfindən dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan APA-nın yerli bürosuna verilən məlumata  görə, burada yaralılara lazımi tibbi yardım göstərilib, lakin vəziyyətləri ağırlaşdığından Bakıdakı Yanıq Mərkəzinə yola salınıblar. 
 
Qeyd edək ki, ümumi sahəsi 252 kv.m olan ikimərtəbəli 10 otaqlı evdə baş verən yanğın nəticəsində həmçinin evin 1-ci mərtəbəsindəki məişət avadanlıqlarının bir qismi yanaraq yararsız hala düşüb
 
Faktla bağlı araşdırma aparılır.