Bakıda böyük qiyməti artımı

Ərzağın bahalaşması manatın ucuzlaşmasını 2 dəfə üstələyir
 
Altmış yaşlı Məmməd dayı dünən baş çəkdiyi yarmarkadan çox məyus qayıdıb. "Bu ilki Novruz bazarlığı keçən ilkindən 2 dəfə baha başa gəlir", – deyə 60 yaşlı Bakı sakini ANS PRESS-in əməkdaşı söhbətində gileylənib. 
 
"İki nəfər üçün çərəzə və quru meyvəyə 50 manatdan artıq pul xərclədim. Keçən il aş qarası da qarışıq bütün xərclərim 25-30 manatı keçmədi", – deyə ağsaqqal sözlərini faktlarla əsaslandırır: "Təsəvvür edin, bazarda kiloqramı 30 manata qoz ləpəsi var. Ən ucuz ləpəni 15 manata deyirdilər. Keçən il kilosu 8 manatdan da ləpə tapmaq mümkün idi".
 
ANS PRESS-in araşdırmasına görə, indi bəzi məhsullar məhəllə dükanlarında yarmarkalara nisbətən daha ucuzdur. Məsələn, hazırda məhəllə dükanlarında qoz ləpəsininin kiloqramını 9 manatdan da tapmaq olar. Yaxud Novruz bayramının əsas elementi olan yumurtaların qiyməti məhəllə dükanlarında xeyli ucuzdur. Məhəllə dükanlarında 15 qəpiyə satılan kənd yumurtası yarmarkada 20 qəpikdən satılır. Yaxud 0,9-1 manata satılan kartofun qiyməti yarmarkalarda 1 manat 30 qəpiyə qədər qalxa bilir. 
 
Əhali bayram qabağı bol çeşidə görə bazarlara və yarmarkalara axın edir. Bu isə bəzi satıcıların sərt bazar qanunlarından yararlanaraq qiymətləri artırmasına imkan yaradır. İlkin müşahidələrə görə, bu cür qiymət artımları əsasən uzun illərin möhtəkirlik təcrübəsinə malik alverçilər tərəfindən edilir. Alıcılar bəzilərini hətta üzdən tanıyır. Vaxtilə bazarlarda, metro girişlərində alver edən bu insanlar hansısa sənədlər düzəldərək indi də yarmarkalara transfer ediblər. Bayram qabağı qiymət artırma neçə illərdir bu adamların əsas gəlir variantlarından birinə çevrilib.
 
Bu isə Azərğbaycana inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində olduğu kimi ucuz bayram bazarları praktikasını təmin etməyə imkan vermir. Məsələn, qonşu Türkiyədə bayram ərəfəsində geniş miqyaslı ucuzlaşma müşahidə edilir. Dövlət qurumlarının və kütləvi informasiya vasitələrinin ucuz qiymətlərə nail olmaq üçün gərgin işi ilə yanaşı kiçik biznes təmsilçiləri də bu istiqamətdə böyük işlər görürlər. Türkiyə ticarətçiləri bayram ərəfəsində qiyməti qaldırmaqla pul qazanmırlar, əksinə qiyməti cüzi aşağı salmaqla satışları artırırlar və bu da onlara böyük gəlir gətirir. 
 
Maləsən, Azərbaycan alverçiləri hələ ki, ucuz qiymətlərlə pul qazanmaq təcrübəsini mənimsəyə bilməyiblər. Buna görə də bəzi alverçilər bayram günləri qiyməti qaldırmaları üzündən heç pul qazana bilmirlər. Bəzi alverçilər isə əksər malları xaricdən dollarla aldıqları üzündən qiymətləri qaldırdıqlarını deyirlər. Məsələn, bayramın əsas ərzaq məhsullarından olan yerkökü son bir-iki həftədə 70 faizdən çox bahalaşıb, əvvəlcə kiloqramı 70-90 qəpiyə satılan kökün kiloqramının qiyməti indi 1,2 – 1,5 manatdır. Alverçilər iddia edir ki, kökü Türkiyədən aldıqlarına görə, qiyməti bahalaşıb. Amma ANS PRESS-in araşdırmasına görə, bu heç də belə deyil – Azərbaycanda satılan kökün əksər hissəsi hissəsi yerlidir, Kür və Araz boyunca yerləşən rayonlarda yetişdirilir. Sadəcə, alverçilər bayramdan istifadə edərək qiyməti qaldırırlar. 
 
Düzdür, yarmarkalara nəzarət edən dövlət qurumundan – Kənd Təsərrüfatı Nazirliydən (KTN) qiymət artımını dayandarmaq üçün girgin işlədiklərini bildirirlər. "Biz hər bir yarmarkanın girişinə maksimum qiymətləri yazmışıq. Yəni bazara girən adam müəyyən edilən maksimum qiymətlərdən yuxarı qiymət görəndə bizə müraciət edə bilərlər. Biz satıcılara maksimum şərait yaradırıq – onlardan yerpulu alınmır, mallarını rahat satmaları təmin edilir. Buna görə də bizim tövsiyyələrə uyğun hərəkəit edərək malı ucuz satmalıdırlar. Nazirliyin nümayəndələri də bazarlarda gəzərək qiymətin qalxmasına yol vermirlər. Bu məsələdə mətbuat da bizə kömək edir. Mən vətəndaşlardan xahiş edirəm ki, yarmarkada qiyməti artıranları görəndə bizə müraciət etsinlər. Çünki biz bütün satıcıları tam nəzarətdə saxlaya bilmərik", – deyə KTN mətbuat xidmətinin başçısı Murtuzəli Hacıyev ANS PRESS-ə bildirib. 
 
Onun sözlərinə görə, KTN tezliklə yarmarkalarda səsucaldanların vasitəsi ilə qiymətləri elan edilməsinə nail olacaq: "Qiymətlərin ucudun səslə tez-tez təkrar edilməsi möhtəkirlərə psixoloji təsir etməklə yanaşı müştərini qiymətlərdən xəbərdar edəcək",- deyə KTN təmsilçisi vurğulayır.