
İstanbuldakı Azərbaycan Konsulluğu önündə keçirilmiş aksiyada 100-ə yaxın ictimai-siyasi fəal iştirak edib.
Etirazçılar "Heyvana, insana azadlıq", "Bakıda dövlət heyvanları yandırır, susma", "Avropa Oyunlarını Boykot", "Hamımız Heyvanıq", "Azərbaycana qırmızı kart" kimi şüarlar səsləndirib.
Nümayişin sonunda etirazçılar Konsulluq önünə it silueti formasında kül səpiblər.
"Azərbaycan – ölüm yurdu" şüarlı plakat
Güray Tezcan, heyvan haqları fəalı mətbuat açıqlamasını oxuyaraq Azərbaycanda "yalnız heyvan haqlarına deyil, insan haqlarının da tapdanmasına" diqqət çəkib.

"Bu təfəkkür küçə heyvanlarını ortadan qaldırılması gərəkən ünsürlər olaraq görür", o deyib. "Bu təfəkkür insan-heyvan ayırd etmir. Bunun konkret nümunəsi var – rəsmi Bakının müxalif kəsimlərə tətbiq etdiyi hədə-qorxu, fiziki şiddət və həbslərdir".
Bəyanatda həmçinin deyilib ki, bu dəqiqə Azərbaycanda "küçə heyvanlarının qətliamına etiraz nümayiçi yoxdur, çünki Azərbaycan etiraz edənləri birbaşa içəri atır".
"Hazırda orda pozulan sadəcə heyvan haqları deyil, bir tərəfdən də insanların toplaşma və ifadə azadlıqları əllərindən alınır. Küçə heyvanlarının qətliamını söyləmək belə həbsə düşmə səbəbiniz ola bilər. İfadə azadlığının bir heç sayıldığı Azərbaycanda hüquq müdafiəçiləri, jurnalistlər, aktivistlər, QHT mənsubları bir-bir həbs edilməkdədir".
"Bakıda dövlət heyvanları yandırır, susma"
Güray Tezcan həmçinin qeyd edib ki, heyvanlara yönəlik şiddət təkcə Azərbaycana aid deyil. O, bu məsələdə Türkiyədəki və dünyadakı vəziyyətə də diqqət çəkib, heyvanların addımbaşı şiddət gördüyünü deyib.

Küçə itlərinin yandırılmasının iddia olunduğu videoların yayılmasından sonra, dünyada heyvan haqları fəalları Azərbaycan hakimiyyətini "bu qəddarlığa son qoymağa" çağırıb.
Hökumət isə sözügedən videonun Azərbaycanda çəkilmədiyini deyir. Prezidentin köməkçisi Əli Həsənov medianın bu məsələni işıqlandırmasını qara piar adlandırıb və əlavə edib ki, bu kimi "faktları" ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar.