Necə bir ölkədə yaşadığımızı görürsünüz. Bazar günü Milli Şura ölkədəki bahalaşmaya etiraz olaraq mitinq təyin edib. Hər şey qayda-qanunla edilib, heç bir pozuntu-filan yoxdur ortada. Tələb olunan şəkildə rəsmi orqanlara məktub göndərilib, sosial şəbəkələrdə və mətbuatda xəbərlər yayılıb, təbliğat da elə həmin müstəvidə aparılır. Gəl ki, hökumətin pozucu ünsürləri rahat otura bilmirlər yenə də. Sosial şəbəkələri, muzdlu mətbuat orqanlarını, televiziyaları işə salıb böhtan, təhqir dolu qaralama təbliğatı başladırlar. Bunun işə yaramadığını görüb bir az da uzağa gedirlər. Mitinqə icazə məktubu verilməli tarixdə saxta məktub yayıb insanları çaşdırırlar. Yenə də ürəkləri soyumur. MŞ-nin sədri Cəmil Həsənlinin çağırış və dəvət elanı yayılan FB səhifəsini ələ keçirib mitinqin tarixini dəyişirlər. 4-5 saatdan sonra mitinqə rəsmən icazə verildiyi məlum olur. Bu artıq hökumət dairələri tərəfindən yüksək səviyyədə təşkil olunmuş təxribatdan başqa bir şey deyil. Siz hələ bunun adına da mitinqə icazə vermək deyirsiniz, eləmi? Əmin edirəm ki, bu təcrübənizi geniş yaya bilsəniz, tarix üçün böyük yenilik etmiş olarsınız. Şeytanın ağlına gəlməyən bu qədər əcaib şeylər haradan gəlir belə ağlınıza? Ölkənin inkişafı üçün bu hoqqaları çıxarsaydınız, bilirsiniz indi haralara qədər irəliləmişdik?
Xülasə… Bu təxribatlar baş qatmağa yarayır bəlkə, amma on illərdir ağır yolların sınağından çıxmış adamlara əngəl olmağa əsla! Demək olar ki, bu mitinqə çağırış edən fədakar insanlar 3-4 saatın içində hər şeyi axarına saldılar. Çağırış elanı bərpa olundu və qısa zamanda on minlərlə insana dəvət göndərildi. Sosial şəbəkələrdə yüzlərlə insan əks-təbliğatı ifşa edən yazılar paylaşıb, dəstəyini bildirdi. Bir sözlə, hər şey qaydasındadır artıq.
Indi söz sizdədir. Bu gün həyat səviyyəsindən razı olan neçə nəfər var aranızda? Neçə nəfər ölkədəki, bahalaşmaya, israfçılığa, talana qarşı çıxıb etirazını bildirməyi özünə borc bilir? Bu ölkə bizimdir axı. Başqası gəlib bizim üçün nəyisə dəyişməyəcək ki, burada. Gəlin, bu zəngin ölkədəki yoxsul həyatınız üçün haqqınızı tələb edin, etiraz səsinizi ucaldın, hökumətdən hesab istəyin. “Talana və yalana yox” demirsinizsə, bu sadəcə, halınızla barışmaq anlamına gəlir. Gəlin, artıq hər kəsin səfini bəlli etmək vaxtdır!