Əli Həsənov hansı media azadlığından danışır?

Rahim Hacıyev: «Hakimiyyətin azad sözə dözümlü münasibəti olsaydı, Azərbaycan dünyada ən çox jurnalist həbs olunduğu ölkə olmazdı»

 
Elçin Şıxlı: «Bizim həmkarlarımızın təqibi də, həbsi də yazdıqlarına görədir»
 
Azərbaycanda söz və mətbuat azadlığının təmin edildiyi ilə bağlı reallıqla səsləşməyən daha bir bəyanat verilib. Bəyanatın müəllifi Prezident Administrasiyası Ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovdur. O, həm də eyni məsələlər üzrə prezidentin köməkçisidir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi Informasiya Vasitələrinin Inkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi tədbirdə çıxışı zamanı Əli müəllim deyib ki, Azərbaycanda azad media mühiti, azad internet var:
“Hər bir jurnalist senzuraya məruz qalmadan materiallar, məlumatlar toplayır və ictimai müzakirəyə çıxarır. Yazısına görə təqib edilən jurnalist yoxdur. Təəssüf ki, müəyyən maraqlardan çıxış edən bəzi beynəlxalq təşkilatlar azad media mühitinin olmaması və digər bəhanələrlə müxtəlif beynəlxalq mətbuat orqanlarında çıxış edirlər. Bunlar hamısı uydurmadır. Azərbaycandakı plüralizm mühiti dünyanın heç bir ölkəsindən geri qalmır. Biz bu sahədə tək postsovet yox, aparıcı Qərb ölkələrinin media mühiti ilə yarışmağa hazırıq”.
Müxalif çap mətbuatının satışının məhdudlaşdırıldığı, qəzetlərin maliyyə durumunun daha da ağırlaşdırılması üçün hər cür addımın atıldığı bir zamanda belə bir bəyanat gülünc görünür.
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirdi ki, Azərbaycan söz azadlığının ən çox məhdudlaşdırıldığı və jurnalistlərin ən çox təzyiqə məruz qaldığı ölkələrdən biridir. Hakimiyyətin siyasətini tənqid edən jurnalistlərin başqa ittihamlarla həbs edildiyini deyən R.Hacıyev qeyd etdi ki, bu tendensiya artıq heç kimi təcübləndirmir: “Təkcə ”Azadlıq" qəzetinin nümunəsində hakimiyyətin azad sözə qarşı nə qədər aqressiv olmasını görmək mümkündür. 2006-cı ildən başlayaraq qəzetin baş redaktoru, satirik yazarı, siyasət şöbəsinin müdiri saxta ittihamlarla həbs ediliblər. Ölkənin ən populyar qəzeti olan “Azadlıq”a reklam verilməməsi təzyiq deyilmi? Ölkənin ən populyar qəzetinin hökumətin yardımından məhrum edilməsi həqiqətləri yazmağı özünə borc bilən qəzetə aqressiv münasibətin göstəricisi deyilmi? Hakimiyyətin azad sözə dözümlü münasibəti olsaydı, Azərbaycan dünyada ən çox jurnalist həbs olunduğu ölkə olmazdı. Hökumət firması olan “Qasid”in “Azadlıq” qəzetinə olan 69 min manat borcunun qaytarılması istiqamətində heç bir addımın atılmaması bəlkə bizə yaxşı münasibətin göstəricisidir?". 
Çapı dayandırılmış “Ayna” və “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirdi ki, hüquqi cəhətdən Ə.Həsənovun iddiasını həqiqətə uyğun saymaq olsa da, reallıq tam başqa cürdür. Azərbaycanda çox az sayda qəzetin və onların saytının ölkə reallıqlarını olduğu kimi yazdığını deyən E.Şıxlı vurğuladı ki, sonradan həmin tənqidi yazıya görə jurnalistlər təqibə məruz qalırlar: “Amma təqiblərə məruz qalanda bir tendensiya müşahidə olunur. Son beş ildə müşahidə olunur ki, jurnalistlər yazdıqları yazıya görə rəsmən həbs olunmayıb. Əli Həsənov fikirlərini bu baxımdan söyləyib. Amma de-fakto onun söylədiklərinin heç biri doğru deyil. Çünki bizim həmkarlarımızın təqibi də, həbsi də yazdıqlarına görədir. Rauf Mirqədirov casusluqda, vətənə xəyanətdə ittiham olundu, Seymur Həzi guya başqasına xəsarət yetirib, Xədicə Ismayıl isə guya kimisə intihara təhrik edib”.
Xəyal