Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqə qarşı total kiber-hücum yaşanır. Bu barədə artıq məlumat vermişik. AXCP sədri Əli Kərimli də facebook səhifəsində hakimiyyətin bu hərəkətinə ironik münasibət bildirib. Onu təqdim edirik:
“Yadınızdadır, ötən ilin avqustunda ermənilərlə atəşkəs bir neçə günlüyə pozulanda bizim xüsusi xidmət orqanlarının virtual xüsusi təyinatlıları ermənilərin başına nə oyun açdı? Hər gün bir neçə kənd, bəzən bütöv rayon alırdılar. Yerevana çatmağa az qalmışdılar, təəssüf ki, kimsə oyunu dayandırdı.
İndi hökumət həmin virtual “xüsusi təyinatlıları” səfərbər edib Milli Şuranın 15 mart mitinqi ilə mübarizəyə. İndi daha “diversant”larımız kənd, rayon yox, facebook hesabı, səhifə, YouTube kanalı ələ keçirirlər. Cəmil müəllimin facebook hesabını və səhifəsini ələ keçirib, mitinqin guya 29 marta təyin olunması haqda yalan məlumatlar yazırlar. Bəzi cəbhəçilərin də hesablarını oğurlayıb, onların vasitəsilə öz aləmlərində bu yalan məlumatı tirajlayırlar. 3-4 saat bundan qabaq isə virtual “diversantlar” daha bir “uğura” nail olublar. “Azadlıq” qəzetinin YouTube kanalını ələ keçirərək Cəmil müəllimin 15 mart mitinqinə çağırışını təhrif ediblər (Cəmil müəllimin müraciətinin səsini silib, üzərinə musiqi yazıblar). Hazırda narahatçılığa əsas yoxdur. Virtual “xüsusi təyinatlı”ların bu təxribatı da AXCP fəalları tərəfindən dərhal ifşa edilib. Cəmil müəllimin 15 mart mitinqinə müraciətinin orijinal variantı artıq YouTube portalına yerləşdirilib və “Azadlıq” qəzetinin saytında, sosial şəbəkələrdə yayılmaqdadır.
Hökumətimiz manatın idarə edilməsində olduğu kimi virtual mübarizədə də fərasətsiz çıxmışdır. Onların yalanları anındaca ifşa olunur. Xalqımız hakimiyyətin müxalifətlə mübarizədə belə ucuz vasitələrə əl atmasını 15 mart mitinqinin kütləviliyindən hökumətin qorxmasının sübutu kimi qiymətləndirir və daha da böyük əzmlə 15 mart saat 15:00-da “Məhsul” stadionunda #talanason deməyə hazırlaşır”.