Cəmil Həsənli xalqa müraciəti hakimiyyəti qorxuya saldı VİDEO

Milli Şura sədrinə qarşı yeni təxribat törədildi; "Azadlıq" qəzeti kiber-hücuma məruz qaldı

Azərbaycan hakimiyyətinin mitinq narahatçılığı və bu narahatçılıqdan qaynaqlanan təxribatları davam edir. İki gün öncə Milli Şuranın sədri Cəmil Həsənlinin və AXCP fəallarının “facebook” hesablarını oğurlayan hakimiyyət, bu dəfə “Azadlıq” qəzetinə hücum edib. Belə ki, dünən axşam saatlarında Milli Şuranın sədri, professor Cəmil Həsənlinin 15 mart mitinqilə bağlı etdiyi videomüraciət “Azadlıq” qəzetinin YouTube kanalında yerləşdirdikdən sonra həmin hesab və qəzetin “Google” məhsullarındakı digər hesabları kiber hücuma məruz qalıb. Qəzetin azadliq.newspaper@gmail.com ünvanı və onun üzərindən YouTube kanalı ələ keçirilib, kanalda Cəmil Həsənlinin videomüraciətinin səsi silinib, videonun “Cəmil Həsənlidən 15 mart mitinqinə cağırış” başlığı “Cəmil Həsənlidən 29 mart mitinqinə çağırış” başlığı ilə əvəzlənib.

Bundan başqa eyni e-poçt ünvanı vasitəsilə qəzetimizin Azadlıq Qəzeti adlı facebook profili (səhifəsi yox – səhifə Azadlıq qəzeti adlanır) ələ keçirilib və orada saxta 29 mart mitinq çağırışı yerləşdirilib. 

Qəzet olaraq oxucularımızdan bu aralar azadliq.newspaper@gmail.com və “Google” üzərindəki digər hesablarımızdan və Azadlıq Qəzeti adlı facebook profilindən gələn bildirişlərə diqqətlə yanaşmalarını, həmin hesablardan yayılan təxribatlara uymamalarını xahiş edirik. Hazırda hesabların bərpa olunması istiqamətində işləyirik. Nəticələr haqda sizi məlumatlandıracağıq.

Eyni zamanda, müvafiq qurumları qəzetimizə qarşı baş verən kiber hücumu araşdırmağa çağırırıq. Qəzet olaraq bu hücumlarla bağlı hüquqi yollara baş vuracağımızı da xatırladırıq.

***

Milli Şuranın sədri, professor Cəmil Həsənli 15 mart mitinqilə bağlı xalqa müraciət edib. Cəmil Həsənli müraciətində vətəndaşları 15 mart mitinqinin təxirə salınması və ya mitinqin vaxtının dəyişdirilərək martın 29-na təyin edilməsi kimi müxtəlif təxribatlara uymamağa çağırıb. Mİlli Şuranın sədri mitinqin 15 mart saat 15:00-da "Məhsul" stadionunda keçirilməsinə razılıq verildiyini, bununla bağlı BŞİH-nin təşkilatçılara rəsmi məktub da göndərdiyini bildirib. Cəmil Həsənlinin videomüraciətini təqdim edirik: