
Nemət Əliyev: «Bu rəqəm əslində əhalinin orta statistik əmək haqqı səviyyəsini tam şəkildə ifadə etmir»
Dövlət Statistika Komitəsi növbəti dəfə maraqlı statistik rəqəmlərlə çıxış edib. Komitənin verdiyi məlumata görə, 2015-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 511,4 min nəfər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onlardan 881,6 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 629,8 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,3%-i təhsildə, 18,7%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5%-i sənayedə, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,2%-i tikintidə, 4,7%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7%-i informasiya və rabitə sahəsində və 17,6%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar. Qeyd edək ki, 2015-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 444,4 manat olub. Iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Yenə də ölkədəki işsizliyin, yoxsuluğun real səviyyəsi aşağı salınıb. Amma orta aylıq əmək haqqının 444 manat olması hakimiyyət təmsilçiləri tərəfindən yenə öyünmə nöqtəsinə çevrilib. Yalnız onu qeyd etmək yerinə düşər ki, ölkədə orta təhsil haqqı 2500 manatla 4500 manat arasında dəyişir. Tibb ocaqlarında bir xırda əməliyyat üçün xərclər 2000-3000 manat civarında müəyyənləşib. Bu xərcləri nəzərə alsaq, o zaman orta statistik azərbaycanlı onları qarşılamaq üçün bir neçə ay əldə etdiyi qazancı toplamalı və onu heç yerə xərcləməməlidir.
Mərkəzi Bank fevralın 21-də devalvasiya qərarı verəndən sonra bazarda formalaşan durum ərzaq məhsullarının qiymətinə təsir edib Bayram bahalaşmasını da artan qiymətlərə əlavə etsək əhalinin kifayət qədər zor durumda olduğunu söyləmək olar.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, 444 manat əmək haqqı orta aylıq əmək haqqıdır. Bu rəqəm ölkə üzrə olan əmək haqqının miqdarını ümumi işçilərin sayına bölməklə müəyyənləşib. Əmək haqlarının müxtəlif fəaliyyət növləri üzrə diferensial formada mövcud olduğunu deyən N.Əliyev bildirdi ki, neft sektorunda, rabitə texnologiyaları sahəsində işləyənlərin əmək haqları yüksək olsa da, digər sahələrdə əmək haqqı xeyli dərəcədə azdır: “Ölkədə müəllimlərin, həkimlərin sayı kifayət qədər çoxdur. Ölkənin məşğul əhalisinin 30 faizdən çoxu kənd təsərrüfatı sektorunda çalışır. Bu, təxminən 1.5 milyon nəfər edir. Böyük insan kütləsi aqrar sektorda çalışır. Böyük insan kütləsinin çalışdığı sahələrdə gəlirlər kifayət qədər aşağıdır. Elan edilən 444 manat daha yüksək gəlirli sahələrdə çalışan azsaylı insanların gəlirlərinin daha çox olması hesabına belə görsənir. Bu rəqəm əslində əhalinin orta statistik əmək haqqı səviyyəsini tam şəkildə ifadə etmir. Çünki Azərbaycanda orta təbəqə tamamilə məhv edilib. Əhali arasında çox kəskin şəkildə qütbləşmə həyata keçirilib. Əhalinin böyük hissəsinin gəlirləri həddindən artıq aşağıdır. Kiçik bir zümrənin gəlirləri isə maksimum dərəcədə yüksəkdir. Həmin o maksimum səviyyədə olanların gəlirləri aşağı gəlir səviyyəsinə təsir edərək onları artırır”.
N.Əlyevin sözlərinə görə, buradan o nəticə çıxır ki, Azərbaycanda əhalinin böyük hissəsinin gəlirləri çox aşağıdır. Bu təbəqənin əmək haqları orta aylıq əmək haqqı səviyyəsindən 50-60 faiz aşağıdır. Bu faktorun əhalinin alıcılıq səviyyəsinə də təsir etdiyini deyən N.Əliyev vurğuladı ki, hökumətin eyni zamanda devalvasiya qərarı əhalinin gəlirlərinə kəskin zərbə vurub. “Əgər hakimiyyət devalvasiya qərarını verməkdə qərarlı idisə, o zaman əvvəlcədən əhalinin sosial təminatını gücləndirməli, əmək haqlarını, təqaüdləri artırmalı idi. Amma hökumətimiz həmişə zərbənin ağırlığını xalqın onurğa sütunun üzərinə yönəltməklə bağlı ad çıxarıb. Odur ki, ağırlıq əsasən əhalinin üzərinə düşür”, deyə N.Əliyev vurğuladı.
N.Əliyevin sözlərinə səhiyyə, təhsil xərclərinin yüksək olması əhalini çətin durumda buraxıb. Çünki əldə olunan gəlirlə qarşıya çıxan xərcləri ödəmək mümkün deyil.
Xəyal