Azərbaycanlılar pulu niyə ölkədən çıxarır?

Ekspertin fikrincə, Azərbaycandakı yüksək korrupsiyanın, rüşvətxorluğun, inhisarçılığın hökm sürməsi investorları qaçıran faktordur

 
Azərbaycanın Gürcüstana investisiya qoyuluşu üzrə ikinci ölkə olması ölkəmizlə bağlı bir sıra reallıqları üzə çıxarır. 2014-cü ildə Gürcüstanın ən iri investoru Niderland olub – 331 milyon ABŞ dolları ilə. Ikinci yerdə 302 milyon ABŞ dolları ilə Azərbaycandır (24%), üçüncü yerdə isə 195 milyon ABŞ dolları ilə Çindir (15%).
Ən çox investisiya nəqliyyat və rabitə (343 milyon ABŞ dolları), tikinti (295 milyon ABŞ dolları), emal sənayesi (174 milyon ABŞ dolları), energetika (99 milyon ABŞ dolları) və daşınmaz əmlak (87 milyon ABŞ dolları) sahələrinə qoyulub.ÿ
Azərbaycanda normal investisiya mühitinün olmaması acınacaqlı durum yaradıb. Nəticədə Azərbaycan vəsaitləri investorlar üçün daha münbit şərait olan Gürcüstana axır.
Bu yerdə tanınmış məşhur iqtisadçı Qari Şillingin Azərbaycanla bağlı söylədiyi bəzi fikirlər xatırlanır. O, bir müddət əvvəl mətbuata açıqlamasında qeyd etmişdi ki, Azərbaycan hökuməti Səudiyyə Ərəbistanının ehtiyaclarına əsaslanaraq, 2015-ci il büdcəsində neft qiymətlərini 90 dollar/barrel olaraq nəzərə alıb. Amma Davos Iqtisadi Forumundan iki həftə sonra ölkə başçısı təcili olaraq proqnoza yenidən baxmalı və milli valyutanı devalvasiyaya məruz qoymalı oldu: “Bu il Əliyev yenə də iqtisadiyyatın strukturuna və iqtisadi azadlıqlara münasibətinə yenidən baxmalı, neft hasilatının sürətlə azalması və qiymətlərin sabit olmaması zamanı rejimi və ölkəni mümkün sarsıntılardan qorumaq üçün islahat qərarları qəbul etməli olacaq”. Iqtisadçı birmənalı olaraq vurğulamışdı ki, ölkədə investisiya üçün münbit şərait yoxdur və bu qüsuru aradan qaldırmaq üçün hökumət konkret addımlar atmalıdır.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Azərbaycanın daxili statistik göstəricilərinə nəzər yetirəndə açıq görünür ki, ölkədə normal investisiya mühiti yoxdur. Yalnız bu ilin yanvar ayı üzrə ölkə iqtisadiyyatına kapital yatırımına fikir verilərsə, məlum olacaq ki, keçən il ilə müqayisədə həm Azərbaycan hökumətinin, həm əhalinin iqtisadiyyata yatırdığı investisiyalar kəskin şəkildə azalıb: “Kapital yatırımı etmək istəyən investor həmişə maliyyə məsələlərinə həsas olur. Onlar ciddi araşdırmalar, hesablamalar aparırlar. Azərbaycandakı yüksək korrupsiya, rüşvətxorluq, inhisarçılıq hökm sürür. Normal rəqabət üçün şərait yoxdur, məmur özbaşnalığı baş alıb gedir, qanunlar işləmir. Bunların hamısı investorların rahatlığını təmin edəcək faktorlardır. Sahibkar Azərbaycana kapital qoyur ki, istehsal etdiyi məhsulu bazarda satışa çıxarsın”.
N.Əliyev onu da vurğuladı ki, sahibkar onda da əmin deyil ki, qudurğan məmur istədiyi zaman onun biznesini əlindən almayacaq. Azərbaycandan kapital axınının sürətləndiyini deyən N.Əliyev bildirdi ki, halbuki Azərbaycanın investisiya axınına ciddi ehtiyacı var.
Xəyal