logo-lemonde

“Azərbaycanda repressiya oyunları”

Fransanın ən nüfuzlu qəzeti Bakıda Avropa Oyunlarının keçirilməsini bu cür təqdim edib

 
«Le Monde»: «Azərbaycan Avropa Oyunlarına 8 milyard dollar xərcləyir, halbuki, bu ölkədə həkimin, müəllimin aylıq maaşı 150-200 dollardır»
 
Bu ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunları yaxınlaşdıqca beynəlxalq medianın Azərbaycana diqqəti də artır. Demək olar ki, bütün xarici media orqanları Avropa Oyunlarına ilk növbədə turnirə “ev sahibliyi” edən ölkədə insan haqlarının durumu kontekstindən yanaşır. Təsadüfi deyil ki, bu mövzuda məqalələrin böyük əksəriyyətində Azərbaycandakı repressiyalardan, bu ölkədə Ilham Əliyevin rəhbərliyi altında diktatura rejiminin hökm sürməsindən bəhs olunur. Avropanın ən nüfuzlu nəşrlərindən olan Fransanın “Le Monde” qəzetində “Azərbaycanda repressiya oyunları” başlığıyla dərc olunmuş məqalə də bu qəbildəndir. Məqalənin tərcüməsini təqdim edirik:
***
Iyunun 12-dən 28-nədək Bakıdakı Avropa Oyunlarında iştirak edəcək müxtəlif dövlətlərdən olan 6000 nəfər idmanın 20 növü üzrə mübarizə aparıb, qızıl medal qazanmağa çalışdığı bir vaxtda, Azərbaycan müxalifəti də bu ölkədə Ilham Əliyev hakimiyyətinin ifadə azadlığına, tənqidçilərə qarşı hücumlarını beynəlxalq ictimaiyyətə göstərməyə çalışacaq.
“Human Rights Watch” və “Amnesty International” kimi təşkilatların məlumatına görə, təkcə 2014-cü ildə Azərbaycanda ən azı 35 nəfər hüquq müdafiəçisi, jurnalist, blogger, siyasi fəal və vətəndaş cəmiyyətinin aktiv təmsilçisi həbs olunub. Həbs olunanlar arasında ən məşhurlardan biri də 60 yaşlı Leyla Yunusdur. Hakimiyyəti kəskin tənqid edən Leyla Yunus ötən ilin iyulunda həbs olunub. Həbsindən bir neçə gün əvvəl o, Avropa Oyunlarına “ev sahibliyi” edən Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətdə olduğunu əsas gətirərək, beynəlxalq ictimaiyyəti bu turniri boykot etməyə çağırmışdı.
Avropa Oyunları 2012-ci ildə Avropa Olimpiya Komitəsi tərəfindən təsis olunub. Bu turnir eyni zamanda, gələn il keçiriləcək Olimpiadaya vəsiqə qazanmaq üçün 11 idman növü üzrə kvalifikasiya mərhələsi olacaq.
“Mən şadam ki, Avropa Oyunları Bakıda keçirilir. Çünki bu turnir vasitəsilə biz ölkədəki repressiyalar şəratində nələrin baş verdiyini yaxından izləyə biləcəyik”, – deyə “Azadlıq” qəzetinin əməkdaşı, 2008-ci ildə yazılarına görə bıçaqlanmış və bundan sonra Fransaya mühacirət etmiş Aqil Xəlil bildirir.
Aqil Xəlil hesab edir ki, onun Azərbaycandan getdiyi vaxtda müqayisədə indi ölkədə vəziyyət daha da pisləşib.
 
Olimpiya Xartiyasının kobud şəkildə pozulması
 
“Repressiya – Olimpiya Xartiyasının mətbuat azadlığı və insan ləyaqəti prinsiplərinin kobud şəkildə pozulmasıdır, bu prinsiplərin ruhuna ziddir”, – deyə “Human Rights Watch”ın Mərkəzi Avropa və Asiya bölümü rəhbərinin müavini Ceyn Byükenen bildirib.
Azərbaycanda baş verənlər eyni zamanda, turnir zamanı olanları işıqlandırmaq istəyən avropalı media nümayəndələrinə də birbaşa problem yarada bilər. Azərbaycanda bütün xarici radiostansiyaların, o cümlədən “Azadlıq” radiosu, BBC və “Amerikanın səsi”nin FM dalğasında yayımı 2009-cu ildən qadağan olunub.
Fransanın Milli Olimpiya və Idman Komitəsinin prezidenti Denis Masseglia Avropa Oyunlarına hazırlıq işlərilə tanış olmaq üçün 6 dəfə Bakıya səfər edib: “Düşünürəm ki, deyilənlərlə baş verənlər arasında fərq var. Məndə repressiya təəssüratı yaranmadı. Orada küçədə hər tində polis yox idi”.
 
Geosiyasi strategiya
 
Azərbaycan hökuməti beynəlxalq aləmə özünü proqressiv, müasir təqdim etmək strategiyasına 2012-ci ildə “Eurovision” musiqi yarışmasına ev sahibliyi etməklə başladı. 
“Heç kim Azərbaycan hökumətinin özü barədə müsbət imic formalaşdırmaq və xarici sərmayə cəlb etmək üçün nümayiş etdirdiyi parıltıya, prestijə aldanmamalıdır”, – deyə “Amnesty International”ın Avropa və Mərkəzi Asiya üzrə direktoru Con Dalhauzen bildirib.
Repressiyalardan başqa, Bakı turnirin təşkili ilə yanaşı, yarınmaq üçün xərcləri də öz üzərinə götürüb. Azərbaycanın 50 ölkədən olan iştirakçı komandaların, hətta yol xərcləri də daxil olmaqla, bütün məsrəfləri öz üzərinə götürməsi görünməmiş haldır. 2012-ci ildə Londonda keçirilən Olimpiada zamanı təşkilatçı dövlət yalnız otel xərcini üzərinə götürmüşdü. Denis Masseglia təsdiqləyir ki, Fransadan Bakıya gedəcək nümayəndə heyəti də səfər xərclərinin üçdə ikisini alacaq.
Amma Avropa Oyunlarının bu şəkildə maliyyələşdirilməsi Azərbaycanın dövlət büdcəsinə zərbədir.
“Azərbaycanın dövlət büdcəsi 19 milyarddır. Avropa Oyunlarına 8 milyard dollar xərclənən bir ölkədə müəllimlərin, həkimlərin orta aylıq əməkhaqqısı 150-200 dollardır. Hökumətin bu cür səxavətliliyinə əksəriyyəti pis yaşayan əhalinin münasibətini təsəvvür etmək çətin deyil”, – deyə Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Gültəkin Hacıbəyli bildirir.
Müxalifətin güclü təmsilçisi, AXCP sədri Əli Kərimli də deyir ki, Avropa Oyunlarına çəkilən xərc hökumətin təhsil, səhiyyə və elm sahəsinə ayırdığı ümumi məbləğdən üç dəfə çoxdur.
 
Avtoritar rejimlər böyük idman hadisələrindən çəkinmirlər
 
1934-cü ildə Italiyada Benito Mussolininin diktaturası dövründə futbol üzrə dünya çempionatı;
1936-cı ildə Almaniyada Adolf Hitlerin diktaturası dövründə Olimpiada;
1968-cı ildə Meksikada Tlatelolko qırğınından on gün sonra Olimpiya oyunları;
1978-ci ildə Argentinada Xorxe Videlanın hərbi diktaturası dövründə futbol üzrə dünya çempionatı;
2008-ci ildə Pekində Olimpiada. Həmin vaxt “Amnesty International” bu ölkədə hüquq müdafiəçiləri, jurnalistlər, vəkillərə qarşı repressiyaları kəskin pisləyirdi;
2014-cü ildə Soçidə Qış Olimpiya Oyunları. Olimpiada zamanı Rusiyada Həmkarlar Ittifaqının fəalları, solçu aktivistlər, ekoloqlar ya həbs edilmişdi, ya da məsuliyyətə cəlb olunmuşdu;
2018-ci ildə Rusiyada futbol üzrə növbəti dünya çempionatının keçirilməsi nəzərdə tutulub;
2022-ci ildə də Qətərdə futbol üzrə növbəti dünya çempionatının keçirilməsinə qərar verilib.