"Əgər hakimiyyət insanların küçələrə çıxıb etiraz etməsini istəmirsə, bu etirazı doğuracaq səbəbləri aradan qaldırmalıdır" – bunu AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov Milli Şuranın 15 martda keçirəcəyi münasibət bildirərkən deyib.
Əli Orucovun sözlərinə görə, ölkədə böhranlı vəziyyət günü-gündən dərinləşir. Cəmiyyətdə narazılıqların artması sosial partlayış həddi yaradıb: "Bahalaşmanın vüsət almasına, sosial ədalətsizliklərə, baş alıb gedən qanunsuzluqlara və özbaşınalıqlara, korrupsiyanın, rüşvətin tüğyan etməsinə, talançılığa nə qədər dözmək olar? Xalqın sərvəti amansızcasına dağıdılır, milyonlarla vəsait havaya sovrulur, insanların, hətta elementar hüquqları tapdaq altındadır. Ölkədə belə acınacaqlı və çıxılmaz vəziyyət yaradanlara bu xalq "əhsən" deməlidir? Təbii ki, insanların səsini, şikayətini, narazılığını dinləmədikcə, o, daha ucadan bağıracaq ki, kar qulaqlar eşitsin, duysun, tədbir görsün".
Əli Orucov vurğulayır ki, Azərbaycan vətəndaşları indiki həssas və kritik məqamda siyasi fəallığını daha da artırmalı, proseslərdən kənarda qalmamalı, dövlətinə, onun sərvətlərinə və çıxarlarına sahib durmalıdır: "Əks halda, günahı başqalarında axtarmamalıdır. Çünki nə qədər başına gətirilənlərə susacaqsa, nə qədər ki, hər şeyə biganə qalacaqsa, nə qədər ki, qorxub-çəkinəcəksə o qədər rəzil duruma salınacaq, onunla hesablaşan olmayacaq".
Partiya yetkilisi mitinqdə iştirakla bağlı sualı isə belə cavablandırıb: "Doğrudur, AMİP partiya kimi bu aksiyada iştirak etməsə də, üzvlərinə sərbəstlik imkanı verib. Mən də bu imkandan yararlanacam. Fərqi yoxdur ki, bu aksiyanı Milli Şura, Müsavat Partiyası və ya hansısa başqa qurum təşkil edir. Harazı vətəndaşlardan biri kimi, mən də təşkil olunan etiraz aksiyalarında iştirak etmək niyyətindəyəm".