Rusiya prezidenti Vladimir Putinin səhhəti, onun sağ olub-olmadığı gündəmin bir nömrəli mövzusuna çevrilib. Artıq bəzi Rusiya KİV-ləri Putinin insult keçirərək dünyasını dəyişdiyini, rəsmi Moskvanın bu xəbəri məqsədli şəkildə gizlətdiyini yazırlar. Belə görünür ki, martın 6-dan bəri gözə dəyməyən, rəsmi qəzetlərdə köhnə şəkilləri dərc edilən prezidentin özü üzə çıxmayana qədər bu müamma davam edəcək.
İlk gündən məlum xəbərləri yalanlayan Putinin mətbuat katibi Dmitriy Peskovdan növbəti açıqlama gəlib. «Associated Press»ə danışan Peskov bildirib ki, Rusiya prezidentinin səhhəti ideal səviyyədədədir və o, gələn həftənin sonlarında Qazaxıstana səfər edəcək. Peskov Putinin yaxın günlərdə bir neçə başqa görüşlər də keçirəcəyini bildirib: «Hər şey qaydasındadır. Sağlamlığı ilə bağlı hər hansı şübhəyə əsas yoxdur. Prezident hər zamankı sıx qrafiki ilə işinə davam edir. Bəzən o, ictimaiyyət arasında çox olur, bəzən yox. Amma bu o demək deyil ki, işinə ara verib”.
Gültəkin