Mərkəzi Bankın qəza tədbirləri

Hökumət bankların çökə biləcəyindən narahatdır

 
Manatın devalvasiyasından sonra banklar üçün yaranmış təhlükəni önləmək üçün Mərkəzi Bank müvafiq addımlar atmağa başlayıb. Bu addımlardan biri “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişiklik edilməsidir.
Marca.az Hüquqi Aktların Dövlət Reyestrinə istinadən xəbər verir ki, kommersiya bankları 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivləri standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirə bilməzlər. Qərar 07.03.2015-ci il tarixindən qüvvəyə minib.
Məlumat üçün bildirək ki, restrukturizasiya olunmuş aktiv – fors-major hallarında borcun ödənilməsində çətinlik yaranması səbəbindən pulun qaytarılması şərtlərinin dəyişdirilməsidir.
 
Iqtisadçı ekspert Samir Əliyev bu qərarı “Azadlıq”a şərh edərək bildirib ki, əvvəlki qaydaya görə, restrukturizasiya olunmuş aktivlər standart hesab oluna bilməzdi: “Bu o demək idi ki, həmin aktivlər birbaşa qeyr-standart, daha doğrusu qeyri-qənaətbəxş aktiv hesab edilməli və buna görə də bank tərəfindən 30 faiz ehtiyat ayrılmalı idi.
Yeni dəyişiklik nəticəsində restrukturizasiya olunmuş aktivlər standart hesab olunacaq, ancaq nəzarət altında olan aktivlər kimi nəzərə alınacaq. Buna görə, bank tərəfindən yaradılan ehtiyatın həcmi 6 dəfə az – 5 faiz olacaq. Deməli, banklar fevralın 23-dən sonra restrukturizasiya olunmuş aktivlərə görə 30 faiz yox, 5 faiz ayıracaq. Bu isə banklara dəyən zərərin azaldılmasını təmin edəcək, bankların kapitalının “əriməsinin” qarşısını alacaq.
Qaydaya görə, bank aktivləri standart və qeyri-standrt aktivlərdən ibarətdir. Standart aktivlər – qənaətbəxş və nəzarət altında olan aktivlərə bölünür. Qeyri-standart aktivlər isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlərdən ibarətdir. Aktivlərin vəziyyəti pisləşdikcə bank tərəfindən ayrılan ehtiyatların həcmi də artır. Qənaətbəxş aktivlərdə ehtiyat ayırmalar 1 faiz, ümidsiz aktivlərdə isə 100 faizdir. Bu ayırmalar bankların likvidliyinə mənfi təsir edirdi".
Mərkəzi Bankın ikinci qərarı isə məcburi ehtiyat normasının dörd dəfə aşağı salınması barədədir.  “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda edilən dəyişikliyə görə, bankların bütün depozitləri üzrə məcburi ehtiyat norması 2 faizdən 0.5 faizə endirilib. Qərar 07.03.2015-ci il tarixindən qüvvəyə minib.
Samir Əliyev deyir ki, bu addım banklara təxminən 200 milyon manatdan çox likvidlik verəcək. “Həmin vəsaitlər banklara kredit qoyuluşunu artırmaq üçün əlavə imkan verir. Mərkəzi Bankın bu addımı həmçinin kredit faizlərinin, xüsusən də manatla olan kreditlərin faiz dərəcələrinin artmasına bir müddət imkan verməmək məqsədi daşıyır”,- deyə ekspert bildirib.