Ekspertlərin fikrincə, AB-ın Bakı ofisinin rəhbərinin məqaləsi münasibətlərin perspektivi baxımından əhəmiyyətlidir
Avropa Birliyinin Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mardın AB-Azərbaycan münasibətlərinə dair yazdığı məqalədə bir sıra mühüm mesajlar verib. Azərbaycanın Şərq Tərəfdaşlığı proqramı çərçivəsindəki fəaliyyətinə toxunan Mard birmənalı şəkildə vurğulayıb ki, təmsil etdiyi təşkilat müdafiə etdiyi dəyərlərdən geri çəkilmək niyyətində deyil.
Avropa Birliyi hesab edir ki, Azərbaycanla əməkdaşlıq çox vacibdir və onlar bu münasibətlərin dərinləşdirilməsində maraqlıdır. Son on ildə Azərbaycanla əsasən Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq edildiyini vurğulayan Mard qeyd edib ki, bu, AB sərhədləri ətrafındakı ölkələrlə əməkdaşlığın əsasını təşkil edir: “Lakin Avropa Qonşuluq Siyasəti heç də həmişə bizim tərəfdaşlarımızın dəyişən istəklərinə adekvat cavab vermək iqtidarında olmur. Və belə olan halda, Avropa Birliyinin maraqlarını tam şəkildə reallaşdırması da mümkün olmur.
Bu səbəbdən də Avropa Birliyi uzaq məqsədlərə çatmağı təmin edəcək siyasəti həyata keçirməyə başlayıb".
Maland onu da vurğulayıb ki, Avropa Birliyinin ali nümayəndəsi Federika Mogerini və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han perspektivdəki məsələlərin müzakirəsi üçün AB-ın bütün tərəfdaşları ilə dörd aylıq məsləhətləşmələrə başlayıb.
Maland hesab edir ki, əsas dörd məsələyə diqqət yetirməlidir: “Birincisi, tərəfdaşlarımızla fərqli müstəvilərdə olsa belə, münasibətlərimizi necə inkişaf etdirə bilərik? Şərqdəki bəzi tərəfdaşlarımız Assosiasiya və dərin ticarət müqavilələrini imzalayıblar – nə qədər ki, bu çərçivədə imkanlar tükənməyib, onlar daha çox şeyə nail olmağa çalışırlar. Bizim tərəfdaşlarımız var ki, onlar bərabər səviyyədə daha çox işləməyə hazırdılar, lakin müqavilənin tələblərinə uyğunlaşmağa da hazırdılar. Bu isə o deməkdir ki, biz qonşularımızın qonşuları ilə də işləməliyik. Ikincisi, hesab edirəm ki, tərəflərin bərabər hüquqluluğu şəraitində yaxşı nəticələr əldə etmək mümkündür. Yeni Qonşuluq Siyasəti tərəfdaşlarımızın baxışlarını və təcrübələrini daha yaxşı əks etdirməlidir. Əmin olmalıyıq ki, hər iki tərəfin maraqlarına cavab verən məsələlərə konsentrasiya olunuruq. Hesab edirəm ki, tərəfdaşlarımızla birlikdə ciddi nəticələr əldə etmək üçün əməkdaşlıq etdiyimiz ölkələrin əhalisinin hiss edə biləcəyi uğurlara nail olmalıyıq. Nəzərə almalıyıq ki, insanlar qısa müddətdə müsbət nəticələr görmək istəyirlər”.
Hesab olunur ki, üçüncü şərt bu vaxta qədər tətbiq edilən modeldən kənara çıxılmasıdır. “Əvvəllər tərəfdaşlarımızla çoxsaylı sahələrdə əməkdaşlıq etməyə çalışmışıq. Genişmiqyaslı əməkdaşlıqda maraqlı olan və buna qadir olan tərəfdaşlarımıza həyatlarını Avropa Birliyinin normalarına uyğun qurmaqda yardımımızı davam etdirməliyik. Lakin bizimlə dərin əməkdaşlıqda maraqlı olmayan və ya bunu bacarmayan tərəfdaşlarımıza münasibətdə başqa formatları nəzərdən keçirməliyik.
Dördüncüsü, nəhayət, biz daha çevik olmalıyıq. Bu isə o deməkdir ki, biz dəyişən şərtlərə, o cümlədən böhran hallarına dərhal reaksiya verməliyik", deyə vurğulanır.
Yazıda o da xüsusilə qeyd edilir ki, AB-ın əsasını təşkil edən bu dəyərlər Azərbaycan və onun əhalisinin də maraqlarına cavab verir. “Bir sıra adamlar soruşur ki, məqsədlərimizə uyğun siyasət aparmağımız dəyərlərimizdən imtinaya gətirib çıxara bilərmi? Bunun cavabı dəqiqdir – yox! Demokratiya, insan haqları və qanunun aliliyinin təmin olunması Avropa Birliyini xarakterizə edən dəyərlərdir”.
Ekspertlərin fikrincə, AB-ın Bakı ofisinin rəhbərinin məqaləsi AB ilə Azərbaycanın münasibətlərinin perspektivi baxımından ciddi maraq doğurur. Artıq uzun illərdir ki, AB 6 keçmiş sovet respublikası, o sıradan Azərbaycanla Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlıq edir. Ukrayna, Gürcüstan və Moldova ilə Assosiasiya müqavilələri imzalanıb. Bu proqramda məqsəd birliyin əməkdaşlıq etdiyi ölkələrlə siyasi və iqtisadi sferalarda müasir siyasi və iqtisadi standartların tətbiqini təmin etməkdir. Çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti hələ də AB ilə yalnız enerji sahəsindəki əməkdaşlıqla kifayətlənmək istəyir. AB-ın siyasi və iqtisadi plüralizmin əməkdaşlıq etdiyi ölkələrlə münasibətdə təmin olunmasını prioriteti Azərbaycan hakimiyyətinin bu günə qədər qəbul etmək etməməsi ucbatından reallaşmır. AB təmsilçisi məqaləsində xüsusi qeyd edir ki, AB ciddi əməkdaşlıq prosesində olduğu bu ölkələrdə qanunun aliliyini, demokratik hüquq və azadlıqları, müstəqil məhkəmə və korrupsiyadan uzaq idarəçilik sistemlərinin qurulmasına çalışır. Görünür, məhz buna görə Azərbaycan hakimiyyət AB ilə əməkdaşlığa ciddi maraq göstərmir.
Ekspertlərin qənaətincə, ona diqqət yetirilməlidir ki, Avropa Parlamentinin 2014-cü il sentyabrın 18-də qəbul etdiyi qətnamədə AB-ın Azərbaycanla münasibətlərdə heç bir halda insan hüquq və azadlıqları ilə bağlı məsələlərdən geri çəkilməyəcəyi bildirilmişdi. Nəzərə almaq lazımdır ki, məhz AB-yə daxil olan ölkələr Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarıdır. Azərbaycan enerji daşıyıcılarını Avropaya çatdırmağa müstəsna əhəmiyyət verir. Sadəcə olaraq Azərbaycanın başqa alternativləri yoxdur. AB üçün isə Azərbaycan bu baxımdan heç də müstəsna əhəmiyyət kəsb etmir. Yəni Avropa Birliyinin bu baxımdan Azərbaycandan olduqca ciddi asılılığı yoxdur. Azərbaycan hakimiyyəti əvvəl-axır bu amili nəzərə almağa məcbur olacaq.
Xəyal