Avropa Birliyi Rusiyanın Macarıstanda quracağı 12 milyard avroluq nüvə stansiyasını əngəlləyib. Xatırladaq ki, Rusiya və Macarıstan 2014-cü ilin sonunda Paks nüvə stansiyasının beşinci və altıncı modulunun tikintisilə əlaqədar razılaşma imzalamışdı. “Financial Times” qəzeti Macarıstan rəhbərliyinin razılaşma ilə əlaqədar müəyyən məqamları təhlükəsizlik səbəbilə gizlədiyi, lakin ölkə müxalifətinin bu vəziyyətə sərt reaksiya göstərdiyinə diqqət çəkib. Müxalifətə görə, müqavilə maliyyə baxımdan bəzi risklər daşıyır və enerji sahəsində Rusiyaya olan asılılığı artırır. Qəzet eyni zamanda, Macarıstanın Rusiyadan nüvə yanacağı almasına Avropa Atom Enerji Birliyinin icazə vermədiyini və Budapeştin bu istiqamətdə etirazlarının rədd edildiyini də yazır. Qəzetin yazdığına görə, AB-nin keçən həftə Brüsseldə keçirilən toplantısında bu razılaşma ciddi müzakirə olunub və razılaşmanın əngəllənməsi haqda qərar qəbul edilib. Macarıstan hökuməti isə razılaşmanın ləğv edilməsi haqda hələlik hər hansı bir münasibət bildirməyib.
azadliq.info