
«Sabahımızı, övladlarımızın gələcəyini düşünürüksə…»
Tanınmışlar xalqı aksiyada «Talana və yalana» son! deməyə çağırdı
Milli Şuranın 15 mart “Talana son!” mitinqində iştirakla bağlı ictimaiyyət nümayəndələrinin çağırışları davam edir. Sosial şəbəkələrdə hökumətin və onun muzdlularının apardığı təxribatlara baxmayaraq insanlar 15 martda kütləvi şəkildə mitinqə qoşulacaqlarını bəyan edirlər. Milli Şura üzvləri xalqı “Talana, yalana son!” şüarı ilə baş tutacaq aksiyada fəal iştiraka səsləyirlər.
Milli Şura üzvü Rövşən Əhmədlinin fikrincə, xalq bu hakimiyyətin əsl mahiyyətini görür və artıq baş verənlərə susmaq fikrində deyil:
“Millət öz taleyini saxta yolla hakimiyyəti qəsb edənlərin ümidinə buraxmamalıdır. Xalqın sifarişi əsasında təyin edilən 15 mart aksiyasına qatılmaq hər bir vətəndaşın hüququ və mənəvi borcudur. Ölkədə baş verən talançılığa münasibət bildirməyən vətəndaş əslində sabahı üçün daha böyük təhlükələr hazırlayır. Hakimiyyətin ən çox qorxduğu xalqın özünə inam hissinin formalaşmasıdır. ”Talana son!" mitinqinə cəmiyyətin göstərdiyi rəğbət iqtidarı özündən çıxardığı üçün artıq sosial şəbəkələrdə, yandaş mediada ucuz təxribatlarla məşğul olaraq xalqı çaşdırmağa çalışırlar. Bu təxribatı törədənlər çox böyük yanlışa yol verirlər. Çünki xalq artıq bu hakimiyyətin əsl mahiyyətini görür, bilir. Hamılıqla mitinqə qatılaraq rejim qarşısında millətin gücünü nümayiş etdirməliyik".
Milli Şura üzvü Mehriban Vəzir uzun illər aparılan həm daxili, həm xarici siyasətin yanlışlığına səbəbin vətəndaşların lazımi anda proseslərə münasibət bildirməməsi səbəbin olduğunu deyir:
“Yürüdülən bu antixalq siyasətdən əhali çox narazıdır. Hökumət nəzərə almalıdır ki, bu aqressiyanın sonu çox ağrılı ola bilər. Iqtidar nümayəndələri ciddi düşünməlidir. Xalqı bu qədər alçaldaraq sosial partlayışa zəmin hazırlamaq kökündən yanlış siyasətdir. Hesab edirəm ki, insanlar baş verənlərə lazımi hüquqi münasibətlərini bildirməlidirlər. 15 mart ”Talana son!" aksiyasının sifarişini verən xalq bu mitinqdə kütləvi şəkildə iştirak etməlidir. Mövcud vəziyyətdən yeganə çıxış yolu dinc, kütləvi etirazlara qoşulmaqdır. Təklikdə etiraz etmək, daxilimizdə aqressiya yaratmaq vəziyyəti dəyişməyəcək. Insanlar narazılıqlarını Milli Şuranın təşkil etdiyi bu mitinqə qatılaraq bildirməlidir".
AXCP Rəyasət Heyətinin üzvü Məşədi Vaqif Pənahov 15 mart mitinqinin kütləviliyinin xalqın özünəinam hissinin yaranmasına, yeni etiraz dalğasının formalaşmasına səbəb ola biləcəyini deyir:
“15 mart mitinqini faktiki olaraq xalq sifariş edib. Bu aksiyanın təşkilatçılığını Milli Şura öz üzərinə götürsə də, prosesə xalq qoşulmalıdır. Fevralın 21-i baş verən devalvasiya ilə xalqın cibinə girən hökumətə məsuliyyətini dərk etdirmək üçün hər kəs gərək bu aksiyada iştirak etsin. ”Talana son" aksiyasına hamılıqla qatılmasaq, hökumət düşünəcək ki, bu soyğunçu siyasətini davam etdirməlidir. Iqtisadçı ekspertlər də hesab edir ki, yaxın aylarda milli valyuta daha 15-20 faiz ucuzlaşdırılacaq. Mövcud iqtidar xalqın narazılığını görməsə,ÿheç bir gərəkli tədbirlər körməyəcək. Ölkənin bütün regionlarına müraciət edərək hər kəsi 15 mart mitinqinə qoşulmağa çağırıram".
Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlı 15 mart mitinqinin kifayət qədər izdihamlı olacağına inandığını deyir:
“Milli Şuranın 15 mart ”Talana son!" aksiyası milli valyutanın ucuzlaşdırılmasından sonra yaranan sosial sifariş əsasında təyin olunub. Hakimiyyət bu soyğunçu siyasətilə xalqın hər bir fərdinə maddi zərbə vurmuş oldu. Cəmiyyətin 15 mart aksiyasına göstərdiyi diqqət bu aksiyanın kifayət qədər kütləvi olacağını deməyə əsas verir. Hakimiyyətin narahatlığı da göz önündədir. Sosial şəbəkələrdə törədilən təxribatlar əksinə, insanların özünə inamının artmasına səbəb olub.
Mitinq Komitəsinin üzvü kimi əminliklə deyə bilərəm ki, 15 mart “Talana son!” mitinqi son illərin ən uğurlu aksiyası olacaq. Xalqın bu mitinqə müsbət reaksiyası, çağırışlara verilən müsbət cavablar, insanların bahalaşma siyasətinə daha susmaması, bu mitinqin kifayət qədər izdihamlı olacağına işarədir. “Talana son” aksiyası xalqın mitinqidir. Xalq ayaqda olmasa, bu təhqiramiz siyasət dayanmayacaq".
Milli Şura üzvü Nurəddin Mustafayev də hesab edir ki, bu mitinqə cəmiyyətdə yetərincə diqqət var və BŞIH ilə razılaşdırılmış bu aksiyaya qoşulmamaq üçün heç bir səbəb yoxdur:
“Biz sabahımızı, övladlarımızın gələcəyini düşünürüksə, 15 mart mitinqində iştirak etməliyik. Milli Şura Azərbaycan xalqının sifarişini nəzərə alaraq bu mitinqi təyin etdi. Ölkədə bu gün baş verənlərə biganə qalan vətəndaşın sabah kimdənsə küsməyə haqqı yoxdur. Milli Şura mitinqin ağırlığını çiyninə götürərək vətəndaşların səsini duyurmağa çalışacaq. Razılaşdırılmış bu aksiyaya qatılmamaq üçün heç bir bəhanə ola bilməz. Qanun çərçivəsində keçiriləcək ”Talana son!" mitinqində hər bir vətəndaşı fəal olmağa səsləyirəm".
Emil


