Caz Mərkəzinin rəhbəri Rəsul Cəfərovun məhkəməsində dindirilib

Insan Haqları Klubunun rəhbəri, vicdan məhbusu Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsi başa çatmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Ismayılovun sədrliyilə keçirilən dünənki iclasda daha üç nəfər – Rüfət Ələsgərov, Cavid Qurbanov və Pərviz Əzizov şahid qismində dindirilib.
Rüfət Ələsgərov Bakıdakı Caz Mərkəzinin rəhbəridir. Rəsul Cəfərov bu Mərkəzdə tədbir keçirib. Həmin tədbirdə xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edib.
Cavid Qurbanov və Pərviz Əzizov isə Rəsul Cəfərovun rəhbərlik etdiyi layihələrdə işləyiblər, bunun da müqabilində pullarını alıblar.
Adları çəkilən şəxslərin ifadəsindən sonra hakim Eldar Ismayılov məlumat verib ki, bu prosesdə zərərçəkmiş qismində tanınmış şəxslərin dindirilməsi başa çatıb, şahidlərdən isə yalnız Rəşad Şirinov qalıb. Lakin onun ölkədən kənarda olduğu bildirilir: “Lakin məhkəmədə bu barədə konkret sənəd yoxdur. Bir daha onunla əlaqə yaratmağa cəhd göstərəcəyik. Ölkədə yoxdursa belə, bu haqda müvafiq qurumlardan sənəd almalıyıq”.
Məhkəmə prosesi martın 31-dək təxirə salınıb.
Xatırladaq ki, Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub. Ona qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb. Lakin yerli və beynəlxalq ictimaiyyət hesab edir ki, bu ittihamlar saxtadır, onun həbsi hüquq müdafiəçisi kimi göstərdiyi fəaliyyət, xüsusən Azərbaycandakı siyasi məhbusların siyahısının hazırlanmasında iştirakı ilə bağlıdır. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Rəsul Cəfərovu “vicdan məhbusu” elan edib.
Aytən