ABŞ Məxfi Xidmətinin iki yüksək rütbəli əməkdaşı ilə bağlı təhqiqat başladılıb. Onlardan biri prezident Barak Obamanın şəxsi mühafizə xidmətinin rəis müavinidir. «The Washington Post»un yazdığına görə, sözügedən şəxslər gecə yarısı əyləncəli tədbirdən içkili vəziyyətdə çıxaraq hökumətə məxsus avtomobillə Ağ Ev ərazisində qəza törədiblər. Hadisə yerinə gələn polislər hər iki xəfiyyəni dərhal həbs edib içkili olub-olmadıqlarını müəyyən etmək istəsə də, rəis onların sərbəst buraxılmasını istəyib. Lakin sonradan hər iki şəxs saxlanılıb. Hazırda Milli Təhlükəsizlik Nazirliyi hadisə ilə bağlı təhqiqat başladıb. Məxfi Xidmətin rəsmisi Brayan Liri bildirib ki, hadisə araşdırılacaq və adekvat tədbir görüləcək.
Nümayəndələr Palatasının rəhbəri Jeyson Çaffet isə deyib ki, iri ranqlı iki xəfiyyənin belə bir insidentdə iştirakı utancvericidir və potensial təhlükədən xəbər verir.
Qeyd edək ki, bu, prezident və ailəsini mühafizə edən Məxfi Xidmət əməkdaşlarının ilk belə yanlış hərəkəti deyil. Bundan əvvəl – ötən ilin sentyabrında bıçaqlı şəxs Ağ Evin hasarından aşaraq içəri keçmişdi. Həmin vaxt Məxfi Xidmətin direktoru işdən azad edilmişdi. Tənqidlərdən sonra Obama bu vəzifəyə təcrübəli xəfiyyə Jozef Klensini təyin etmişdi. Klensi ona qədər Obamanın şəxsi mühafizə xidmətinin rəhbəri vəzifəsini tuturdu.
Gültəkin