«Atamın qətlində Putin günahkardır»

Janna Nemtsova: «Qatilin Zaur Dadayev olduğuna inanmıram»
 

«Çeçenistanda atama hörmət edirdilər»
 
Dünya mediası qətlə yetirilən rusiyalı müxalifət lideri Boris Nemtsovun qızı Jannanın fikirlərinə geniş yer ayırır. Bu dəfə «Bi-bi-ci»yə müsahibə verən J.Nemtsova atasının ölümündə Rusiya prezidenti Putinin siyasi baxımdan məsuliyyət daşıdığını bildirib: «Atam Putinin əsas tənqidçisi idi. O, yalnız Putinlə mübarizə aparırdı, başqa biri ilə yox. Və Rusiyada ən güclü müxalif lider idi. Onlar mənim atamı öldürüblər. Mən susa bilmərəm».
 
«Rusiyada ədalət yoxdur»
 
Qətldən dərhal sonra xaricə gedən Janna Rusiyaya geri qayıtmaqdan qorxmadığını deyib. O hesab edir ki, istintaq qətlin həqiqi təşkilatçılarını üzə çıxarmayacaq: «Eşitdiyimə görə, bəzi qərbli siyasətçilər beynəlxalq təhqiqat aparmaq istəyir. Bu çox düzgün addım olardı. Çünki Rusiyada nə ədalət, nə müstəqil məhkəmələr, nə də müstəqil təhqiqat var».
 
J.Nemtsova bəzi yerli KİV-lərin qətlin heç bir sifariş olmadan, Zaur Dadayevin şəxsi təşəbbüsü ilə həyata keçirdiyi barədə məlumatlarından heyrətə gəldiyini bildirib: «İstintaqçılar ifadəmi almaq üçün mənimlə heç əlaqə də yaratmayıblar. Qətl günü məni atamın yaşadığı evə buraxmadılar. Səhəri gün isə oradakı bütün texnika və sənədləri yığıb apardılar. İstintaq həqiqətin üzə çıxmasında maraqlı deyil».
 
J.Nemtsova qatilin təqdim olunduğu kimi, Zaur Dadayev olduğuna inanmadığını deyib: «Dadayevin Moskvanın mərkəzində, xüsusi mühafizə olunan bir yerdə atamı öldürməsinə inanmıram. Necə oldu ki, onun beyninə Nemtsovu öldürmək kimi bir fikir gəldi? Motiv nə ola bilərdi? Mən motiv görmürəm. Dini motiv isə qətiyyən ağlabatan deyil. Nemtsova Çeçenistanda da, İnquşetiyada da hörmət edirdilər. O, Çeçenistanda savaşın dayanmasına kömək edib və insanlar bunu unutmayıblar. Oradakı insanlar atama 90-ci illərdə hərbi münaqişənin qarşısını aldığına görə minnətdardılar».
 
"Özünüzü aldatmayın"
 
J.Nemtsovanın sözlərinə görə, atasının qətlə yetirilməsinin əsas səbəbi onun rejimlə barışmaz mübarizə aparması və kəskin tənqidləri olub: «Özünüzü aldatmyın. Hansısa fərqli epizodlar motivə xidmət etmir. Atam əvvəldən hakimiyyətlə heç bir kompromisə girmədi. O dəqiq şəkildə öz prinsiplərinə uyğun davranırdı».
 
Janna Nemtsova hesab edir ki, bu son fikirlərindən sonra Rusiya hakimiyyəti ona siyasi fəal kimi yanaşacaq: «Bu vaxta qədər siyasi fəaliyyətlə məşğul olmamışam. Amma bu qətl mənim həyatımı alt-üst etdi. Mən hələ də atamın öldürüldüyünə inana bilmirəm».
 
Gültəkin