İkinci belə qaz ölkəsini çətin taparsınız…

xaqaniquzeyli@gmail.com

Yəqin siz də fərqindəsiniz, son günlər ölkə telekanalları və iqtidar mətbuatı Avropanı əvvəlkitək yıxıb-sürümür. Bu da səbəbsiz deyil, çünki təxminən iki aydan sonra Bakıda 1-ci Avropa Olimpiya oyunları start götürəcək. Olimpiya oyunlarının ənənəsi belədir, yarışlar müddətində hər hansı bir zəmində münaqişə olmamalıdır. AzTV başda olmaqla digər telekanallar çox güman ki, iyula qədər Avropa dağılsa belə, bu faciəyə reaksiya verməyəcəklər. Oyunlara gəldikdə isə, bu haqda müxtəlif fikirlər mövcuddur, kimi deyir bu oyunlar bizə lazım deyildi, əlavə xərcdir, kimiləri isə əksinə, bu tədbirin Azərbaycanın beynəlxalq imici üçün vacib olduğu düşüncəsindədir. Bəri başdan deyim ki, mənim fikirlərim çox güman ki, hər iki tərəfi razı salmayacaq, çünki mən məsələyə tamam fərqli yanaşma ortaya qoymağa çalışacam. Tam təsəvvür yaratmaq üçün əvvəlcə iki kiçik haşiyəyə çıxmaq istəyirəm…
Naxçıvanı Texasla müqayisə edən Tomas adlı amerikalı jurnalisti yəqin ki, çoxlarınız xatırlayırsınız. Ildə bir dəfə Naxçıvana gəlir, buradakı görməli yerlərdən yazır, kabab yeyir, pivə içib qayıdır. Vasif Talıbovun şəxsi dostu olan Tomun Naxçıvanda xüsusi statusu var, toxunulmazdır. Çünki o, Muxtar Respublikanın siyasi həyatından, boşalmış kəndlərindən yazmır. O, sadəcə Vasif Talıbovu və Naxçıvanı vəsf edir. Nəyin xatirinə, bunu sadəcə Tom, Vasif bir də Allah bilir… Biz Tomun Naxçıvan sevgisinin arxasında nəyin durduğunu sadəcə təxmin edirik. Nə isə, keçək ikinci haşiyəyə…
“12 stul” filminin ən maraqlı epizodlarından biri, heç şübhəsiz, baş qəhrəman, dahi kombinator Ostap Benderin ucqar Vasyuki kəndində şahmat həvəskarları ilə görüş səhnəsidir. Kənd əhalisinin şahmat xəstəliyinə tutulduğunun fərqində olan dahi fırıldaqçı bundan istifadə etməyi qərara alır. Ömründə cəmi bir dəfə şahmat oynayan Ostap yerli sakinlərə özünü beynalxaq şahmat ictimaiyyəti ilə əlaqələri olan şahmat dahisi kimi qələmə verir. Əslində isə, onun məqsədi sadəlövh sakinlərdən pul qoparmaq idi və o buna uğurla nail olur…
Mən o fikirdə deyiləm ki, Azərbaycan iqtidarı sadəlövh, bu yarışın Azərbaycanda keçirilməsində rolu olanlarsa müasir “ostap bender”lərdir. Müasir dünyanın dahi kombinatorlarından biri olan Kojennının Azərbaycanda nə günə düşdüyü hamıya bəllidir. Sadəcə iqtidar düşünür ki, bu yarışı keçirməklə insan haqları və demokratiya sahəsindəki tənqidlərdən yayınmaq mümkün olacaq.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki son günlər Ostap Benderə bənzəməyə başlayıb. O indidən yarışların beynəlxalq nüfuza malik olmadığını, hardasa qeyri-rəsmi, kobud desək, avantüra olduğunu dolayısı ilə, etiraf etməyə başlayıb. Sözümü qəribçiliyə salmayın, mən bu Patrikdən artıq şübhələnməyə başlamışam…
Əvvəla onu deyim ki, yarışları keçirən qurumun özü də simvolikdir və Avropanın milli olimpiya komitələri arasında əlaqələndiricisi rolunu oynamağa çalışır. Belə ki, Milli Olimpiya Komitələri öz işlərini birbaşa Beynəlxalq Olimpiya Komitəsi ilə qurur və onların direktivləri əsasında fəaliyyət göstərir.
Patrik Hikki son açıqlamaları ilə sözün əsl mənasında məsuliyyətdən qaçmağa çalışır. Bunu növbəti yarışların harada keçirilməsi ilə bağlı suallara verdiyi cavablarda açıq-aydın sezmək mümkündür. Təsəvvür edirsinizmi, reqlamentə görə, Oyunlara növbəti evsahiblik edəcək ölkənin adı bir aya açıqlanmalıdır, amma ortalıqda kimsə yoxdur. Patrik Hikki deyir ki, hələlik heç bir ölkə bu yarışa yaxın durmur. Göndərilən dəvətnamələr cavabsız qalıb. Ikinci Avropa Oyunları keçirilməyə də bilər. Çox güman ki, ikinci bir Azərbaycan tapmaq Patrik üçün çox çətin olacaq. Bunu gözəl dərk edən AOK prezidenti indidən özünü sığortalamağa çalışır, deyir ki, ikinci Avropa oyunları fərqli olacaq… Uzun sözü qısası, ümid qalıb Nazarbayev və… tükənməz qazı olan Berdimühəmmədova… Fikirləşirəm ki, Patrik məhz ikincini nəzədə tutaraq dedi ki, yarışlara qeyri-Avropa ölkəsi də ev sahibliyi edə bilər…
Bütün bunlara baxmayaraq, yarışların keçirilməsi Azərbaycana diqqət baxımından əhəmiyyətli məsələdir. Avropada ən çox siyasi məhbusu olan bir ölkədə bu yarışın keçirilməsinə dünya ictimaiyyətindən fərqli münasibətlər sərgilənir.  Rejim get-gedə anlamağa başlayır ki, siyasi məhbusları azad etməklə, yarışı bir az urvatlı etmək olar.  
Oyunlara çəkilən pullara da heyfsilənməyə dəyməz. Onsuz da 20 ildir bu pullar “harasa gedir”. Bir neçə stadion, onlarla idman qurğusu isə qalacaq.
Bunun nəyi pisdir ki…