Qarabağ qaziləri deputatı yalan danışmaqda ittiham etdi
Uzun müddətdir şəhid ailələri və müharibə əlillərinə ödənilməli olan sığorta haqqı verilmir. Hətta şəhid ailələri haqlarının bərpa olunması üçün dəfələrlə etiraz aksiyası da keçiriblər. Amma xalqa pul xərcləməyi sevməyən hökumətimiz hələ də məsələni həll etmir. Hakimiyyət müxtəlif bəhanələr gətirərək, hayatını bu vətənə qurban verənlərin çağırışına səs vermir.
Bugünlərdə Milli Məclisin sosial siyasət komitəsinin sədri Musa Quliyev də bu məsələyə münasibət bildirib və qeyri-müəyyən cavablarla hakimiyyəti sığortalamağa çalışıb: “Problemin səbəbi sosial sığorta almalı olan hərbi qulluqçularının özlərinin və ya yaxınlarının vaxtında müraciət etməməsidir.2013-cü ildə sığorta haqqının ödənilməsi müddəti limitsiz olması ilə bağlı qanunvericilikdə dəyişiklik edilib. Yəni sığorta haqqının 2 il müddətinə alınması ilə bağlı məhdudiyyət qaldırılıb. Bundan sonra isə kütləvi şəkildə sığorta haqlarının alınması ilə bağlı müraciətlər başlanılıb. Amma burda da başqa bir problem ortaya çıxıb. Məsələ ondadır ki, 2006-cı ilə qədər sığorta 1100 manat dəyərində, 2006-cı ildən sonra isə 11000 manat dəyərində olub. Həmin vaxt ayrılmış vəsait 1100 manat olduğu üçün Dövlət Sığorta Şirkəti bu vəsaiti onların istədiyi 11000 manat miqdarında ödəyə bilmir. Azərbaycan dövləti öz vətəndaşını heç vaxt köməksiz buraxmır və onun üçün həmişə ən yaxşı olanını edir. hazırda bu problemlə Milli Məclisin iştirakı ilə Nazirlər Kabineti ciddi məşğul olur. Yəqin ki bu problem həllini tapacaq”.-deyə Musa Quliyev bildirib.
Millət vəkili əsaslandırmağa çalışır ki, ötən 20 il müddəti kifayət etməyib və bu məsələ üzərində iş gedir. Bəli, tibbi sığorta, rəqabət məcəlləsi, evlərin sənədləşdirilməsi, gəlir deklorasiyası kimi bu məsələnin həllinə ümid etməliyik.
Millət vəkili daha sonra problemin həll olunmaması kimi məbləğin artmasını göstərir və dövlətin bunun ödəyə bilmədiyini söyləyir. Bu qədər absurd əsaslandırma necə mümkün olur? Dünyanın lider dövləti, analoqu olmayan inkişafın nümunəsi sayılacaq ölkə, 140 milyon vəsaiti niyə ödəyə bilmir?
Əslində biz Musa Quliyevə inanardıq. Amma ortada təkzib olunmaz faktlar var. Necə olur ki, prezident özünə 245 milyolnuq təyyarə ala bilir, Avropa oyunlarına 8 milyard xərcləməyə pul tapılır, abadlıq işlərinə yarım milyard sərf edilir, amma şəhid ailəsinə verməyə pul tapılmır? Hər hansı yol qovşağının tikintisi üçün 10 qat artıq vəsait mənimsənilir, amma şəhid ailəsini 10 dəfə artmış sığorta pulunu vermək mümkün olmur?
Dünyanın hər yerində milyonluq villalar almağa, ölkənin hər yerində milyonlarla manata başa gələn parklar tikməyə pul tapılır, düşmənlə döyüşdə şəhid olanlara 100 milyon tapılmır.
Hər il “Gül bayramı” adı altında 10 milyonlarla vəsait talan edilir. Amma 13500 şəhid ailəsinə 11000 manat ödəməkdən imtina edilir. Guya, Milli Məclis bu məsələyə baxacaqmış, guya şəhid ailələri vaxtında müraciət etməyib. İndiki müraciət ediblərsə, illərlə müzakirə aparmağa nə ehtiyac var? Bu məsələ də Qarabağ məsələsi deyil ki, Rusiyanın himayəsinə sığınıb, Qərbdən torpaq tələb edəsiniz?
Avropa oyunlarına gələcək erməni heyətin xərclərinin ödəmək mümkün olursa, erməni ilə döyüşdə şəhid olanların haqqı niyə ödənməməlidir? Şəhidin haqqını verməmək üçün məhkəməyə, Nazirlər Kabinetinə, Milli Məclisə “pas” ötürüb vaxtı uzatmaq qərarı veriblər.
Yaxşı olar ki, millət vəkili hakimiyyətin biabırçı əməlini ört-basdır etməkdən imtina etsin. Çünki, şəhid ailələrinə ödəniləcək məbləğ, bu hakimiyyət üçün tum puludur. Sadəcə olaraq, xalqdan başqa hər kəsə və hər yerə xərcləməyə hazırdılar.
Onu da qeyd edək ki, Musa Quliyevin səsləndirdiyi fikirlərə Qarabağ qaziləri də münasibət bildirib və deputatı yalan danışmaqda ittiham ediblər.
Qarabağ qazilər birliyinin sədri Etimad Əsədov bildirib ki, Musa Quliyevi Konstitusiya məhkməsinin qərarına hörmət etməməkdə və yanlış izahatda suçlayıb: “Şəhidin balasına çatacaq pulu uzun illərdir verməmək bir yana qalsın, hələ bir bunun günahını da o insanların üzərinə atmaq, o tərəfə-bu tərəfə çəkib oyun oynamaq heç də yaxşı iş deyil. Sadəcə, ayıbdır!”.
“Vətən Müharibəsi Əlilləri” Birliyinin sədri Firudin Məmmədov isə Musa quliyevin toxunduğu bütün detalların yalan olduğunu söyləyib: “Fikir verin, qanunda yanlışlıq edib, əslində o illərdən bəri sosial sahədə çalışan və bir dəfə də olsun bunu qaldırmayan bir adam deyir bu sözləri. Əslində sığorta şirkəti bu günə qədər məhz 1997-ci ildəki həmin qanunu bəhanə edərək pulu ödəməkdən yayınıb, onlar zatən heç bir halda 2013-cü ildəki dəyişikliyə istinad etməyib. Biz məbləğin hissə-hissə ödənilməsinə də razıyıq”.
S.Novruz