Hakimiyyət Avropa oyunlarına hansı mahiyyətlə gedir?

Təzə libas geyinmək, köhnə fikirliliyi sığortalaya bilməz

 
Mövcud hakimiyyətin bugünə qədər inkişaf kimi təqdim etdiyi bütün layihələr, hər zaman ifşa ilə nəticələnib. Belə ki, cəmiyyətə bəh-bəhlə sırınan  layihələrin arxasından korrupsiya, saxtakarlıq, qeyri-dəqiq informasiyalar boylanıb. Zaman-zaman bəlii olub ki, hakimiyyət dünyanın müxtəlif yerlərində milyardlar xərcləyərək öz imicini formalaşdırmağa, tərif almağa çalışıb. Amma bu əziyyətlər  fayda verməyib və həqiqət üzə çıxıb. Beynəlxalq hesabatlar, “Vikiliks” saytının açıqlaması, araşdırmaçı jurnalistlərin ortaya çıxardığı faktlar təsdiqləyib ki, bu hakimiyyət üçün millətin və dövlətin maraqları əsas deyil.
Son olaraq isə Avropa oyunları gündəmə gəldi. Ölkənin sosial-iqtisadi böhranla üzləşdiyi bir dövrdə milyardlar havaya sovrulur. Məlum olur ki, ölkəmizə gələn bütün heytəin xərclərini Azərbaycan ödəcəyək. Üstəlik, Avropa oyunları üçün tikilən obyektlərdə nə qədər mənimsəmə olduğu ortaya çıxır.
Ölkə müxalifəti, tənqidi media da haqlı olaraq bu israfçılığa etiraz edir. Çünki, bu pullarla milyonlarla vətəndaşın problemini həll etmək, şəhid ailələrinin 20 ildir yubadılan sosial sığorta haqqını ödəmək,  iş yerləri açmaq, əmək haqlarını artırmaq olardı.
Amma hökumət təmsilçiləri  Avropa oyunlarını Azərbaycanın uğuru kimi təqdim edir, müxalifəti bu uğura kölgə salmaqda suçlayır  və Azərbaycandakı inkişafın dünyaya səs salacağını iddia edirlər.
Bəs, Azərbaycan hakimiyyəti  Avropa oyunlarına hansı uğurla, hansı  imiclə gedir?
Ola bilər ki, Azərbaycana ayaq basan Avropalı ilk baxışda  zahiri görünüşə aldansın. Amma qısa zaman kəsiyi kifayət edəcək ki, həqiqətlər özünü göstərsin.
Çünki,  Azərbaycan Avropa oyunlarına 100-ə yaxın siyasi məhbusla, şikəst iqtisadiyyatla, xəstə səhiyyə ilə, elmsizliklə, təhsilsizliklə gedir. Çünki, Avropa oyunlarına ev sahibliyi edən ölkədə minlərlə vətəndaşın evi yoxdur,  şəxsi mülkiyyətə zəmanət verilmir, bütün sahələr məmurların inhisarındadır, müəllim, həkim, təqaüdçü dilənçi vəziyyətinə salınıb, ölkə əhalisinin yarısı kredit borcu ödəyir, deputat mandatı pulla satılır, bütün strukturlar rüşvətə qurşanıb, fərqli fikir məhv edilir.
Hakimiyyət elə düşünür ki, Avropalıları Analoqsuz inkişaf nağılı ilə aldatmaq mümkündür. Amma Azərbaycandan Avropa Məhkəməsinə 1000-lərlə analoqu olmayan şikayətlər yollanıb. Avropa Oyunlarının keçirildiyi ölkədə jurnalisti öldürürlər, şərləyib həbs edirlər, azad mətbuatı qeyri-qanuni yollarla sıradan çıxarırlar, tənqidi fikrər görə gəncləri şərləyirlər.
Hakimiyyət  Avropa oyunlarına  milyarder məmurlar, səfalət içində yaşayan xalqla gedir.  Demokratiyadan, insan haqlarından imtina edib, bəşəri dəyərləri ləkələyib, Avropa oyunlarına getməyin nə mənası var?
Qarabağ qazisini intihara məcbur edib, şəhid ailələrini 11 manata möhtac qoyub, Avropa oyunlarına milyardlar xərcləmək xəyanətdir. Heç bir Avropalı öz ölkəsində bu rəzillik qarşısında susmaz.
Xalqı “böhran bizə təsir etməyəcək”, “milli valyuta sabit qalacaq” deyərək aldadanlar, hansı üzlə Avropa oyunlarına can atır?
Axı bu hakimiyyət Avropalıların qarşısına  Olimpiya stadionundan, Alov qüllələrindən, bayraq dirəynidən başqa nə qoya bilər?  
İndi də Siyavuş Novruzovlar dilə gələrək, Azərbaycana qarşı kampaniyanı müxalifətin üzərinə yükləmək istəmir. Sanki, manatı qiymətdən salan, ərzaq məhsullarının qiymətini artıran, iqtisadiyyatı monapoliyaya alan, insanları şərləyib həbs edən,  dünyanın hər yerində malikanələr tikdirən, offşorlara pul daşıyan müxalifətdir. Beynəlxalq aləm məhz bu faktlara görə Azərbaycanı tənqid edir ki, bu da  hakimiyyətin adı ilə bağlıdır. 
Yəni, milyardlar xəərcləmək, stadionlar tikdirmək, Avropadan gələnlərin xərcini ödəmək, həqiqətləri dəyişmir.  Reallıq göz önündədir. Ortada vətəndaşa ağır zərbə vurmağın, dövləti gözdən salmağın nümunələri var.
 Bu qədər israfçılıqdan sonra dünya qarşısına müsbət imiclə çıxa bilsəydik, bu qədər yanmazdıq. Sözün bütün mənalarında Avropa oyunların əli boş gedirik. Nə xalqa verəcək pulumuz, nə də dünyaya təqdim etməyə demokratiyamız yoxdur.
Akif