15 mart mitinqinə qarşı növbəti təxribat

Cəmil Həsənlinin adından yalan məlumat yayıldı; Əli Kərimli xalqa çağırış etdi

Milli Şuranın 15 mart mitinqi ilə bağlı növbəti informasiya təxribatı törədilib. Milli Şuranın sədri Cəmil Həsənlinin adından onun facebook səhifəsində belə bir məlumat yerləşdirilib ki, guya Bakı Şəhər İcra Hakimiyyəti 15 mart mitinqinə razılıq verməyib və aksiyanın 22 marta keçirilməsini tövsiyə edib, Milli Şura da aksiyanın vaxtını martın 22-nə dəyişib.

Cəmil Həsənli bununla bağlı azadliq.info-ya deyib ki, onun adından yayılan məlumat yalandır. Belə ki, onun facebook səhifəsinə müdaxilə olunub, bu saxta məlumat orada yerləşdirilib. Bundan başqa onun səhifəsindən həm 15 mart mitinqi üçün, həm də bundan əvvəl yaradılan dəvətlərin hamısı ləğv edilib.

15 mart mitinqi ləğv olunmayıb

15 mart mitinqinə qarşı informasiya təxribatı ilə bağlı AXCP sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli çağırış edib. O, facebook səhifəsində yazır:

“Dostlar, hökumətin yeni təxribatı ilə üzləşmişik. Xüsusi xidmət orqanları Milli Şura sədri Cəmil Həsənlinin facebook hesabını və səhifəsini ələ keçirib. 15 mart mitinqinə çağırış eventinin əvvəlcə vaxtını dəyişdilər, sonra isə eventi ləğv etdilər. Bu hərəkət müxalifətə qarşı dövlət səviyyəsində təxribatdır. 15 mart mitinqinin kütləvi alınmasından qorxuya düşüblər. Siyasi üsullarla rəqabətə qabiliyyətləri çatmadığından belə səviyyəsizlik edirlər.

15 mart mitinqi ləğv olunmayıb, vaxtı dəyişməyib. Düzdür, Bakı Şəhər İcra Hakimiyyəti hələ müraciətimizə cavab verməyib. Amma böyük ehtimalla mitinqimizə razılıq veriləcək. Ona görə də belə yalan məlumatlarla çaşqınlıq yaratmaq istəyirlər ki, mitinqə çox adam gəlməsin. İndi əmin oldunuzmu ki, hökumət xalqın hamılıqla hüquqlarını tələb etməsindən qorxur. Onları güclü edən bizim indiyəqədərki biganəliyimiz, özünə inamsızlığımız olub.

15 mart hakimiyyəti məyus etmək üçün, hüquqlarımızı uca səslə tələb etmək üçün bir fürsətdir! Hökumətin bu cılız hərəkətlərinə inad olaraq Milli Şuranın 15 mart, saat 15:00-da “Məhsul” stadionunda (İnşaatçılar metrostansiyası yaxınlığında) keçiriləcək mitinqinə hamı qoşulsun!”.

Yalnız Mitinq Komitəsinin məlumatlarına inanın

Mitinq Komitəsinin rəhbəri Fuad Qəhrəmanlı da 15 mart aksiyası üçün BŞİH-dən hələ cavab almadıqlarını deyib. O, çağırış edib ki, aksiya ilə bağlı yalnız Mitinq Komitəsi adından yayılan məlumatlara istinad olunsun. Mitinq Komitəsinin yaymadığı heç bir məlumat rəsmi xarakter daşımır.